Azərbaycanın müasir sənaye mərkəzlərindən olan Sumqayıt bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər olan Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir. Özünəməxsus inkişaf yolu keçən Sumqayıt şəhəri yarandığı zamandan inkişaf mərhələləri keçmişdir. 1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilib. Tez bir zamanda Sumqayıt Alüminyum zavodu, elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir. Burada Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanılıb. Bir-birinin ardınca yeni müəssisələr - kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.
MÜASİR TEXNOLOGİYA ƏSASINDA YENİDƏN QURULAN ŞƏHƏR
Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə Sumqayıtda olmuş, bu şəhərin iqtisadi və mədəni inkişafına, elm və mədəniyyətinin tərəqqisinə daim yüksək qayğı və diqqət göstərmişdir. Ümummilli Liderin Sumqayıtın inkişafı ilə bağlı həyata keçirdiyi bütün tədbirlər sumqayıtlıların yaddaşına əbədi həkk olunmuşdur. Xalqımız milli müstəqilliyə nail olduqdan sonra Ulu Öndərin Sumqayıta diqqət və qayğısı daha da artmışdır. Bu gün Sumqayıtın sosial-mədəni həyatında mühüm irəliləyiş və dəyişikliklər baş verir, şəhər yeni bir inkişaf mərhələsini yaşayır. Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyevin Sumqayıt şəhərinə olan diqqət və qayğısı da davamlıdır. Son bir neçə ildə inşa edilən müxtəlif idman kompleksləri, sənaye obyektləri, təhsil və tibb ocaqları, mədəni mərkəzlər bu qayğının parlaq təzahürüdür.
Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində "Sumqayıt Texnologiyalar Parkı" və "Sumqayıt Kimya Sənaye Parkı", həmçinin digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiyaya əsasında yenidən qurulmuşdur.
Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri vardır. Sumqayıtda Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu, "Azərikimya" İstehsalat Birliyinin Dövlət Layihə İnstitutu və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Neftqazavtomat" Elm İstehsalat Müəssisəsi fəaliyyət göstərir.
CƏNUBİ QAFQAZDA ƏN BÖYÜK SƏNAYE PARKI
Bu günlərdə, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Bu gün "Azərbaycan Vanhong Ceramics Co." MMC, "Novus Plastica" MMC və "UPI - Universal Packing Industry" QSC-nin açılışı ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixracın payına düşür. Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 milyon manatlıq hissəsi ixrac olunub. Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.
Prezident İlham Əliyev əvvəlcə parkda "Çinar-Servis" İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib. "Çinar-Servis" 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq. İnvestisiya həcmi 13,3 milyon manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır. "Çinar-Servis" tərəfindən istehsal olunan sənaye qazları ölkəmizdə bu məhsullara tələbatı ödəməklə yanaşı, Gürcüstana, Türkiyəyə, Rusiyaya da ixrac ediləcək. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də "Novus Plastica" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Prezident İlham Əliyev "Novus Plastica" MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını edib. "Novus Plastica" MMC-yə 2020-ci ilin avqustunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
"İŞ YERLƏRİNİN YARADILMASI PROQRAMIMIZA DA NÖVBƏTİ TÖHFƏDİR"
Daha sonra Prezident İlham Əliyev "Universal Qablaşdırma Sənaye" Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışını edib. Sənaye parkının bir hektar ərazisində inşa edilmiş müəssisədə qablaşdırmada istifadə olunan qofro karton, fayl və digər məhsullar istehsal ediləcək. İtaliya və Çin texnologiyalarının tətbiq edildiyi müəssisədə 20 çeşiddə məhsul istehsal olunacaq. Ümumi investisiya dəyəri 4,8 milyon manat olan müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçilərin sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur. Daha sonra "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. Sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək. Yüz faiz Çin kapitallı müəssisə üçün investisiya dəyəri 40 milyon ABŞ dolları, işçi sayı 400 nəfər nəzərdə tutulsa da, hazırda müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 484 nəfər işlə təmin olunub. Cənab Prezident bildirib ki, "İş yerlərinin yaradılması proqramımıza da növbəti töhfədir. Əlbəttə ki, belə müəssisələr Çin-Azərbaycan dostluğunu daha da gücləndirir. Bu zavod cəmi bir il yarıma inşa edildi. Yəni, ilyarım bundan əvvəl mən onun təməlini qoymuşam." İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
Sumqayıtda "Kartaş Kimya" MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlinin qoyulması da istehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
MÜASİR İDMAN KOMPLEKSLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb. Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub. Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir.
Özünün yeni inkişaf dövrünü yaşayan Sumqayıtın sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Nəzakət ƏLƏDDİNQIZI