Qədim qalaları, türbələri, mağaraları, körpüləri ilə tarixin özüdür Qubadlı. Əsrlərin o üzündən boylanan, qədimdən qədim tarixi, gözəllikləri-dağları, dərələri, meşələri, fauna və florası, çayları, təbii zənginliyi ilə şiş dağları, əraziləri, sıldırım qayaları, bu qayaların sinəsinə pərçimlənmiş evləri, yetirdiyi-bitirdiyi nemətləri ilə bir başqadır Qubadlı. Bu qədim yurdun gözəlliklərinə üç illik Zəfəri-azadlığı isə daha bir füsunkarlıq qatır... Günün mübarək, Qubadlı!
Ali Baş Komandandan Qubadlı xəbəri
2020-ci il oktyabrın 26-sı Azərbaycan tarixinin növbəti şanlı səhifəsinə çevrildi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti yenə də işğaldan azad edilən ərazilərimizin xoş müjdəsi ilə bitdi: “İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!
Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Ali Baş Komandan, Prezident cənab İlham Əliyev həmin gün Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi də təbrik etdi. Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı. Təbrik və təşəkkürlərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırdı.
Əsrlərin o üzündən boylanan QUBADLI
IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, Muradxanlı kəndindəki V əsrə aid “Qalalı”, Əliquluuşağı kəndindəki “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Yazı düzündəki “Cavanşir” türbəsi, Hacı Bədəl, Laləzar körpüləri, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr, Gürcülü kəndində olan XVII əsrə aid türbə, XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbə, ərazisində inşa olunan yaşı bir əsrdən artıq ilk dünyəvi məktəb Qubadlının qədim tarixindən danışır. Bu yurdun elm, mədəniyyət mərkəzlərindən, tarixi-dini abidələrindən, insanların ibadətindən, xüsusi maraq doğuran “Qubadlı” toponiminin mənşəyindən söhbət açır.
Tarix danışır, Qubadlının 1993-cü ildə işğalı ərəfəsində rayona çox yaxın yerdə, Hacılı kəndi yaxınlığında bir qazıntı yerində Sasani şahı Qubadın (488-531) adından zərb edilmiş 60-a qədər gümüş sikkə nümunələrinin tapıldığını, dəfinənin olduğu küpün hündürlüyünün 10,5, oturacağının diametrinin 6,5 santimetr olduğundan söhbət açır. Tarixçilər sübut edir ki, bu sikkələr 521-522-ci illərdə kəsilmişdir. Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsa da, yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Tədqiqatçıların araşdırmalarında Qubadlı əvvəllər Azərbaycanın şimalında mövcud olan Albaniyanın tərkibində olduğundan, sonra ərəb xilafətinin əsarəti altına düşdüyündən, xilafətin süqutundan sonra, IX-X əsrlərdə Sasanilərin, X əsrdə Sacilərin, XI-XII əsrlərdə Şəddadilərin, XII-XIII əsrlərdə Atabəylər-Eldəgizlərin, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil edildiyindən danışır. Bu tarix qərbdən 120 kilometr məsafədə Ermənistanla, şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəd olan Qubadlının Azərbaycanın qədim yaşayış məskənlərindən olduğunu hər daşı, qayası, bu torpağın hər qarışı ilə sübut edir.
Qubadlı şəhəri Qubadlının açarıdır
Qubadlı haqqında bir yazıda oxuyuram: “Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan... sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər... gözəlliyi idi”. Bu yazı o vaxt yazılmışdı ki, rayonun olduqca gözəl təbiətinin yetirdiyi meşələr ermənilər tərəfindən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınırdı. Bu, müəllifin yanğısı idi, dağıdılan meşələr fonunda Qubadlının gözəlliklərinin ürək yanğısı ilə vəsfi idi. Sanki bu gözəl məkana bir təəssüf hissi idi o cümlələr...
2020-ci ilin 25 oktyabrında Qubadlının işğaldan azad edildiyi gün isə mən yazırdım: əziz müəllif, artıq “idi”lər arxada qaldı. Qubadlı şəhəri bütün rayonun açarıdır ki, o açarı da milli ordumuzun qəhrəman əsgər və zabitləri əldə ediblər. Bu, bir möcüzədir. Qədim Azərbaycan nağıllarında divin əlindən igidimiz tərəfindən padşahın qızının alınması kimi... Məmləkətə gələn suyun qarşısını kəsən əjdahanın igid oğlan tərəfindən öldürülüb suyun qarşısını açması kimi... Qubadlının-bu gözəlliklər məkanının açarı da 30 il ərzində bu əzəli, həm də strateji əhəmiyyətli torpağımızda keçilməz barrikadalar yaratmış ermənilərin əlindən alındı. Bu açar inzibati bölgüsünə 1 şəhər, 93 kəndin aid olduğu Qubadlının yaxın günlərdə işğaldan tamamilə azad olunacağının rəmzidir.
2023-cü il, 25 oktyabr: o zaman elə düşündüyümüz kimi də oldu. Qubadlı tamamilə erməni işğalçılarından azad edildi. Budur, üç ildir ki, həmin Zəfərin sevincini, qürurunu yaşayırıq.
Gözəlliklər məkanı yurd yeri
Uzun illər sonra bu gözəl məkanın illərdən bəri susan iki böyük dağ çayı- Həkəri və Bərgüşad çağladı. Öz mənbəyini Kəlbəcərdən götürən, Araza qovuşana kimi bir çox dağ çaylarına da qoyun açan, illərdir suları həm Kəlbəcərin, həm Qubadlının göz yaşı olan Həkərinin, mənbəyi Ərikli dağlarından başlayan Bərgüşadın suları göz yaşından arındı. Dağ bulaqlarından süzülüb gələn sulardan, Dəli çaydan, Şəki çaydan, Sisyan, Taxtakörpü çayı, Daşlı dərə, Bəxtiyarlı, Ağa çaylarından güc alan Bərgüşad və Həkəri Qaralar kəndinin yaxınlığında birləşib Araza qovuşdu. Axı onlar da bu yurdun insanları kimi məskənlərindən dərbədər edilmişdi. İnsanların taleyinə qaçqınlıq, köçkünlük yazıldığı kimi, çayların da axınının səmti dəyişdirilmişdi. Qubadlılılar illərlə Vətəninin ayrı-ayrı yerlərində yurd həsrətlilərinə çevrildikləri kimi, Qubadlının çayları, bulaqları, meşələri, ağacları, bitkiləri öz yurdlarında qəribçilik ömrü yaşamağa məhkum olunmuşdular. Hələ üstəlik meşələr düşmən əli ilə Vətəndən kənara çıxarıldı, bitkilərin kökü kəsilərək Qubadlıya həsrət qaldı, çaylar öz məhvərindən çıxarıldı.
İqlimi əsasən mülayim isti və quru subtropik olan rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Buradakı 13,2 min hektar meşə sahəsi dağlıq yerləri öz örtüyünə bürümüşdür. Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqlar can dərmanıdır. Qubadlılılar taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olurdular. Yaxın gələcəkdə-qubadlılıların yurdlarına gönmələri onların həm öz ömrünə, həm də torpaqlarına, təsərrüfatlarına yeni həyat gətirəcəkdir. Bu zəngin yurdun torpaqları taxıl zəmilərinə, üzüm, barama, tütün sahələrinə bürünəcək, dağlarının yamaclarından yenidən qoyun-quzunun, mal-qaranın səsi gələcəkdir. Çobanların neyindən süzülən “Qarabağ” şikəstəsi doğma səsə 30 illik təşnə yurdun bu həsrətini vüsala çevirəcəkdir.
Qubadlıda böyük işlənməmiş əqiq yatağı, mərmər karxanası da var idi, indi qalırsa əgər... Qalmasın heç, qoy gözüaclar, bu xalqın hesabına torpaq sahibi olanlar onları da aparmış, talamış, satmış olsunlar. Təki torpağımız azad olsun. Çünki Azərbaycan xalqı üçün torpaqdan qiymətli heç nə yoxdur.
Bu yurd Əliyar, Şükür, Nəbi yurdudur
Bu yurd 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu döyüşçüləri ilə vurub salan, avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edərək bir gün ərzində ermənilərin 80-dən çox canlı qüvvə və bir neçə texnikasını məhv edən, düşmənin Gorusun Şurnuxu kəndindəki postunu darmadağın edən, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edən I Qarabağ müharibəsi iştirakçısı, milli qəhrəman Əliyar Əliyevin yurdudur.
Bu yurd “Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşğınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələ təpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad etdilər. Bir saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı.” Düşmən yaxşı döyüş aparsaydı, bu daha zövqlü olardı”,- deyən qəhrəmanlığı ilə erməniləri qorxuya salan II Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman, 23 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şükür Həmidovun yurdudur, XXI əsrin qəhrəmanlarının yurdudur.
Bu yurd vaxtilə çar hökumətinə, zülmkar mülkədarlara qarşı mübarizə aparan, bir də elə qonşuluqdakı erməniləri cızıqlarında saxlayan, Naxçıvan və Zəngəzur mahallarında qaçaqlıq edən Qaçaq Nəbinin yurdudur. 20 il çar hökumətinin məhv etməyə çalışdığı, lakin bacara bilmədiyi, başına topladığı igidlərlə insanların haqqı olanlarını ədalətə çevirən, Azərbaycan xalqının unudulmaz xalq qəhrəmanı Qaçaq Nəbi, Qoçaq Nəbi... Elimizin özü kimi mərd qızı Həcərlə hünər meydanında qoşa adımlayan, düşmənə bu Vətənin XIX əsr vətənpərvərlik nümunəsini sərgiləyən, adına dastanlar, nağıllar, şeirlər yazılan, hər bir azərbaycanlının qəlbində yaşayan Qaçaq Nəbinin yurdudur, Qubadlı. Yəqin ermənilər yaxşı xatırlayar:
Nəbinin birçəyi oyma-oymadı,
Qırdı saldatları, birin qoymadı.
Bu davada Nəbi tufan eylədi,
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi yenə bir ad eylədi,
Erməni Ginkuru bidad eylədi.
Gələcəkdi Əliyarın, Şükürün, Nəbinin davamçıları bir gün bu Vətəni, bu yurdu erməni zorakılığından xilas etməyə. Bunu ki ermənilər yaxşı bilirdilər. Gəldilər də, üç il öncə onlara Suqovuşanda, Füzulidə, Cəbrayılda, Hadrutda, Zəngilanda, Kəlbəcərdə, Şuşada və Qubadlıda elə bir dərs verdilər ki, tarix durduqca xatırlayacaqlar.
Mətanət Məmmədova
P.S. Ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” 24 noyabr 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq işğaldan azad edilmiş ərazilərdə, eləcə də Qubadlıda təmir-quruculuq işləri yüksək keyfiyyətlə icra olunur. Burada yol infrastrukturu, elektrik enerjisinin yüksək səviyyədə verilməsi üçün yarımstansiyar, şəhərin Baş Planına uyğun aparılan bütün bərpa-quruculuq işləri müasir tələblərə uyğun qurulur və “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarına əsaslanır. Görülən bütün işlərin fonunda isə Qubadlıya yeni həyat verilir ki, o, sakinlərini tezliklə qoynuna alsın...