Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığı ilə nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, aparatının məsul əməkdaşları, SHXÇDX-nin Nəsimi rayon idarəsinin nümayəndələri, Şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi zamanı torpaqlarmızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Ruslan Gündüz oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü. Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.