30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi Azərbaycanın Vətən müharibəsində döyüş meydanında öz sözünü deməsi ilə nəticələndi. Azərbaycan torpaqları işğaldan azad olundu. Artıq bu ərazilərdə yeni bir dövrə – inkişaf, quruculuq dövrünə qədəm qoymuşuq. Bu Zəfəri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və ölkəmizin güclü ordusu oldu. Bu gün Azərbaycan bayrağı işğaldan azad olan Cəbrayıl şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində Şuşada dalğalanır.
"BU KƏNDLƏRDƏ YAŞAMIŞ SAKİNLƏRƏ XOŞ XƏBƏR ÇATDIRMAQ MƏNİM ÜÇÜN BÖYÜK ŞƏRƏFDİR"
"Dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri! Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir". Bu fikirləri 2020-ci ilin oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirmişdir. Artıq Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğalda olan bir sıra şəhər, qəsəbə və kəndlərimiz azad edilmişdi. Biz işğal tariximizdən deyil, artıq qələbə ilə zəngin olan Azərbaycan tarixindən yazırdıq. Yaxın tariximizdə vətən torpağının 20 faizi erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında idisə, artıq bu torpağın müəyyən hissəsi işğalçılardan azad olunmuşdu. Azərbaycan ordusunun əzmi, əsgər adını şərəflə daşıyan oğullarımızın ermənilərə verdiyi dərs bu torpaqların təzliklə qaytarılmasından soraq verirdi. Azərbaycan əsgəri mərdi-mərdanə düşmənlə üz-üzə idi. Müharibə qan-qadadır. Ölümdür, itkidir. Buna baxmayaraq, Azərbaycan anası öz oğullarını ləyaqətlə müharibəyə yola salırdı. Bütün xalq Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşmişdi.
"BİZ DÜŞMƏNİ TOPLAM 404 YÜK AVTOMOBİLİNDƏN MƏHRUM ETMİŞİK"
Bir ay ərizində Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikası açıq-aydın döyüş meydanında Ermənistanın məğlubiyyətinin göstəricisi idi. "252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 "Qrad" qurğusu məhv edilib. 2 "Uraqan"Yaylım Atəşli Raket Sistemi, 1 "TOS" məhv edilib. Zenit-raket kompleksləri - 4 "TOR", 40-a yaxın "OSA", 4 "KUB", 1 "KRUQ", 2 "S-125" qurğusu məhv edilib. "S-300" ən bahalı qurğulardan biridir, 6 "S-300" atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, "Toçka-Ulu Öndər" biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik" - deyə Cənab Prezident xalqa müraciətində diqqətə çatdırmışdır.
Azərbaycan torpaqlarına sancılan bayraqlarımız bizi daha da ruhlandırırdı. Artıq biz bir sıra işğaldan azad olunan torpaqlarımız kimi Qubadlı şəhəri də azadlığına qovuşmuşdur. Ərazisi 802 kv.km olan Qubadlının 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilmişdi. İşğal ərəfəsində isə əhali 30 minə qədər olub. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Ümumilikdə, işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalmışdı.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr işğal olunub. Erməni təcavüzü zamanı Qubadlı 238 şəhid verib, 146 nəfər əlil olub.
"ERMƏNİSTAN DİZ ÇÖKÜB, ARTIQ ONUN BAŞINDAN ELƏ VURMUŞUQ Kİ, AYILA BİLMİR"
Həmişə olduğu kimi ermənilər təxribatlar törətmək, iftira xarakterli məlumatlar yaymaq işini davam etdirirdi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında uduzduğunu aydın dərk edirdi. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş olur. Ermənistan döyüş meydanında artıq Azərbaycanın qarşısında diz çökmüşdü. "Atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir", - deyə Prezident bildirib: "Belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir, müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Ermənistanın baş naziri - Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin qurtaraq da. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin. İstəyirsinizsə qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi qalacağıq?"
Bildiyimiz kimi, 2020-ci ilin oktyabr ayının 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Humanitar xarakter daşıyan aətşkəsə həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün Azərbaycan razılıq vermişdi. Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozaraq gecə saatlarında Gəncəni bombaladı. "Ondan sonra oktyabrın 17 - də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8 - dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə.Mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır" – deyə Prezident müraciətində xalqa bildirmişdir.
İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndləri artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilirdi. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda, erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başlayır. Bombardman geniş dağıntılara və çox sayda mülki ölümə səbəb olur. Minlərlə insan Tərtər şəhərini bir xəyal şəhərciyinə çevirərək, qaçqın olur və Bərdə kimi qonşu şəhərlərə köç edir. Bu axınlarda erməni qüvvələri tərəfindən hədəf alınır. Rəsmi məlumata əsasən, Azərbaycan hakimiyyəti, erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atılıb, Rəsmi Azərbaycan rəqəmləri göstərir ki, bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir.
Tərtər şəhərinin, habelə rayondakı qəsəbə və kəndlərinin bombardmanı yalnız 10 noyabrda Ermənistanın Dağlıq Qarabağ atəşkəs bəyanatını imzalamasından sonra dayandırılır. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş olur. Təbii ki, bu və ya digər amillər Azərbaycanı haqq savaşından çəkindirmədi və Azərbaycan Ordusu öz torpaqlarında müharibəsini davam etdirərək, Zəfər tarixini yazdı.
Zümrüd BAYRAMOVA