Ermənistan yeni olaylar fonunda...
Ermənistanda Nikol Paşinyanla Qarabağdan qaçmış separatçılar arasında nifaq dərinləşir. Şanlı Silahlı Qüvvələrimizin sentyabrda keçirdikləri lokal antiterror tədbirlərindən sonra İrəvana qaçan bəzi separatçıların Paşinyan iqtidarını devirmək üçün planları ifşa olunduqdan sonra baş nazir daha sərt tədbirlər görmək üçün tapşırıq verib.
Artıq bu barədə erməni mediası da müxtəlif dairələrdən informasiyalar əldə ediblər. Belə ki, Paşinyanın ötən həftənin cümə günü qapalı toplantı keçirdiyi haqda məlumat yayılıb. Xüsusilə,“Joxovurd” ("Xalq") qəzeti qapalı toplantıda nələrin müzakirə edildiyinə dair məlumatlar əldə edib.
"Joxovurd": "Paşinyan komanda yoldaşlarına deyib ki, ruslar onu hakimiyyətdən salmaq istəyir"
Beləliklə, adıçəkilən nəşr yazır ki, əsas müzakirə mövzusu Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək planları olub və bu tapşırıq separatçılara bilavasitə Kremlin müəyyən dairələrindən verilib. Qəzet yazır: “Paşinyan komanda yoldaşlarına deyib ki, ruslar onu hakimiyyətdən salmaq istəyir, buna görə də iqtidarı qorumaq üçün lazım olan ən sərt addımlar atılmalıdır. Qərar verilib ki, Qarabağdan Ermənistana qayıdan erməni əhalisinin etiraz aksiyaları davamlı şəkildə təşkil olunmalı və əsas günah keçmiş “artsax” “rəhbərləri”nin üzərinə qoyulmalıdır".
Hətta vəziyyət o qədər gərginləşib ki, separatçılar paşinyaçılar arasında terrorçu olaraq qiymətləndirilirlər. Məhz bu baxımdan, Ermənistan hakimiyyəti də quldurlara qarşı mübarizə adı altında bu istiqamətdə təbliğat kampaniyası aparmalıdır. "Paşinyan xüsusi təyinatlıları vasitəsi ilə antiterror tədbirləri keçirməyi qətiləşdirib", - deyə "Joxovurd" əlavə edib və onu da qeyd edib ki, yaxın günlərdə ölkə yeni çalxalanmalar yaşayacaq.
Qəzet onu da yazır ki, Paşinyan hakimiyyətinin əsas hədəfi keçmiş “artsax” “rəhbərliyinin” gözdən salınmasıdır: “Qərara alınıb ki, onların ictimai-siyasi nüfuzu məhv edilməlidir. Hazırda bütün narazılıqların oxları Şahramanyana tərəf yönləndirilir. Buna paralel olaraq, anti-Rusiya təbliğatının genişləndirilməsi ilə bağlı qərar verilib”.
Erməni deputat: "Erməni siyasi, iqtisadi və intellektual düşüncəsi üçün 30 il boşuna keçdi”
Ermənistan parlamentinin deputatı Qurgen Arsenyan hadisələr fonunda maraqlı açıqlaması ilə yadda qalıb. “Mən sülh haqqında danışmışam, bundan sonra da danışacam, çünki sülh bizim ən böyük sərvətimizdir. Sülh olarsa, Ermənistan cəmiyyəti yalnız bizim üçün faydalı olan həyat tərzinə keçə bilər”, - deyən erməni deputatı bildirib ki, bu baxımdan, revanşçlıq və separatçılıq meyilləri mütləq aradan qaldırılmalıdır, sülhə doğru gedilməlidir: “Baş nazir Avropa parlamentində çıxışı zamanı Avropa ictimaiyyətinə bildirdi ki, siz artıq Ermənistan ərazisində hər iki tərəf üçün qarşılıqlı faydalı fəaliyyətləri həyata keçirə bilərsiniz. Məsələn, boru kəmərləri, magistral yollar, yüksək gərginlikli elektrik xətləri və sair.
Bizim əsas məqsədimiz regional ölkələr və qonşularla, o cümlədən, Avropa Birliyi, İran, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycanla fəal iqtisadi əməkdaşlıq etməkdir. Bu o deməkdir ki, biz 30 illik blokada rejimindən açıq, dinc, qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçirik, bu hazırlığımızı bütün dünyaya bildiririk”.
Arsenyanın sözlərinə görə, 30 illik Ermənistan-Azərbaycan müharibəsi başa çatıb, amma həlli tələb olunan bəzi problemlər var və həmin problemlər də aradan qaldırılacaq.
Beləliklə, Ermənistanın vəziyyəti göz önündədir və çox yaxınlarda yeni olayların yaşanacağı da istisna olunmur.
Afət Tahirqızı