PDF Oxu

Siyasət

  • 3 350

YAP-ın təşkilatçılığı ilə onlayn formatda beynəlxalq konfrans keçirilib - FOTOLAR

YAP-ın təşkilatçılığı ilə onlayn formatda beynəlxalq konfrans keçirilib - FOTOLAR

“Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu”

Oktyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

Tədbirin moderatoru, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina konfransın bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun onun siyasi irsinin təşviqi və öyrənilməsi baxımından önəmli olduğunu deyib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransın, xüsusilə də dost və tərəfdaş ölkələrdən olan ictimai-siyasi və dövlət xadimlərinin, Ulu Öndərlə müxtəlif səviyyələrdə təmasda olmuş şəxslərin müdrik dövlət xadimi haqqında fikirlərinin Heydər Əliyev irsinin öyrənilməsi baxımından faydalı olduğuna diqqət çəkib. Heydər Əliyevin respublikamıza siyasi rəhbərliyinin birinci dönəmində Azərbaycanın Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrildiyini deyən Tahir Budaqov dahi şəxsiyyətin həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində böyük işlər gördüyünü söyləyib.

Tahir Budaqov vurğulayıb ki, Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə isə iqtisadi potensialın artırılması, praqmatik enerji strategiyasının həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi kimi amillər Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi.
2003-cü ildən etibarən isə Heydər Əliyev siyasətinin davamçısı – Ümummilli Liderin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycana yeni uğurlar qazandırdı: “Azərbaycana misilsiz nailiyyətlər qazandıran Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin bərqərar olunmasıdır. Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratmışdır ki, bu da nəinki Cənubi Qafqazda, hətta bütövlükdə postsovet məkanında və daha geniş miqyasda yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir”,- deyə Tahir Budaqov əlavə edib.

Sonra dünya şöhrətli yazıçı, Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Süleymenovun konfransa ünvanlanmış videomüraciəti nümayiş olunub. Azərbaycan xalqına və dövlətinə ürəkdən bağlı olduğunu diqqətə çatdıran Oljas Süleymenov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Oljas Süleymenov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ona xitabən “Sən təkcə Qazaxıstan xalqına deyil, bütün Türk dünyasına lazımsan” dediyi sözlər onun həyatının və yaradıcılığının leytmotivi oldu. Təsadüfi deyil ki, Oljas Süleymenov 60 il üzərində çalışdığım türkşünaslıq və şumer ədəbiyyatı ilə bağlı tədqiqat əsərini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə hədiyyə edib.

Ulu Öndəri müasir Azərbaycan dövlətinin memarı adlandıran Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini, Əməkdar jurnalist Mixail Qusmanın sözlərinə görə, hələ Sovet dönəmində, məhz Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan elə bir inkişaf etmiş ölkəyə çevrilmişdi ki, bütün digər respublikalar ona oxşamağa çalışırdılar: “Odur ki, biz Azərbaycanın dahi lideri Heydər Əliyevi Azərbaycanın xilaskarı, Prezident İlham Əliyevi isə müasir Azərbaycanın qurucusu adlandırmaqda haqlıyıq”.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sisteminin o vaxtkı SSRİ-nin bütün rəhbərlərinə nümunə olduğunu deyib. Onun sözlərinə görə, həmin dövrdə Qərb və Avropa Heydər Əliyevi yaxşı tanıyırdı və xarici mətbuat Onu “Kremldə dəmir iradəli müsəlman” adlandırırdı. Xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra Heydər Əliyev müstəqil Azərbaycanı bütün dünyada tanıtdı, beynəlxalq birliyə inteqrasiya olunmasında vacib addımlar atdı.
Ümummilli Liderin ölkəsinin hüdudlarından kənarda tanındığını, yüksək nüfuza malik olduğunu xatırladan Siyasi və dovlət xadimi, VII çağırış Belarus Milli Assambleyasıının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə siyasi komandasına Vətənini sevən, ona dərindən bağlı olan etibarlı adamları cəlb etdiyini bildirib. Heydər Əliyevin qanlı 20 Yanvar hadisələrində xalqının yanında olduğunu bildirən natiq deyib: “Heç bir dövlət adamı həyatını risk altına salaraq Onun atdığı addımı ata bilməzdi. Heydər Əliyev sübut etdi ki, öz xalqının oğlu, Azərbaycanın Lideridir.

“Şərq müdriklərindən biri deyir ki, “söz hətta kosmosu hərəkətə gətirə bilər”. Heydər Əliyev də belə bir gözəl natiq idi. Onun elə bir bacarığı var idi ki, dediyi sözlər insanlarda böyük inam yaradırdı. Mən vurğulamaq istəyirəm ki, Moskvada işləyərkən Heydər Əliyevin mənim də həyatımda xüsusi rolu olub, karyeramın irəli getməsində Onun dəstəyini hiss etmişəm. Heydər Əliyev həmişə insanlara qayğı ilə yanaşırdı, bacarıqlı gənclərə dəstək verirdi. Mən də onlardan biri idim”. Bu fikirləri isə Tacikistan Respublikasının keçmiş xarici işlər naziri və BMT-dəki daimi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Tayxe İnstitutunun professoru Rəşid Alimov səsləndirib.

Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze qeyd edib ki, onun səfir kimi fəaliyyəti dövründə Azərbaycanın siyasətində enerji strategiyası prioritet istiqamətlərdən biri idi. Ümummilli Liderin müəllifi olduğu “Əsrin müqaviləsi” nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın siyasi-iqtisadi mənzərəsini dəyişdi. Heydər Əliyev vurğulamışdı ki, bu enerji layihəsi olmaqla yanaşı, həm də layihədə iştirak edən ölkələr arasında əlaqələri şərtləndirən böyük siyasətdir. Zurab Qumberidze Ulu Öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycanı çox sevdiyini bildirib.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət kursumuz ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Azərbaycan dünya ölkələri ilə dostluq və qarşılıqlı ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə Cənubi Qafqaz regionunda və onun sərhədlərindən kənarda sülh şəraitində birgəyaşayış prinsipini təşviq edir.

Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, çıxış edənlərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında xatirələri, Onun barəsində dəyərli fikirləri bütövlükdə xalqımıza və onun görkəmli oğluna – dahi şəxsiyyətə olan ehtiramın parlaq nümunəsidir. T.Budaqov qeyd edib ki, bütün çıxışların məzmun və mənası Heydər Əliyevin dahi şəxsiyyət olduğunu bir daha təsdiq edir. Heydər Əliyev öz həyatı ilə müasir Azərbaycanın tarixini yaratdı və özü də əbədi olaraq tariximizə həkk olundu. Məşhur alman filosofu Şopenhauerin “istedadlı şəxs odur ki, heç kəsin vura bilmədiyi, dahi şəxs isə odur ki, heç kəsin görə bilmədiyi hədəfi vurur” kəlamını xatırladan T.Budaqov Heydər Əliyevin uzaqgörənliyini xüsusi qeyd edərək Onun qəbul etdiyi qərarların, yeritdiyi siyasətin hələ uzun illər bundan sonra da Azərbaycana xidmət edəciyinə əminliyini ifadə edərək konfrans iştirakçılarına Heydər Əliyev irsinin tədqiqi və təbliği, Heydər Əliyev yolunun davam etdirilməsi sahəsində hər kəsin öz imkanları daxilində həyata keçirdiyi fəaliyyətdə uğurlar arzulayıb.

Digər xəbərlər