Bu gün dünyanın müxtəlif bölgələrində münaqişələr, müharibələr baş verir. Vəziyyətin ağırlığı o dərəcədə kritik xarakter alıb ki, bəzi siyas-hərbi ekspertlər 3-cü dünya müharibəsinin qaçılmaz olduğunu qeyd edirlər. Təbii ki, 3 - cü dünya müharibəsinin baş verməsi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətlərinin başçıları bilsələr də, vəziyyətin stabilləşdirilməsi üçün lazımi addımlar atmırlar. Əksinə, ABŞ və Avropa ölkələrinin İzrail-Hamas müharibəsində birincinin yanında yer almaları və qızışdırcı mövqe səsləndirmələri vəziyyətin gərginləşməsinə xidmət edən amillərdəndir. Xüsusilə də, Fransa prezidenti Makronun çağırılmamış qonaq qismində Təl-Əvivdə peyda olması və oradan ampluasına uyğun açıqlamalarla çıxış etməsi, hədələyici bəyanatlar səsləndirməsi dünyaya meydan oxumaq kimi qiymətləndirilir. Çünki Fransa açıq şəkildə müstəmləkə siyasəti aparan və terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan, belə bir dövlət dünyada sülhə və təhlükəsizliyə heç bir halda töfhə verə bilməz. Bu yaxınlarda Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən olan nümayəndələrin iştirak etdiyi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına çağırış etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq: “Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”. Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır: “Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası əks olunub. Burada hazırkı irqçilik və islamofobiya siyasətinə qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüifadə hüququ tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur”.
Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: “Bu, çox güclü və çox doğru bəyanat idi.Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”.
Rusiya və Çin Makronun təklifinə qarşıdır
Makron vaxtilə “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində Hamasa qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Şübhə yoxdur ki, Liviyaya, İraqa və Suriyaya qarşı təşkil olunun kaolisiya forması düşünülür. Belə hal yaranarsa, müharibə ocağının genişlənəcəyi və daha amansız xarakter alacağı şübhəsidir. Rusiya, Çin və müsəman ölkələrinin Makronun iddialarına qarşı sərt təpki göstərmələri və belə bir birliyin yardılması istəyini tənqid etmələri qeyd olunanlara misal ola bilər. Müharibə isə dayanmayacaq. Çünki bundan əvvəl ABŞ prezidenti Bayden də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”. ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib. Makronun və ümumilikdə Qərbin tərəfləri İzrail-Hamas müharibəsini dayandırmağa çağırmaq əvəzinə müharibənin davam etdirilməsinə dəstək verməsi, Makronun, hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasını daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Bu, Fransanın xarici siyasətinin nə qədər aqressiv və ağılsız olduğunu yenidən sübut edir - ərazisində milyonlarla müsəlman yaşayan Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik təklif etmək əvəzinə, müharibə təklif edir.
Fransa müharibə ocaqlarının sönməsinə imkan verməyən dövlətlərdəndir
Bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilən Fransa dünyanın qarışmasında maraqlı olan və müharibə ocaqlarının sönməsinə imkan verməyən dövlətlərdəndir. Dövlətlər arasında müharibələrin sayı çox olarsa, Fransa gərəksiz və keyfiyyətsiz silah-sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanmış olacaq. Düşüncə yoxdur ki, həmin silahlar minlərlə insanın itkisinə yol açır, yüzlərlə yaşayış məskəninin dağıdılıb viran edilməsinə səbəb olur. Xatırlatmaq lazımdır ki, bu gün Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirir. Əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa “bacı”sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bununla bağlı razılıq Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı əldə olunub. İlk olaraq Ermənistana 50 zirehli texnika, daha sonra “Minstrel” hava hücumundan müdafiə raketləri gətiriləcək. Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Artıq Fransanın İrəvandakı səfirliyində hərbi missiya yaradılıb, attaşe təyin edilib. Ümumiyyətlə faktlar təsdiq edir ki, Fransanın Ermənistana hərbi dəstəyi hər zaman olub. 4 günlük Vətən Müharibəsində Fransa müxtəlif vasitələrlə Ermənistanı silahlarla təchiz etmişdir. Nədənsə o zaman Paşinyan hakimiyyəti böyük çeşidli silahlar sırasında yer alan PUA-ları qəbul etməkdən imtina edib. Müharibədən sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Davit Şahnazaryan bildirib ki, Fransa Ermənistana PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklif edib, ancaq Paşinyan qəbul etməyib. Görünür, müttəfiqi hesab olunan Rusiyanı özündən incik sala biləcəyindən ehtiyat edib. Çünki o zaman Ermənistan hakimiyyəti indiki kimi Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsində deyildi. Paşinyan rejimi müharibənin ilkin mərhələsində Rusiyaya olan ümidlərini tam şəkildə üzməmişdir. Yəni xəyal edirdi ki, tarixin müxtəlif dönəmlərində olduğu kimi, bu dəfə də Rusiya bütün vasitələrlə onlara Azərbaycana qarşı müharibədə yardımçı olacaq. Lakin Rusiya və digər Ermənistana dəstək verməyi düşünən dövlətlər və qüvvələr Azərbaycanın sərt münasibəti ilə üzləşə biləcəklərindən ehtiyat etdiklərindən, açıq şəkildə Ermənistana kömək etməkdən imtina etdilər. Nəticədə 2020-ci il noyabrın 10-da Ermənistan təslim olmaq haqqında sənədi imzalamağa məcbur oldu. Məhz Ermənistanın ağ bayraq qaldırmasından sonra Fransa geniş və əhatəli şəkildə Ermənistana siyasi və hərbi dəstəyini artırmağa başladı. Bununla geosiyasi, geostrateji maraqları fonunda Cənubi Qafqazda möcvudluğunu təmin etməyə ümid bəsləyir, digər tərəfdən isə Ermənistana Avropa İttifaqının Qarabağ problemi üzərindən etdiyi yardımların qarşılığında bu maliyyə qaynaqlarını özününküləşdirmək istəyir. Lakin Fransanın ümidlərinin puça çıxacağı şübhəsidir. Çünki regionun lider dövləti olan Azərbaycan heç bir halda Fransanın və ya hansısa digər pozucu qüvvələrin bölgəyə daxil olmasına imkan verməz. Xatırlamaq yerinə düşərdi ki, Fransanın təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının “sivil” missiyası heç nəyə nail ola bilmədi. Ermənistanın silah-texnika parkını yeniləməyə çalışması da nəticə verməyəcək. Nəticə etibarı ilə 2020-ci il noyabrın 10-da Azərbaycan qarşısında ağ bayraq qaldıran Ermənistan kimi Fransa da qərəzli və terrorçulara xas siyasətinin qurbanı olacaq.
İ.ƏLİYEV