PDF Oxu

Siyasət

  • 1 603

AĞALI: yurd Vətənə, yurddaş yurda qovuşub... TƏHLİL

AĞALI: yurd Vətənə, yurddaş yurda qovuşub... TƏHLİL

Söz vaxtına çəkər, deyib atalarımız, düz 30 il əvvəl oktyabr ayının 25-29-da Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayı vasitəsilə İran İslam Respublikasının ərazisinə keçdi, buradan Azərbaycanın müxtəlif rayonlarına gedərək məskunlaşdılar. Öz mövcudluğunun son illərində bu bölgə 1992-ci ilin dekabrında baş verən və analoqu olmayan Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmalarına baxmayaraq Zəngilan işğala məruz qaldı. 20 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.

Ağalıya növbəti köçlə...

Oktyabrın 26-da Azərbaycanın ilk “ağıllı kənd” i olan Ağalıya növbəti köçlə xatırladıq bu tarixi... Xatırladıqca da baxmayaraq ki, bütün torpaqlarımızı işğaldan azad etmişik, yenə də ürəyimiz sızladı. Ötən illər yada düşdükcə gözlərimiz doldu. Soydaşlarımızın üzləşdiyi faciələr bir-bir gözlərimiz önündə sıralandı. Oktyabrın 25-29-u payızın sazaqlı günləridir. Belə sazaqlı günlərdə Arazı keçməyi düşünəndə adam lap dəhşətə gəlir. Ünvanı bəlli olmayan bir yolçuluğa çıxmışdı onlar. Hara gedirdi zəngilanlılar, hara üz tutmuşdu, harada dayanacaq, harada məskunlaşacaqdılar, bunlar məlum deyildi.

Düz 27 illik bir ayrılıq gözləyirdi qarşıda onları: yurd, torpaq həsrəti, köçkünlük həyatı... Beləliklə, 27 il zəngilanlılar nankor qonşumuzun tamahı ucbatından məcburi köçkün həyatı yaşamalı oldu. Şükürlər olsun ki, 2020 və 2023-cü illərdə Qarabağ və Şərqi Zəngəzur düşməndən tamamilə azad edildi. Üzümüz güldü, hicran vüsala çevrildi.

Budur, həmin dövrdən bizi 30 illik bir zaman kəsiyi ayırır. Bu gün Zəngilanın “ağıllı kənd”i Ağalı növbəti sakinlərini qoynuna aldı. Bu köçün oktyabrın bu günlərinə təsadüf etməsi isə düşmənə tutarlı mesajdır- sənin olmayan torpaqda əbədi yaşamağın mümkünsüzlüyü, haqqın nazildiyinin, lakin üzülmədiyinin mesajıdır.

2021-ci ilin 20 oktyabrı

Həmin gün- Böyük Zəfərimizdən hələ bir il ötməmiş dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə idilər və rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular.

İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulmuşdu. Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işlərinə başlanılmışdı. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə həyata keçirilirdi. Burada yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işləri görülür, park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşırdı. Piyada və velosiped yolları çəkilir, bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılırdı.

Burada kənd təsərrüfatının təşkili və inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilmiş və lazımi innovativ texnikaların siyahısı hazırlanmışdı. “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanmış, planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilmiş və əkin üçün hazırlığa başlanmışdı. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılmışdı. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulmuşdu ki, fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq.

2022-ci il mayın 27-də-Müstəqillik Günü ərəfəsində Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Dövlətimizin başçısı çıxış edərək demişdir: 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq.

Dövlətimizin başçısı daha sonra çıxışında demişdir: Əlbəttə ki, bunu artıq bilməyən yoxdur, birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, - bilirsiniz, mən dəfələrlə burada olmuşam, - görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq.

Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək.

Mən sizi tarixi hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

19 iyul 2022-ci il: Ağalıya ilk köç

Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı.

Vurğulayaq ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Prosesin ilkin mərhələsində 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulmuşdu. Burada vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunur.

Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayıb.

Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Həmçinin kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsində olacaq.

Ağalı, 26 oktyabr 2023-cü il: 150 ailə, 744 nəfər

30 il öncə Zəngilanın ermənilər tərəfindən işğal olunduğu, soydaşlarımızın ata-baba yurdundan zorla çıxarıldığı oktyabr günlərində rayonun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışının zaman etibarilə üst-üstə düşməsi bir qərinəyə yaxın dövrün o başı ilə bu başındakı fərqliliyi ortaya qoymaqla, eyni zamanda ölkəmizin qüdrətini şərtləndirir.

Oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Bu günədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Beləliklə, Zəngilanın 30 il sonrakı oktyabrında Ağalıya qayıdış həm də rəmzi bir məna da ifadə edir: torpağın əsl sahibinin kim olduğunu və haqq-ədalətin kimin tərəfində olduğunu... Yeni köçlə burada daimi məskunlaşdırılan ailələrin sayı 150 ailə, 744 nəfərə çatır. Qayıdış növbəti mərhələlərdə davam etdiriləcək. Ağalılıların hamısı öz evlərinə geri dönəcəklər. Çünki Qarabağ və Şərqi Zəngəzur da dövlətimizin həyata keçirdiyi böyük siyasətlə anası Azərbaycana qovuşub. Necə deyərlər, yurd Vətənə, yurddaş yurda qovuşub...

Mətanət Məmmədova

Digər xəbərlər