PDF Oxu

Siyasət

  • 8 512

Turizmin inkişaf prespektivləri TƏHLİL

image

Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Son illər ərzində ölkəmizdə mehmanxana və mehmanxana tipli obyekt tikilərək istifadəyə verilib. Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir. Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan Azərbaycanın bir çox məkanlarına turistlərin axını davam etməkdədir. Ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir.
Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.
Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir.
Statistik məlumatlara istinadən deyə bilərik ki, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Vurğulamaq yerinə düşər ki, 2022-ci ilin yanvar–noyabr aylarının ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə artım müşahidə edilib. Azərbaycana səfər edən xarici vətəndaşlar içərisində ilk yerlərdə ardıcıl olaraq Rusiya, Türkiyə və İran gəlir. Sonrakı sıralamada Səudiyyə Ərəbistanı, Gürcüstan, Hindistan, Pakistan, BƏƏ, Qazaxıstan və digər ölkələr növbələşir. Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan üzrə bərpa göstəriciləri 90 faizdən çoxdur. Belarus, Pakistan, İordaniya kimi ölkələr isə 2019-cu ildəki nəticələri üstələyib. Məlumdur ki, ötən il keçirilən Azərbaycan Turizm Sammitində xarici və daxili turizm üzrə növbəti 4 ilə hesablanmış hədəflər açıqlanıb. Növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir. Əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən "Turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi" fəaliyyəti üzrə ən azı 2 regional turizm şurasının yaradılması nəzərdə tutulub. Regional turizm şuralarının yaradılmasında əsas məqsəd turizm sektoru iştirakçılarının fəaliyyətinin mütəmadi dialoq formasında əlaqələndirilməsi mexanizminin qurulması, regional səviyyədə turizmin inkişafı ilə əlaqədar bütün tərəfləri bir araya gətirmək, əlaqələndirmək və mövcud resursları regional səviyyədə turizm inkişafına səfərbər etməkdir.
Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır. Ölkəmizdə mövcud olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qoruqların bir qismindən turizm məqsədləri üçün istifadə edilir.

DÜNYANIN ƏN MƏŞHUR FİRMA VƏ ŞİRKƏTLƏRİNİN BRENDLƏRİ ÖLKƏMİZDƏDİR

Son illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. Əlbəttə ki, bu gün abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. Ötən il bu və ya digər qoruqları ziyarət edənlərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub.
Əlbəttə ki, Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi dünyanın ən məşhur firma və şirkətlərinin, brendlərinin ölkəmizə diqqətinin artmasına səbəb olub. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirib. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı otel brendi Bakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasında əhəmiyyətli rol oynayır. Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə otellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə heyrətləndirən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirmiş oldu. Dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənən kompleks Şahdağ qış-yay turizm kompleksi müasir tələblərə cavab verir. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb.

ƏVVƏLKİ İLİN MÜVAFİQ DÖVRÜ İLƏ MÜQAYİSƏDƏ 33,8 FAİZ ÇOX ƏCNƏBİ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXS ÖLKƏMİZƏ TURİST SƏFƏRİ EDİB

Statistik rəqəmlərə nəzər salsaq görərik ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan 3,2 dəfə, Hindistandan 2,4 dəfə, Özbəkistandan 1,8 dəfə, Qazaxıstandan 1,8 dəfə, Belarusdan 1,7 dəfə, Rusiya Federasiyasından 1,6 dəfə, İtaliyadan 1,5 dəfə, ABŞ-dan 39,5 faiz, İsraildən 39,2 faiz, Gürcüstandan 32,9 faiz, Böyük Britaniyadan 27,0 faiz, Küveytdən 22,3 faiz, Türkiyədən 19,6 faiz, Almaniyadan 18,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 11,8 faiz, Ukraynadan 5,1 faiz artıb.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 faiz artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 faiz azalaraq 228,4 min nəfər olub.
Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər