PDF Oxu

Siyasət

  • 2 261

Azərbaycanın enerji siyasəti ölkəmizin etibarlı dost kimi imicini möhkəmləndirir

Azərbaycanın enerji siyasəti ölkəmizin etibarlı dost kimi imicini möhkəmləndirir

PREZİDENT İLHAM ƏLİYEV: «Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir»

Bəli, bu gün müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

«ƏMİNƏM Kİ, BU, BÖYÜK BİR YOLUN, İKİ QARDAŞ ÖLKƏNİN BÖYÜK YOLUNUN BAŞLANĞICIDIR»

Bəli, ötən ilin martın 15-də təməli qoyulan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə - oktyabrın 26-da rəsmi açılışı, dövlət bapşçımızın söylədiyi kimi tarixi əlamətdar hadisədir.

Təməlqoyma mərasimində dövlətimizin başçısı bildirmişdir ki, bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür: «Ötən ilin martında biz Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edirdik. İndicə göstərilən video həmin tariximizin əlamətdar anını nümayiş etdirdi. Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır».

«BU GÜN BİZ NİSBƏTƏN QISA ZAMANDA, TƏXMİNƏN İL YARIMDAN BİR QƏDƏR ÇOX MÜDDƏT ƏRZİNDƏ ABŞERON YARIMADASININ BU BOŞ HİSSƏSİNİN YAŞIL ENERJİ MƏNBƏYİNƏ ÇEVRİLDİYİNİ GÖRƏNDƏ ÇOX QÜRUR DUYURUQ. BU, ƏLAMƏTDAR NAİLİYYƏTDİR»

Dövlət başçısı Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə görə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edib: «Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etmək istərdim».

Bu gün qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin üç nazirinin yer aldığını vurğulayan Azərbaycan Prezidenti bunun tərəfdaşlığın və dostluğun yaxşı nümunəsi olduğunu, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirdiyini bildirib.

«AZƏRBAYCANIN BƏƏ İLƏ BƏRPAOLUNAN ENERJİ MƏNBƏLƏRİ ÜZRƏ ƏMƏKDAŞLIQ ÜÇÜN BÖYÜK PLANLARI VAR»

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib: «Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün biz çox qısa zamanda 1 giqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq».

Dövlətimizin başçısı onu da bildirib ki, bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir: «Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 giqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq».

Bunun regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada ilk dəfə 19-cu əsrin ortalarında neftin istehsal olunduğu ölkədir: «İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir».

«NÖVBƏTİ İLLƏRDƏ BİZ MİLLİ ENERJİ ŞƏBƏKƏMİZİ GÜCLƏNDİRƏCƏK DÖVLƏT PROQRAMINI İCRA ETMƏYİ PLANLAŞDIRIRIQ»

Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir: «Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür».

Dövlət başçısı vurğulayıb ki, hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.

«Eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik»”, - Prezident İlham Əliyev əlavə edib.

«Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir».

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı külək enerjisinin potensialını xüsusi vurğulayıb: «Külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır».

«SON GEOSİYASİ DƏYİŞİKLİKLƏR NƏTİCƏSİNDƏ AZƏRBAYCAN QAZINA AVROPADA HEÇ VAXT OLMADIĞI QƏDƏR DAHA ÇOX EHTİYAC VAR»

«Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur». Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

«Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var», - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.

Bir sözlə, bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.

Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir çıxış edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Qaradağ Günəş Elektrik Stansiyasını işə salıblar.

“Masdar” şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalı Prezident İlham Əliyevə təqdim olunub.

Sonda xatirə şəkli çəkdirildi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər