PDF Oxu

Siyasət

  • 1 935

Qələbələrimizin təməlində Heydər Əliyevin müdrik siyasəti dayanır

Qələbələrimizin təməlində Heydər Əliyevin müdrik siyasəti dayanır

Prezident İlham Əliyev 2023-cü ilin may ayının 10-da xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yolla Azərbaycanın bu gün uğurla getdiyini, ölkəmizin 2003-cü ildən indiyədək sürətli sosial-iqtisadi inkişaf və tərəqqi dövrü yaşadığını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, neçə-neçə illər bundan sonra da respublikamızın uzunmüddətli strategiya və daxili resurslar əsasında inkişaf edəcəyini əminliklə vurğulayıb.

Ölkə rəhbəri daha sonra deyib: “Bu gün sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda güclü imkanlarımız, maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq ”

Müraciətdə son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmadığını, bu dövr ərzində iqtisadiyyatın 3 dəfədən çox artdığını, ümumi daxili məhsulun (ÜDM) nominal həcminin 22 dəfə artaraq 133,8 milyard manata çatdığını bildirib. Bu dövrdə ölkə əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb).

İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib.

Təkcə yuxarıda sadalanan göstəricilərə əsaslanıb qeyd edə bilərik ki, ötən 20 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən ölkə kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

Respublikamız Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.

Bu müddətdə regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib. Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib.

Azərbaycanda elektroenergetika sahəsi də sürətlə inkişaf edir. Son 20 il ərzində respublikada inşa olunan 40-a yaxın elektrik stansiyasının generasiya gücü təqribən 3400 meqavata bərabərdir.

Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən prioritet istiqamətlərindən olub. "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi, "Şahdəniz" qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb. "Əsrin müqaviləsi"nin müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.

Şübhəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir.

Ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələr yaradılıb.

İqtisadiyyatımızın güclənməsi nəticəsində müharibə şəraitində yaşayan ölkəmizdə nizami ordu quruculuğu sahəsində böyük uğurlara imza atılmışdı.

Silahlı Qüvvələrin döyüş hazırlığı yüksək səviyyəyə çatdırılmış, ordumuz müasir hərbi texnika ilə təchiz edilmişdir. Bununla yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusu hazırlanmışdır. Ən önəmli addımlardan biri isə Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması olmuşdur.

Belə ki, 2003-cü ilin oktyabr ayının 15-də Ulu Öndərin tövsiyəsi və xalqın etimadını qazanaraq prezident seçilən Ali Baş Komandan İlham Əliyev ötən illər ərzində milli ordu quruculuğuna, Silahlı Qüvvələrin modernləşməsinə xüsusi diqqətlə yanaşmış, bu gün döyüş meydanında düşməni darmadağın edən, güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Ordusunu formalaşdırmışdır. Peşəkar Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır ki, bu da birbaşa Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsidir.

44 günlük Vətən Müharibəsinin elə ilk günlərindən aydın oldu ki, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün yetərli hərbi, siyasi gücə, bu vəzifənin öhdəsindən gəlmək əzmində olan peşəkar orduya malikdir.

Fərqli dünyagörüşü olan sosial qrupların, siyasi təşkilatların, milli mənafeləri siyasi mənafelərdən üstün tutan bəzi müxalifət qüvvələrinin çağırışları cəmiyyətin qısa müddətdə yumruq kimi birləşməsinə səbəb oldu.

Milli birlik, ilk növbədə, qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla Pakistan, İsrail kimi dövlətlərin Azərbaycana siyasi və mənəvi dəstək verməsi minnətdarlığa layiqdir.

Müasir silahlarla silahlanmış, yeni dövrün müharibə qaydalarına uyğun olaraq təlim keçmiş, vətənpərvər şəxsi heyətə malik olan ordumuz müharibəyə başlayan gündən döyüş meydanında qələbələr qazanmağa başladı. Qısa müddət ərzində müqaviməti qırılan düşmən ordusu bütün cəbhə boyu sürətlə geri çəkilməyə məcbur edildi. Hərbi, siyasi, diplomatik məsələlərdə milli məfkurəyə əsaslanan 44 günlük müharibə dövründə ərazilərimizin əksəriyyət hissəsi, başlıcası isə müqəddəs Şuşa şəhərimiz işğaldan azad edildi.

Sentyabrın 27-dən noyabrın 9-dək olan 44 gün ərzində yalnız Qarabağ münaqişəsi ilə bağlı olan status-kvo dəyişmədi, həm də bu regionun ümumi geopolitik mənzərəsi dəyişdi.

Bu mənzərəni Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Azərbaycan Ordusu, fədakar Azərbaycan əsgəri dəyişdirdi. Ordumuzun bu qəhrəmanlığı, bu şücaəti çoxları üçün gözlənilməz oldu. Nə Ermənistan, nə də bu ölkənin havadarları Azərbaycan Ordusunun belə sürətlə irəliyəcəyini, hər cür hərbi dəstək alan erməni ordusunun bu səviyyədə darmadağın ediləcəyini gözləmirdi.

Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində, "Türkiyə Azərbaycana dəstək verərkən, niyə Rusiya Ermənistana uyğun dəstəyi vermədi" sualına cavab olaraq Rusiyanın Ermənistana odekvat dəstək verdiyini, bu sahədə balansın təmin edildiyini, lakin sonda döyüş meydanında fərqli mənzərənin yarandığını bildirdi.

Bu fərqli gerçəkliyi döyüş meydanında dostları sevindirən, düşmənləri pərişan edən Güclü Rəhbər, Azərbaycan Ordusu, öz ordusunun arxasında dayanan Azərbaycan xalqı yaratmışdı. 44 günlük müharibə dövründə əldə edilən uğurların qazanılmasında payı olanların sayı çoxdur. Bu mühüm dövrdə hər kəsin dövlətimiz üçün xidmətləri zaman-zaman dəyərləndiriləcək.

İndidən bəlli olan və hər kəsin qəbul etdiyi həqiqət isə odur ki, bu, qələbələrin əsas müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu, əsgər və zabitlərimiz, vətənin azadlığı naminə həlak olan, xatirələri heç vaxt unudulmayacaq şəhidlərimizdir. Onların şücaəti nəticəsində düşmən məğlub olaraq ağ bayraq qaldırdı.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da məlum üçtərəfli Bəyanat imzaladırlar. Bəyanata görə, Azərbaycan ərazisində heç bir erməni silahlı qüvvələri, birləşmələri qala bilməz, onlar çıxmalıdırlar. Lakin sözü ilə əməli heç zaman üst-üstə düşməyən Ermənistan yenə də öz mənfur niyyətini ortaya qoydu.

Azərbaycan özünün sülh səylərini sonadək davam etdirdi. Hətta Ermənistanın "blokada" və "Laçın dəhlizi" ilə bağlı şou yaratdığı zaman ölkəmiz Qarabağ ermənilərinə öz humanitar dəstəyini əsirgəmədi. Lakin Ermənistandakı revanşist qüvvələr, separatçılar və İrəvanı dəstəkləyən havadarları yaranmış vəziyyətin sülh yolu ilə başa çatmasına imkan vermədilər.

Separatçıların növbəti terror əməlinə cavab olaraq, Azərbaycan sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirdi və Müzəffər Ordumuzun gücü sayəsində bu əməliyyatı da uğurla tamamladı.

Lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin böyük uğurudur. Qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində nail olunması Azərbaycanın növbəti və qəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında "dəmir yumruğ"a çevrilmiş xalqımızın növbəti tarixi Zəfəri oldu.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, qeyri-qanuni rejimin buraxılması, paralel olaraq bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam bərpa olundu.

Ölkə başçısı İlham Əliyev işğaldan azad olunmuş bütün ərazilərimizdə - Xocalıda, Xocavənddə, Əsgəranda, Suqovuşanda, Xankəndidə üçrəngli bayrağımızı ucaltdı.

Azərbaycan Respublikasının Prezidenti, Qüdrətli Ordumuzun Qəhrəman Sərkərdəsi İlham Əliyev 2003-cü ildə prezident seçildiyi gündən düz 20 il sonra 2023-cü ilin oktyabrın 15-də Xankəndidən xalqa tarixi müraciətini etdi.

Müraciətdə bildirdi: “Bütün bu qələbələrimizin səbəbkarı ulu öndər Heydər Əliyevdir. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycanın bütövlüyü qorundu, bu gün də ərazi bütövlüyümüz təmin olunub. Çox sevindirici haldır ki, bunlar Ulu Öndərimizin 100 illiyi qeyd olunan dövrdə baş verir.”

Bəli, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün uğurlarımızın başında Heydər Əliyev şəxsiyyəti, Onun müdrik siyasəti dayanır.

Bir anlığa 1993-cü ilin iyun ayını gözümüzün qarşısına gətirəndə dərk edirik ki, elə bir vəziyyətdə olan ölkəni Ulu Öndər necə də müdrikcəsinə vəziyyətdən çıxartdı.

Heydər Əliyev xalqın təkidli tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra öz xalqı, doğma vətəni üçün nələr etdiyinin bir neçəsini sıraya düzək:

- Azərbaycanda başlamış vətəndaş müharibəsinin qarşısını aldı;

- Azərbaycan torpağını etnik əlamətlərə görə parçalanıb yox olmaq təhlükəsindən xilas etdi;

- 1994-cü ilin oktyabr və 1995-ci ilin Mart qəsdlərinin qarşısını aldı;

- 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu;

- 20 sentyabr 1994-cü ildə Ulu öndərin tikdirdiyi "Gülüstan" sarayında "Əsrin müqaviləsi" imzalandı (7 ölkənin 11 məşhur şirkətləri ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı neft şirkətlərinin iştirakı ilə konsorsium Azərbaycan Beynəlxalq əməliyyat şirkəti yaradıldı);

- 1995-ci ilin 12 noyabrında referendum keçirilərək müstəqil Azərbaycanın konstitutsiyası qəbul olundu;

- 9 may 1945-ci il Qələbə Gününü bərpa etdi;

- 1996-cı ildə aqrar islahatlara start verildi;

- Sahibkarlığı inkişaf etdirmək məqsədilə xırda və orta dövlət müəssisələrin özəlləşdirilməsi həyata keçirildi;

- 1999-cu ilin noyabrında ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin çəkilişi əsnasında dövlətlərarası müqavilə imzalandı;

- 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin özülü qoyuldu;

- Ordu quruculuğu sahəsində peşəkar hərbçilərin hazırlanması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi əsas vəzifə kimi qarşıya qoyuldu;

- Qaçqın və Məcburi köçkünlərin sosial-mənzil-məişət problemlərinin həllinə xüsusi diqqət yetirildi, çadır şəhərçikləri ləğv olundu;

- Ulu Öndər Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı;

- Bu məktəbdə İlham Əliyev kimi Siyasi Lideri, Müzəffər Ali Baş Komandanı yetişdirdi.

Bəli, 20 il bundan əvvəl 2003-cü ildə Heydər Əliyev siyasətini davam etdirmək missiyası Ulu Öndərin tövsiyəsi və xalqın iradəsi ilə cənab İlham Əliyevə etibar olundu. Cənab Prezident İlham Əliyev ötən 20 il ərzində Ulu Öndərin siyasətinə sadiq qalaraq Azərbaycanı dünyada inkişaf etmiş güclü bir ölkəyə çevirdi, görkəmli dövlət xadimi Heydər Əliyevin ən böyük arzusu olan doğma Qarabağımızı düşmən tapdağından azad etdi. 2020-ci ilin noyabr ayının 8-də Şuşa azad olan günün səhəri Fəxri xiyabana gedərək Ali Baş Komandan kimi Ulu Öndərin məzarı önündə O Təkrarsız Şəxsiyyətə raport verdi.

Bütün bunlar Heydər Əliyevin Azərbaycan dövlətinin xilaskarı və qurucusu olmasının təsdiqidir.

"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına xidmət olub", - deyən Ulu Öndər Heydər Əliyevin ölkəmizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.

Nə qədər bütöv, müstəqil Azərbaycan var, Heydər Əliyev ideyaları yaşayacaqdır.

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

Digər xəbərlər