Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri 5-ci gündür ki, öz rəngarəng proqramı ilə davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.Səfər iştirakçıları bu gün Dunhuang İncəsənət Muzeyini ziyarət ediblər.Günün sonunda Azərbaycan nümayəndə heyətinin Sıçuan əyalətinin media nümayəndələri ilə görüşü olacaq və Sıçuan Əyalətinin Xarici Əlaqələr Ofisinin təşkil etdiyi ziyafətdə iştirak edəcəklər.Qeyd edək ki, “Bir kəmər, bir yol” region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir.Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan bu təşəbbüsü 2013-cü ildə elan edilib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik dostluq münasibətləri nəticəsində ölkəmiz bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.