44 günlük haqq savaşımızda qanı bahasına Vətən torpaqlarını azad edən qəhrəman oğullarımız bir daha bunu sübut etdilər. Vətəni üçün canından keçib şəhidlik zirvəsinə ucalan belə qeyrət sahiblərdən biri də Lerik rayonun Xəlifəkücə kəndində dünyaya göz açan Azərbaycan Ordusunun zabiti, kapitan Cəlil Ağaddin oğlu Cavadovdur. 2003-cü ildə orta məktəbin 8-ci sinfini bitirən Cəlil C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Liseydən sonra, yəni 2006-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuyub və 2010-cu ildə oranı motoatıcı ixtisası ilə bitirib. İkinci Qarabağ müharibəsində tabor komandiri müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut istiqamətlərində yüksək igidlik və rəşadətlə döyüşüb. 2020-ci ilin oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən kapitan Cəlil Cavadov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığına görə medalları ilə təltif edilib. Həmçinin bir nümunəvi zabit olaraq II, III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına layiq görülüb. Ürəyi həmişə Vətən sevgisi ilə döyünən və bu yoda şəhidliyi özünə şərəf bilən Cəlil Cavadovun 3-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyevin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, Ərazi Partiya Təşkilatı fəallarının, kənd sakinləri və şəhidin ailə üzvlərinin qatıldığı mərasimdə ilk olaraq Cəngəmiran kəndində Şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksini ziyarət edilib, daha sonra şəhidin məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsi ehtiramla anılıb. Çıxışlar zamanı bildirilib ki, Cəlil kimi Vətən qeyrətli oğullar canlarını fəda etməklə xalqımızın mənliyini, kimliyini bir daha bütün dünyaya göstərdilər. İndi onların qızıl qanı ilə əsir torpaqlarımız canlanır, Vətən azad, firavan yaşayır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü