Aleksandr Razuvayev: Azərbaycan Avropaya regionda əsas güc və müstəqil oyunçu olduğunu göstərdi
Tanınmış rusiyalı politoloq Aleksandr Razuvayev Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünün bir ay ərzində ikinci dəfə ləğv edilməsinin səbəbləri və Ermənistanın baş naziri Nikol Paşinyanın ziddiyyətli bəyanatları ilə bağlı “Moskva-Baku” portalına şərhində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Aleksandr Yuryeviç, Avropa İttifaqının vasitəçiliyi ilə bir ayda ikinci dəfə İlham Əliyevlə Nikol Paşinyan arasında planlaşdırılmış görüş pozulub. Sizcə səbəb nədir?
- Azərbaycan uzun müddətdir ki, Aİ-nin özünə qarşı müxtəlif hücumlarına dözürdü, lakin indi Qarabağın qaytarılmasından sonra nəinki yorulub, hətta belə bir addım atmaq imkanı da var. Qərb Azərbaycan kimi müstəqil oyunçuları sevmir. Bundan başqa, Qərb müsəlman dünyasını, türk dünyasını sevmir.
Niyə Azərbaycan fundamental olaraq özünə qarşı mənfi münasibət bəsləyən vasitəçinin “xidmətlərindən” istifadə etməyə davam etməlidir? Üstəlik, bütün problemləri özünüz həll etmisinizsə və bunu etməyə imkanı olmadığı halda niyə onun "xidmətlərindən" istifadə etməyə davam etməlisiniz? Avropa İttifaqı bəzən nə qədər zəhər tüpürsə də, faktiki olaraq Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcək, çünki bu, onun üçün mühüm enerji mənbəyidir. Üstəlik, gördüyümüz kimi, sanksiyaların tətbiq olunduğu ölkələr son nəticədə onlara uyğunlaşır. Biz bunu Rusiya və İranın timsalında görürük.

Qərəzli vasitəçi ilə iş görə bilməzsiniz. Azərbaycan diplomatik cəhətdən güc və sakitlik nümayiş etdirir. Ermənistan-Azərbaycan münaqişəsinin ən əsas məsələsi- Qarabağ məsələsi bağlanıb. Tam şəkildə. Bunu Putin, Lavrov və Rusiya hökumətinin bütün nümayəndələri də deyib.
Azərbaycana təzyiq etmək olmaz. Xüsusən də o, Qarabağı tamamilə qaytardıqdan sonra. Üstəlik, beynəlxalq institutların və vasitəçilərin 30 illik fəaliyyətsizliyinə və Ermənistanın müxtəlif hakimiyyət orqanlarının ərazilərin ədalətli şəkildə öz sahibinə qaytarılmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, o, ümumilikdə bütün ərazilərini geri qaytarıb. Azərbaycan özünü təkcə regional postamentdə deyil, həm də regiondan kənarda yerləşdirib.
İndi Azərbaycan incə, diqqətlə, diplomatik yolla göstərir ki, bundan sonra hansı addımın atılacağını vasitəçilər yox, məhz özü seçir. Və o, bunu müasir dünyada çox olmayan, lakin geosiyasi vəziyyətin dəyişməsi ilə sayı artan suveren dövlətlərdən biri kimi edir. Artıq regionda olan Azərbaycan Qərbə göstərir ki, onu nəzərə almaq lazımdır. Qərb hegemonluğu baxımından bu, ağlasığmazdır. Lakin bu duruş hörmətə layiqdir.
- Rusiya-Ermənistan münasibətlərində getdikcə artan problemləri necə xarakterizə edərdiniz? Çoxları Nikol Paşinyanın düşünülmüş siyasətinin, onun Ermənistanı Rusiyadan qoparmaq vəzifəsi ilə hakimiyyətə gətirildiyinə bağlı olduğunu deyirlər. Yaxud ikinci variant- belə ilkin vəzifə yox idi və o, şəraitə uyğun hərəkət edir və Qərb bundan Cənubi Qafqazdakı problemlərinin həlli üçün alət kimi istifadə edir.
- İrəvan nədənsə hesab edirdi ki, Rusiya Azərbaycanla münaqişədə Ermənistanı fəal şəkildə müdafiə edəcək, həm qidalandıracaq, həm də mübarizə aparacaq. Və bunun belə olmadığı ortaya çıxanda Paşinyan başqa “sponsor” və “müdafiəçi” axtarmağa qaçdı. Və indi də bunu davam etdirir. Bu, çox da uğurlu olmayan mövqedir. Biri ilə alınmır, başqasını taparam. Amma sponsor olmalı və mənim problemlərimi həll etməlidir. Hesab edirəm ki, Paşinyanın siyasətində hər şey situativdır.
- Niyə Rusiya əvvəllər olduğu kimi Ermənistanın problemlərini həll etməyə başlamadı?
- İndiki Rusiya çox praqmatikdir. Bəli, imperiya dövründə, Sovet İttifaqı dövründə Rusiya ermənilərə dəstək verib. Bu gün Rusiya, Şərq dövlətləri, İslam dünyası, o cümlədən türkdilli ölkələrlə əlaqələri gücləndirir. Bunlar dövrün geosiyasi tendensiyalarıdır. Bundan başqa, Azərbaycan beynəlxalq statusunda çox yüksəlmişdir.
- Qərb Ermənistana hər cəhətdən fəal şəkildə kömək edir: Qarabağla bağlı siyasi vəziyyəti, konkret olaraq ərazidə və mənəvi cəhətdən maliyyələşdirməklə. Avropa İttifaqı bir struktur olaraq və ayrı-ayrı Aİ ölkələri Ermənistana maliyyə vəsaiti göndərir, Kanada və ya Fransa kimi ayrı-ayrı ölkələr respublikaya gəlir...
- İrəvan ölkənin təhlükəsizliyinin istiqamətini dəyişəcəyini bildirib. Biz artıq İrəvanla Paris arasında silah tədarükünə dair razılaşmanı və əslində ordu islahatının daha yüngül variantını görürük. Yəni, NATO sisteminəa keçid islahatlarının başlanğıcı.
Qərb Cənubi Qafqazda mövcudluğunu gücləndirəcək. O, regionda öz vassalının olmasını istəyir. Bu isə təkcə Rusiyaya qarşı deyil, həm də Türkiyə, İran və Azərbaycana qarşıdır.
Ermənistanda NATO bazası olacaqmı? Paşinyan ölkəsini yaxşı satmağa çalışmalıdır ki, ona pul versinlər. Çünki Ermənistan çox problemli ölkədir. Ermənistanı Qərbin forpostuna çevirməyə çalışırlar.
Paşinyanın bəyanatlarında həmişə çoxlu ziddiyyətlər olur. O, həm də öz millətçilərinə diqqət yetirir. Beyin yoxdur, istək var. Beləliklə, ziddiyyətli ifadələr. Ölkəsinin milli maraqları, iqtisadiyyatı önəmli olan dövlət başçısı razılığa gəlməyə çalışardı. Və əvvəllər Ermənistan Qarabağla bağlı kompromislər barədə düşünməli idi. Baş verənlər gözlənilən idi.
Aydın deyil, Ermənistan nəyə ümid edir- daxildə NATO bazalarına, Qərbin onu dişinə qədər silahlandıracağına? Bu baş verməyəcək. Tutaq ki çoxlu NATO bazaları var, nə olacaq ki? Qərb Ermənistanı silahlandırsa belə, uzağı müəyyən silahlar verəcək, amma çətin ki, bu, havanı kökündən dəyişsin. NATO isə və münaqişəyə və Ermənistanın birbaşa müdafiəsinə qarışmayacaq.
Əgər Ermənistan, separatçılar və ya onların lobbiçiləri qisas almaq istəsələr, bunun sonu son dərəcə acınacaqlı olacaq. Çünki Azərbaycanın hərbi-iqtisadi komponenti qat-qat güclüdür. Amma Qərb o qədər də kömək edə bilməyəcək.
- Paşinyan son açıqlamalarında İrəvanın qonşuları ilə münasibətləri inkişaf etdirməyin vacib olduğunu söylədi, Tiflisdə isə dedi ki, biz nəqliyyat və iqtisadi əlaqələrin açılmasını istəyirik. Yekun nəticə nədir - bunu istəyirlər, ya yox?
- Yumşaq desək, Ermənistan üçün yaxşı olardı ki, çoxdan qonşuları ilə münasibətləri yaxşılaşdırsın, ticarət etsin, əhalisinin həyat səviyyəsini yaxşılaşdırsın. Amma təcrübənin göstərdiyi kimi, Ermənistan əks bəyanatlar versə də, nədənsə buna o qədər də hazır deyil. Ümumiyyətlə, onlar xalqın necə yaşadığına əhəmiyyət vermirlər.
Biz indi Zəngəzur dəhlizi ilə bağlı necə maraqlı tendensiyaların inkişaf etdiyini görürük. Rəsmi Bakı bəyan etdi ki, İrəvanın özü də buna maraq göstərməlidir, çünki Azərbaycan artıq İranla Zəngəzur dəhlizinə alternativ yolu həyata keçirməyə başlayıb. Rusiya baş nazirinin müavini Overçuk isə Ermənistanın bu dəhlizlə bağlı qərar vermədiyini bildirib. Ona görə də Ermənistanın “qatarı” yenidən yola düşür və ənənəyə uyğun olaraq (onilliklərdir ki) yenə başqalarının yox, özünün vəziyyətini pisləşdirir.
Bu mövqe normal ölkənin mövqeyi deyil. Bunlar istəklər, arzular, duyğulardır. Ancaq siyasətdə və diplomatiyada bu mümkün deyil- nəyin kimin xoşuna gəlmədiyini heç vaxt bilmirsən.
Ermənistan mövcud qonşuları əsasında mövcud olmağı öyrənməlidir. Və qonşular çox konstruktiv və praktikdir. Nə qədər ki, hər hansı bir hakimiyyət altında olan Ermənistanın ancaq arzuları və “istəkləri” var, o, heç vaxt ölkəsi üçün yaxşı heç nəyə nail olmayacaq. Paşinyan eyni vaxtda bir neçə stulda oturmaq istəyir.
-Sülh müqaviləsinin taleyi necə olacaq?
- Onun perspektivinə kimin ona daha yaxşı təzyiq göstərməsindən asılı olaraq, milli maraqlarını müdafiə edən Azərbaycanın siyasəti ilə ora-bura fırlanan Ermənistanın siyasəti prizmasından baxılır. Qərbin bütün fəallığına baxmayaraq Rusiyanın yenə də Paşinyana təzyiq edə biləcəyini istisna etmirəm.
Tərcümə - Elçin Bayramlı