PREZİDENT İLHAM ƏLİYEV: «Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik»
Bəli, bu dünyada analoqu olmayan və sərhəd tanımayan qardaşlığın, ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün iki güclü Liderlərin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Və bu əbədi və sarsılmaz qardaşlıq birliyi ilə Cümhuriyyətin 100 illik yubileyi günündə hər iki qardaş dövlətlərin xalqları olaraq böyük Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını, qanını əsirgəməmiş türk qəhrəmanlarını ehtiramla yad edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda əbədiliyin, qardaşlığın, sarsılmaz birliyin nə qədər yüksək olduğu yer alıb. Məktubda bildirilir ki, bir əsr bundan əvvəl Türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olmuş, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırmışdı.
«İSTİQLALINA ŞƏHİDLƏRİNİN CANI VƏ QANI BAHASINA QOVUŞAN TÜRKİYƏ YÜZ İL SONRA DÜNYADA ƏSAS SÖZ SAHİBLƏRİNDƏN BİRİ OLAN QÜDRƏTLİ DÖVLƏTDİR»
«İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir».
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Atatürkün əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm amillərdir».
Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyduğumuzu vurğulayan Azərbaycan Prezidenti bildirib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir».
«TARİXƏN OLDUĞU KİMİ, AZƏRBAYCAN VƏ TÜRKİYƏ XALQLARI BU GÜN DƏ BİR-BİRİNİN YANINDADIR»
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda o da bildirilir ki, tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz (Rəcəb Tayyib Ərdoğan – red.) başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq: «Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.
Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik».
Bu tarixi gündə qardaş Türkiyə xalqının sevincinə qoşulduğunu bildirən Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıb.
BU GÜN TÜRKİYƏ VƏ TÜRK DÖVLƏTLƏRİNİN BİRGƏ SƏYİ İLƏ ŞANLI TARİX ÜZƏRİNDƏ BÖYÜK GƏLƏCƏK QURULUR
Bundan tam 100 il əvvəl, oktyabrın 28-də türk xalqının ulu öndəri Qazi Mustafa Kamal Atatürk ölkə rəsmilərini Çankaya köşkündə axşam yeməyinə toplayaraq məşhur, “Əfəndilər, sabah cümhuriyyəti elan edəcəyik” sözlərini işlədir. Təqvim cümə günü, 1923-cü il 29 oktyabr tarixini göstərdikdə isə insanlarla dolu parlament binasına daxil olan Atatürk bir neçə görüş keçirdikdən sonra məclis kürsüsünə çıxaraq “Suverenlik qeyd-şərtsiz millətə məxsusdur” sözləri ilə Türkiyə Cümhuriyyətini elan edir. Binaya toplaşanlar bu ifadəni “Yaşasın Cümhuriyyət” şüarı və alqışlarla qarşılayırlar. Bunun ardından, “Türkiyə dövlətinin idarəetmə şəkli respublikadır” başlıqlı qanun layihəsi və Qazi Mustafa Kamal Paşanın yeni Türkiyə dövlətinin ilk prezidenti seçilməsi təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edilir və 158 parlament üzvünün səs birliyi ilə qəbul olunur.
Yarandığı gündən ədaləti, demokratiyanı, insan hüquqlarını və bərabərliyi özünə rəhbər tutan Türkiyə dövləti təhsil, nəqliyyat, idman, infrastruktur, mədəniyyət kimi müasir dünyanın ehtiyaclarına cavab verən bütün sahələri sürətli inkişaf etdirməyə çalışır. Ölkədə böyüməni sürətləndirmək və sənayeləşməni təşviq etmək üçün iqtisadi siyasətdə dəyişikliklər edilir. Sənaye istehsalı və ixracatın əhəmiyyəti artır. Bir sıra iqtisadi islahatlar və modernləşmə təşəbbüsləri həyata keçirilir. Kənd təsərrüfatı strukturunun dəyişdirilməsi, infrastrukturun inkişafı, yeni sənaye sahələrinin yaradılması kimi məsələlər ön plana çıxır. Bütün bunlarla yanaşı, ötən yüz ildə ölkə hərbi çevrilişlər, terror, iqtisadi böhranlar, xarici borclar, təbii fəlakətlər kimi bir çox imtahanlardan keçir. Böyük mübarizələrlə ötən bu bir əsrin tamamında, bu gün Türkiyə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib.
Bu gün isə, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində keçən son iyirmi ili ərzində hər sahə üzrə inkişafını tam sürətlə davam etdirən və iri addımlarla yeni hədəflərə doğru irəliləyən qardaş ölkə Türkiyə bu gün yeni əsrinə böyük qürurla qədəm qoyur.
TÜRKİYƏ VƏ AZƏRBAYCAN, HƏMÇİNİN 102 İL GECİKMİŞ BİR SƏNƏDİ – ŞUŞA BƏYANNAMƏSİNİ İMZALADILAR
Bəli, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmazdır. Bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfərinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədərimizə şərik olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası 2020-ci 10 dekabr tarixində Zəfər parada qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. İşğaldan azad edilən ərazilərimizə ilk səfər edən qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın olması iki qardaş ölkənin münasibətlərinin möhkəm təmələ malik olduğunun, Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dünyaya bir nümunə, örnək olduğunun göstəricisidir.
Digər ən mühümü isə, 15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Türkiyə və Azərbaycan, həmçinin 102 il gecikmiş bir sənədi – Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzaladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda bildirir ki, biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir: «Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik».
Məhz bu əsrlərə bağlı olan bu birlik, dostluq və qardaşlıq münasibətlərin növbəti təzahürü isə, cari ilin iyunun 12-də Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana gerçəkləşdirmə təqvimi, ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olması, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin, bu münasibətlərin maraqlara deyil, dəyərlərə əsaslanmasının dünyaya bir mesajı olmaqla, öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına güclü ölkənin güclü liderlərinin bu dəyərlərin gücü ilə çıxmaları və onlara öz yerlərini göstərmələridir. Və bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!
Bir sözlə, Azərbaycan və Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirməklə yanaşı, bu birlik həm də regional güc kimi mühüm əhəmiyyətə malikdir. Bu gün öz liderlərinin sayəsində hər iki ölkə bütün dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən güc kimi tanınırlar. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.
Və bu gün bu tarixi gündə Azərbaycan xalqı da qardaş Türkiyə xalqının sevincinə qoşulur, uğurları ilə fəxr edir, onun hər bir uğurundan qürur hissi keçirir. Cümhuriyyət Bayramın mübarək, qardaş Türkiyə!
RƏFİQƏ KAMALQIZI