Oktyabr ayının 28-də Ağcabədi Bayraq muzeyinin zalında YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunun seçmə mərhələsi üzrə “E” qrupunda yarışlar keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin və Azəbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Yarışdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirin açılışında çıxış edərək qonaqları salamlayaraq qeyd etmişdir ki, bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Cari ilin əvvəllərindən başlayaraq Respublikamızın hər yerində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş çoxsaylı tədbirlər keçirilməyə başlanılmış və hazırda bu kimi tədbirlərin keçirilməsi davam edir.
Növbəti tədbir isə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan “ İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi tərəfindən keçirilir. Mən fürsətdən istifadə edərək regional müsabiqənin Ağcabədi rayonuna salınmasına görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu günkü müsabiqədə 11 rayonun - Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Naftalan, Xocavənd, Şuşa, Tərtər, Beyləqan, Goranboy və Laçın rayonlarının komandaları mübarizə aparacaqlar.Tədbirin ev sahibi olaraq tərəfimizdən hazırlıq işləri yüksək səviyyədə təşkil edilmişdir. Əsasnaməyə müvafiq olaraq 11 komanda arasında ən yüksək xal toplayan 3 komanda finala vəsiqə qazanacaqdır.
R.Əhmədov “Azərbaycan İntellektual Klublar Assossasiyası”nın Ağcabədiyə təşrif buyurmuş nümayəndələrinə təşəkkür edərək, yarış iştirakçılarına uğurlar arzulamışdır.
3 turdan ibarət keçirilən müsabiqədə Şuşa rayonunun komandası I yerə, Goranboy rayonunun komandası II yerə, Füzuli rayonunun komandası III yerə layiq görülmüşdür.
Ümumilikdə, Respublikanın 7 şəhərində keçirilən seçmə yarışlarında qalib gəlmiş 21 komanda noyabr ayında Bakı şəhərində Gülüstan sarayında final yarışlarına qatılacaqlar.
Yarışın sonunda komandaların üzvləri xatirə şəkli çəkdirmişlər.