PDF Oxu

Siyasət

  • 2 765

Ərəb dünyası ilə iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf etdirilir ŞƏRH

Ərəb dünyası ilə iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf etdirilir ŞƏRH

Son zamanlar beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ovaxtkı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. Ər-Riyadda 2014-cü ildə keçirilmiş “ I Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Həmçinin, Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib. Eyni zamanda, Ərəb ölkələri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Həmçinin, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Ölkəmizin yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Laçın rayonundan keçən Laçın-Xankəndi yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib.

Hər iki ölkə arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. Sonuncu iclas 2021-ci ilin noyabrında Dubay şəhərində baş tutub. Səkkizinci iclasın sonunda imzalanan yekun protokolda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, yaşıl enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin ölkələr arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur. 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.

4 iyun 2022-ci il tarixində Şuşa şəhərində Bakı Enerji Həftəsinin keçirilmiş xüsusi sessiya çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur. Eyni zamanda, iki ölkə arasında turizm əlaqələri də genişlənir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir daşıyır. Ona görə ki, Azərbaycan Respublikası 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. 2016-cı ildə Azərbaycan Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına təkan verir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər