Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib. Aksiya iki gün davam edib.
Aksiya iştirakçıları öncə Quba rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünüə qızılgül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb, abidələri önünə qızılgüllər düzülüb.Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən lazımi tibbi xidmətlər göstərilib.
Aksiya barədə məlumat verən YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib ki, bu, “Zəfər Azərbaycanındır” şüarı ilə keçirilən beşinci aksiydır: “Bundan əvvəl Sabirabad, Saatlı, Kürdəmir rayonları və Lənkəran şəhərində həkimlərimiz tərəfindən şəhid ailələrinin üzvləri və qazilərimiz üçün müxtəlif müayinələr aparılıb, onlara müalicələr təyin olunub”.T.Cahangirovun sözlərinə görə, 100-ə yaxın şəhid ailəsi üzvü və qazi üçün kardioloji, nevroloji və endokrinoloji müayinələr həyata keçirilib. “Bizim komandamızda nevroloq, endokrinoloq, müasir rəngli doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinəsi mütəxəssisləri də var idi. 2 gün ərzində gərgin əmək sərf edən həkimlərimizə dərin təşəkkürümü bildirirəm. YAP İdarə Heyətinin üzvü belə aksiyaların davamlı olacağını deyib: “Biz qarşıdakı aylarda növbəti aksiyalarımızı keçirməyi planlaşdırırıq. Ümumiyyətlə, belə aksiyaların respublikanın bütün bölgələrini əhatə etməsini nəzərdə tuturuq”.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Bildirib ki, respubikamızın hər yerində olduğu kimi, Quba rayonunda da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Qubada keçirilən tibbi aksiya da bu qəbildəndir. Sədr Qubada şəhid ailələri, qazilər, onların ailə üzvlərinin tibbi müayinəsinin həyata keçirilməsinin çox xeyirxah bir missiya olduğunu vurğulayıb.