Günümüzün reallıqları Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə zamanında və yüksək səviyyədə çatdığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bu məqamı bir daha diqqətə çatdırdı ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz, cəmiyyətdə birlik var. Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var. 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bu günümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin “Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” tezisinin təsdiqidir.
2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Ümumiyyətlə, alternativ enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan dövləti bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir. Azərbaycan dövlətinin ölkənin enerji müstəqilliyini bərpa olunan mənbələr hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərməsi heç də təsadüfi deyil. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Cənab Prezident işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının əməkdaşı