PREZİDENT İLHAM ƏLİYEV: «Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir»
2023-cü il, 15 oktyabr tarixində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Dövlətimizin başçısı gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. Və son 20 ilin uğurları bir daha sübut etdi ki….
ONUN SÖZÜ İMZASI QƏDƏR KEÇƏRLİDİR
Çünki Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Və xalqımız dövlətimizin başçısının son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. Xüsusilə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu. Amma işğalçının havadarları imkan vermədilər ki, münaqişə sülh yolu ilə tənzimlənsin və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın.
Sözsüz ki, Prezident İlham Əliyev bütün bunları görürdü və yaxşı bilirdi ki, işğalçı ölkə keçmiş status-kvonu qorumaq üçün havadarlarından aldığı tapşırıqların icrasını təmin edir. Keçmiş münaqişənin həlli istiqaməti üzrə yaradılan ATƏT-in tarixin arxivinə göndərilən Minsk qrupunun da xristian təəssübkeşliyi ikili standartların tətbiqini şərtləndirirdi. Məhz uzaqgörən Lider kimi Prezident İlham Əliyev ordumuzun gücünü gündən-günə artırdı. Ən müasir silahlar alındı, gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində çox mühüm işlər görüldü. Zaman yetişdi, Azərbaycanın səbir kasası daşdı və 2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.
Məğlub Ermənistan sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirərək vaxt istədi. Amma həmişə olduğu kimi, yenə də erməni məkri özünü büruzə verdi. Havadarlarına arxalanan Ermənistan həm sülh müqaviləsi imzalamaqdan boyun qaçırır, həm də Qarabağdakı separatçıları silahlandırır, keçmiş qondarma "Dağlıq Qarabağ Respublikası"na dəstək olurdu. Azərbaycan Prezidentinin dəfələrlə separatçılara xəbərdarlıq etməsinə baxmayaraq, separatçı dəstələr tez-tez hərbi təxribatlar törədirdilər. Nəhayət, bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Bunun ardınca qondarma qurum ləğv edildi və oktyabrın 15-də tariximizdə daha bir şanlı səhifə açıldı.
«AZƏRBAYCAN XALQININ ONİLLİKLƏR ƏRZİNDƏ OLAN ARZULARINI ÇİN ETDİK»
Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləyib ki, özünü “prezident” adlandırmış üç təlxək bax, burada (Xankəndidə - red.) oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq: «Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il», - deyən dövlətimizin başçısı xatırladıb ki, üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı.
Prezident İlham Əliyev, həmçinin bildirib: “Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik».
«Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir»,- deyən dövlətimizin başçısı bildirib: «Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”.
Bəli, Azərbaycan Prezidentinin Xankəndi müraciəti mərkəzi hakimiyyətin Qarabağın gələcəyinə, Ermənistanla normallaşma münasibətinə ismarışdır. Prezident İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinə uzanan, ölkəni qarışdıran əlləri kəsdi. Azərbaycanın qanayan yüzillik yarası sağaldı...Bir sözlə, bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət, fəxarət salnaməsidir. Dövlət başçımızın söylədiyikimi: «Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
RƏFİQƏ HÜSEYNOVA