Azərbaycan xalqı qalib və müzəffər xalqdır. Ordumuz isə məğlubedilməz və hər bir maneəni qətiyyətlə almağa qadir, qarşısına qoyulan istənilən məqsədə nail olmağı bacaran ordudur. Yüz illər keçsə də, Azərbaycan xalqının qazandığı bu qalibiyyət unudulmayacaq. Əksinə, hər gələn yeni nəsil bugünkü parlaq tarixi öz düşüncəsinə uyğun təqdim etməklə Azərbaycan xalqının siyasi, hərbi, diplomatik uğurlarına yeni çalarlar, rənglər əlavə etmiş olacaq. Bu baxımdan bugünkü insanlar xoşbəxt insanlardır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələrin şahidləridir. Təəssüflər olsun ki, uğurlarımıza, xüsusilə də, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyimizə qısqanclıqla yanaşanlar var. Onlar hər fürsətdə çalışırlar ki, diqqətlərini Azərbaycanda baş verən ictimai- siyasi hadisələrə yönəldən xarici ölkə vətəndaşlarında suallar yaratmağa xidmət edən fikirlər formalaşdırsınlar. İstəklərinə nail ola bilməsələr də, bəd əməllərindən də əl çəkmirlər. Təbii ki, Azərbaycanın dağıdıcı müxalifətini ölkəmizin milli və dövlətçilik maraqlarına qarşı düşmən mövqe sərgiləməyə xarici maraqlı dairələr təhrik edirlər. Məhz məkrli xarici qüvvələr ölkəmizin 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbədən ciddi narahat olduqlarından Ermənistana dəstək verməklə Azərbaycana yamanlıq etməyə çalışırlar.
Əli Kərimli pul qarşılığında milli mənafeyimizə zidd açıqlamalarla çıxış edir
Ermənistana bacılıq edən Fransanın açıq şəkildə erməni separatizmini dəstəkləməsi və Ermənistan hərbi, siyasi, maliyyə dəstəyi nümayiş etdirməsi, ABŞ tərəfindən idarə olunan marionet ölkə Kanadanın xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməsi və Azərbaycana qarşı sanksiyalar tətbiq olunacağı barədə absurt hədə mesajı ilə çıxış etməsi Belçikanın, Almaniyanın və Hindistanın cəfəng bəyanatlarla çıxış etmələri, hətta Hindistanın Ermənistana hərbi dəstək göstərməsi Azərbaycanın dünya siyasət meydanında yerinin və rolunun möhkəmlənməsindən sözügedən dövlətlərin həddindən artıq narahat olmalarından irəli gəlir. Ona görə də, beynəlxalq platformalarda və erməni lobbisi ilə görüşlərində Azərbaycana qarşı beynəlxalq hüquq normalarına zidd açıqlamalarla çıxış edirlər. Sapı özümüzdən olan baltalar, o cümlədən, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Fuad Qəhrəmanlı və digərləri də maddi və mənəvi cəhətdən xarici fondlardan asılı olduqlarından onların sifarişlərini yerinə yetirirlər. Əgər Ə.Kərimli və ətrafında olan trollar xarici fondlardan hər hansı formada maddi dəstək almasalar, onların istəklərini və tələblərini də dilə gətirməzlər. Necə ola bilər ki, dünyanın əksər millətləri, Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazanmasından həsədlə danışır, paxıllıq hissi ilə fikirlər səsləndirib, müzakirələr qururlar. Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digərləri birbaşa Koçaryan, Sarkisyan, Ohanyan kimi sərsəm, böhtanlardan ibarət fikirlər səsləndirirlər. Xankəndidə üçrəngli bayrağımız ucaldıqdan sonra Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Fuad Qəhrəmanlı və digərləri hadisələrin hazırkı vəziyyətinə dəxli olmayan açıqlamalarla çıxış edirlər. Daha doğrusu, Ə.Kərimli çeynənmiş sözlərini növbəti dəfə səsləndirməklə, əslində, idarəolunan məxluq olduğunu nümayiş etdirir.
“Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”
Ə.Kərimli gah deyir ki, “Zəngəzur dəhlizi”nin açılması Azərbaycanın maraqlarına cavab vermir, gah da iddia edir ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının uzanması Azərbaycanın vaxt itkisidir: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin ertələnməsi hansı risklər yaradır? Prezident İlham Əliyevin vaxtilə Zəngəzur dəhlizi haqqında söylədiyi "istəməsələr, zorla həll edəcəyik" bəyanatından Azərbaycan hakimiyyəti artıq rəsmən imtina etdi. Bəs vaxtilə verilmiş bu səhv bəyanatın ötən illərdə Azərbaycana nələrə başa gəldiyini, ölkəmizə hansı zərərlər vurduğunu bilirsizmi?”. Birincisi, bu məxluq anlamalıdır ki, bir var müharibə dövrü, biri də var müharibədən sonra olan dövr. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bütün addımlarını və fikirlərini zərgər dəqiqliqi ilə ölçüb, biçib və atıb. Hər bir çağırışını və mövqeyini müharibə dövründə müharibə qaydalarına uyğun, müharibədən sonrakı dövrdə isə məhz sülhə və təhlükəsizliyə xidmət edən mövqedən çıxış etməklə ifadə edib. İkincisi, Cənab Prezident “zor gücünə məsələni həll edəcəyik”, - deməyib. Cənab Prezident Qarabağa səfəri zamanı məsələni yenidən gündəmə gətirdi və qeyd etdi ki. biz Zəngəzura sülh yolu ilə, maşınlarla gedəcəyik. Bu fikir Ə.Kərimlini və ətrafında olanları qane etmirsə, deməli, onların başlarında ciddi problemləri var. Yəni, psixoloqa müraciət etməlidirlər. Üçüncüsü isə, artıq Qarabağ məsələsi bitib və Azərbaycan qalib dövlət olaraq diktə edən tərəfdir. Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan tərəfi sülh sənədini və çağırışını gözdən keçirə bilər. Müharibə istəyirsə, yenə də Azərbaycan hazırdır. Lakin Ermənistan anlamalıdır ki, bu dəfə müharibə baş versə, İrəvan Azərbaycan əsgərinin tapdağı altında qalacaq.
Bir sözlə, dağıdıcı müxalif funksionerlər nə qədər boşboğazlıq etsələr və sərsəm açıqlamalarla çıxış etsələr, daha çox ziyan çəkməli olacaqlar. El məsəlidir: “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Bu reallığı Ə.Kərimli və troll dəstəsi də anlamalıdır. Əks halda, onlar üçün növbəti fəlakət qaçılmaz olacaq.
İ.ƏLİYEV