PDF Oxu

Siyasət

  • 2 127

Sosial siyasətin mahiyyəti: DOST mərkəzləri TƏHLİL

Sosial siyasətin mahiyyəti: DOST mərkəzləri TƏHLİL

DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib

"ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilən DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə Azərbaycan bu sahədə də öz sözünü demiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir. Bu ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 518 min vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. "Könüllü DOST" proqramına isə bu ilin 9 ayında 20,8 minə yaxın müraciət olub və proqrama daha 1123 nəfər cəlb edilib.
Ölkəmizdə bu və ya digər lahiyələrin reallaşması onu göstərir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər insanların rifahının daha da yüksəlməsinə yönəldilib. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır. Bu gün ölkəmizdə DOST mərkəzlərinin sayı 7-ə çatıb.
Əlbəttə ki, postmüharibə dövründə də sosial sahədə, o cümlədən DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini nümayiş etdirir. Ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri hər bir vətəndaşda məmnunluq yaradır. Vətəndaşların böyük etibarını qazanıb. Sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması Azərbaycanın yeni brendinin spesifik cəhətləri sırasındadır. Göründüyü kimi, davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən mərkəzlərdə müxtəlif xidmətlərdən yararlana bilirlər. Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.
Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasını şərtləndirən, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində əhəmiyyətli dəyişikliyə səbəb olan DOST konsepsiyası ölkəmizdə həyata keçirilən institusional-struktur islahatlarının mühüm tərkib hissəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər