PDF Oxu

Siyasət

  • 1 529

Laçınlıları el-obasını çatdıran karvanlar TƏHLİL

Laçınlıları el-obasını çatdıran karvanlar TƏHLİL

Köç karvanları el-obasından didərgin düşənləri mənzil başına aparır. O mənzil başına ki, illər öncə od-alov içində bu mənzilləri ah-nalə ilə tərk etmişdilər. Evlər gülləbaran olunur, el-oba virana dönürdü. Ömürlərini zəhmət ilə keçirən və özlərinə yurd-yuva quran zəhmətkeş insanların yaşayış yerini dağıdan azğın düşmən nə qocaya, nə qadına, nə də uşağa məhəl qoymurdu. Özgə torpağında hökmranlıq etmək niyyətində olanlar düşünmürdülər ki, zaman yetişəcək bu insanların ah-naləsi yerdə qalmayacaqdır. Hər şey üçün cavab verməli olacaqlar. Minlərlə insanın həyatına qəsd edənlərin məhkəməsi ağır olur. Zaman yetişdi və Azərbaycan öz torpaqlarını mənfur düşməndən azad etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi.
Bu gün nisgilli ömür yaşayalar öz yurd yerlərinə qayıdırlar. Yenidən həyat gülür, yaşıb-yaratmağa bir çağırış vardır. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə, yəni 59 nəfər yola düşüb. Bu gün, həmçinin Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış daha 4 ailə (11 nəfər) isə yaşadıqları ərazidən yola salınacaq. Onlar Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb. Bununla da Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin ediləcək.

"BİZ LAÇINI HƏM DÖYÜŞ MEYDANINDA, HƏM SİYASİ YOLLARLA QAYTARDIQ"

Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Əlbəttə ki, 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident döyüş meydanında əldə edilmiş parlaq qələbənin bu gözəl nəticəyə gətirib çıxardığını və üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçının bizə qaytarıldığını qeyd etmişdi.
"Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır" deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir", - deyə Azərbaycan Prezidenti bildirmişdir.

"LAÇININ İŞĞALI ÖLKƏMİZ ÜÇÜN BÖYÜK FACİƏ İDİ"

18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçın işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.
Dövlət başçımız Laçının işğalı ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi, - deyərək bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu qeyd etmişdi: "AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur".

HAVA LİMANININ YERİNİ MÜƏYYƏN EDƏRKƏN BÖYÜK ÇƏTİNLİKLƏRLƏ ÜZLƏŞMİŞDİK

Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Bu gün Şuşamızda, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevriləcəkdir. Artıq Laçın yenidən qurulur. Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. "O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək", - deyə Prezident qeyd edib.
Görülən və görüləcək işlər böyük quruculuq, abadlıq işləridir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər