PREZİDENT İLHAM ƏLİYEV: «Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir»
Bu gün artıq Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi reallıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Belə ki, 2023-cü il 26 oktyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərindən gələn geniş nümayəndə heyətinin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi dediklərimizin təsdiqidir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir: «Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq».
Bunun regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dünyada ilk dəfə 19-cu əsrin ortalarında neftin istehsal olunduğu ölkədir: «İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir».
SON 20 İLDƏ ENERGETİKA SEKTORUNDA APARILAN SİYASƏT AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Uğurla həyata keçirilən enerji siyasəti nəticəsində Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli aktorlardan birinə çevrilib. Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Xüsusilə də, dünyada cərəyan edən proseslər fonunda Avropa ölkələrinin Azərbaycanın enerji ehtiyatlarına olan marağı daha da artıb. Bu isə Azərbaycanın müəllifi olduğu layihələrin əhəmiyyətini daha da artırıb. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasətinin uğurlu nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının və əldə olunan qələbələrin arxasında böyük işlər və ağır zəhmət dayanır. Xüsusilə də, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır.
«QARADAĞ» STANSİYASININ İSTİFADƏYƏ VERİLMƏSİ «YAŞIL ENERJİ» HƏDƏFLƏRİMİZƏ DOĞRU İNAMLI ADDIMDIR
Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması getdikcə daha da möhkəmlənir. Həm də yeni-yeni sahələri əhatə edir. Son illər bərpaolunan enerji sahəsinin inkişafı istiqamətində atılan addımlar buna əyani misaldır. Göründüyü kimi, Prezident İlham Əliyev ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasının - "Qaradağ" Günəş-Elektrik Stansiyasının açılışını da etdi.
Xatırladaq ki, hələ bu il yanvarın 15-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Masdar" arasında ölkəmizdə 2 QVt gücündə Dənizdə Külək və Hidrogen layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanmışdır.
Bu günlərdə, "Qaradağ" stansiyasının açılışından sonra isə "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company - "Masdar" şirkəti arasında Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda günəş-elektrik stansiyaları, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı investisiya müqavilələri imzalanması baş tutdu. Azərbaycandakı layihələrə Birləşmiş Ərəb Əmirlikləri də böyük önəm verir. BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir "Qaradağ" stansiyasının açılışındakı çıxışında bunu belə ifadə edib: "Bu tədbir Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir tədbirdir… "Masdar"ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksəksəviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsinlər. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir. Cənab Prezident, mən Sizin çox nəcib, xoş sözlərinizi çox yaxşı xatırlayıram. Elə bu ilin əvvəlində Əbu-Dabidə Dayanıqlılıq Həftəsində çıxışınızı yaxşı xatırlayıram. Siz dediniz ki, Azərbaycanın bərpaolunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar idi, hətta mən deyərdim, strateji bir addım idi. Bu, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, "yaşıl iqtisadi artım" üçün strateji addım idi. Zati-aliləri, bu yanaşma Birləşmiş Ərəb Əmirliklərinin də yanaşmasının güzgüdəki əksinə bənzəyir. Əslində bu, Birləşmiş Ərəb Əmirliklərinin ötən iyirmi il ərzində qəbul etdiyi bir yanaşmadır. Bu gün Birləşmiş Ərəb Əmirlikləri böyük fəxarət hissi ilə "Masdar" kimi mütərəqqi enerji şirkətinin timsalında bunu sərgiləmiş olur. Bildiyiniz kimi, "Masdar" dünyanın aparıcı, məhz bərpaolunan enerji şirkətinə çevrilmişdir. Bu layihə ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir".
Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
«ÜMUMİYYƏTLƏ, QARABAĞ, ŞƏRQİ ZƏNGƏZUR VƏ NAXÇIVAN ARTIQ YAŞIL ENERJİ ZONASI KİMİ ELAN OLUNUB»
Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə bərpaolunan enerjinin əldə olunması üçün əlverişli mühit yaranıb. Qarabağda günəş, külək enerjisi növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq işğaldan azad edilmiş ərazilər, yəni, 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Azərbaycanın inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Ötən il işğaldan azad edilmiş ərazilərdə ümumi generasiya gücü 20 meqavat olan 4 su-elektrik stansiyası bərpa edilib. Bu il isə 5 su-elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Bu stansiyaların generasiya gücü 27 meqavat olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarının istismara verildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq: «Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub».
Bəli, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və "yaşıl enerji" zonası yaratsın. Qeyd edək ki, bu istiqamətdə çox böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və həm də etibarlılığına görə Avropanın enerji körpüsünə çevrilir.
İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində respublikamız enerji idxalçısından etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir. Dövlət başçımızın söylədiyi kimi, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonasına çevriləcək.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.
Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. 2022-ci il mayın 3-də Prezidentimiz İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" çox mühüm sərəncam bu gün uğurla icra olunur.
Prezident İlham Əliyev öz çıxışında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə əsasında inşa edilmiş elektrik stansiyasının təməlinin keçən ilin mart ayında qoyulduğunu xatırlatdı və Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsinin qürurverici hal olduğunu vurğuladı: «Və ölkəmizin yaşıl enerji sahəsində gələcək planları barədə yer almış açıqlamaların əhəmiyyətini vurğulayaraq deyib: «Ötən ilin martında biz Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edirdik. İndicə göstərilən video həmin tariximizin əlamətdar anını nümayiş etdirdi. Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir».
Bir sözlə, dövlətimizin başçısı məhz bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Bu stansiyanın işə düşməsi həm elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına, həm də qaz resurslarına qənaət olunmasına şərait yaradacaq, eyni zamanda atmosferə karbon emissiyasının atılmasının qarşısını alacaq. Bu, işğaldan azad olunmuş ərazilərdə iqtisadi reinteqarasiyanın daha sürətli keçirilməsi üçün də vacibdir. Dövlət başçımızın söylədiyi kimi: «Beləliklə, bunlar bizim planlarımızdır və müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var».
RƏFİQƏ KAMALQIZI