Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söyləyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır: «İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi».
Bəli, İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həm də bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz! Çünki bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında da göstərib: «Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır».
Məhz Qalib Sərkərdəmiz 2020-ci ildə Vətən müharibəsində «Dəmir yumruq» əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü, 30 illik həsrətə son qoyaraq bu gün Xankəndidə üçrəngli Bayrağımız ucalır. Bəlkə də çoxlarımız yaşadığımız bu tarixi günlərin mahiyyətini lazımınca dərk edə bilmirik. Xankəndidə dövlət bayrağını qürurla qaldıran Qalib sərkərdəmiz, Prezident İlham Əliyevin də dediyi kimi, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu qüruru, sevinci bizlərə yaşadan, qalib Azərbaycanın memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 20 il ərzində həyata keçirilən siyasətin yalnız bir amalı, məqsədi vardı - işğal faktına son qoyaraq suverenliyimizin tam bərpasıdır. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.
Bu gün məğlub Ermənistan sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirərək vaxt istədi. Amma yenə də erməni məkri özünü büruzə verdi və havadarlarına arxalanan Ermənistan həm sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Nə vaxta kimi? Nəticə nə oldu? Bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri nəticəsində separatçıları 23 saat ərzində məhv etdi və qondarma qurum ləğv edildi, oktyabrın 15-də tariximizə daha bir şanlı səhifə yazıldı. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan üçrəngli məğrur bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənd şəhərində dalğalandırdı. Bununla da Azərbaycanın suverenliyi tam təmin edildi.
Qalib sərkərdəmiz İlham Əliyev Xankəndidə bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində dedi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Bəli, bu gün Qalib Sərkərdə vaxtilə xalqımıza qarşı etnik təmizləmə siyasətinin başladığı meydanda dalğalanan Azərbaycan bayrağının kölgəsində xalqı qarşısında qürurla, alnıaçıq şəkildə səmimi duyğuları ilə hesabat verir. Bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin, qalib Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığı, xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Və Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri