PDF Oxu

Siyasət

  • 1 025

Əli Kərimli indi də qazilərimizə şər atır ANALİZ

Əli Kərimli indi də qazilərimizə şər atır ANALİZ

Hər bir vətəndaşın müqəddəs borcu dövlətin inkişafına bu və digər formada töfhə verməsi olmalıdır. Yəni, vətəndaş üzərinə düşən vəzifələri dərk edib, öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışmalıdır. Əminliklə demək olar ki, hər bir kəs vətəndaşlıq borcunu yerinə yetirsə cəmiyyətimizdə köklü problem qalmaz. Təəssüflər olsun ki, bəzi hallarda vətəndaşlarımız öz vəzifə borclarını ya bilmir, ya da bilmək istəmirlər. Yalnız dövlətdən tələb edirlər. Çox vaxtı dövlət qarşısında tələb qoyurlar ki, “bunu ver”, “onu et”, “onu istəyirəm” və digər istək və tələblər. Ancaq bir dəfə də olsun, özlərinə sual etmirlər ki, biz dövlət qarşısında hansı vəzifələri icra etmişik? Dövlət üçün hansı mərifətli işlər görmüşük və ya xalqımıza nə kimi xeyrimiz dəyib? 44 günlük Vətən Müharibəsi dövründə AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Cəmil Həsənli, Real partiyasının sədri İlqar Məmmədov, Milli Şura üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri bir dəfə də olsun vətəndaş mövqeyini ortaya qoyub, dövlətin yanında olduqlarını bəyan etmədilər. Bütün siyasi partiyalar, ictimai təşkilatlar beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin parlamentlərinə Ermənistanın dinc əhalini, mülki obyektləri hədəfə almasına etiraz bildirən müraciətlər ünvanlayanda AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Cəmil Həsənli, Real partiyasının sədri İlqar Məmmədov, Milli Şura üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri düşmən dəyirmanına su tökən açıqlamalarla çıxış edir, addımlar atırdılar. Belələri vətəndaşdan çox, satqın və xəyanətkarlardır. Təəssüf ki, hələ ki, onlar öz adları ilə çağırılmırlar. Özləri də günahlarını, səhvlərini dilə gətirib, cəmiyyətdən üzr istəmirlər. Əksinə, anormal əməllərini daha geniş və həyasız formada davam etdirirlər.

Əli Kərimli qazilərimiz haqqında həqiqətdən uzaq olan fikirlər yayır

AXCP sədri Ə.Kərimli demək olar ki, hər gün təxribat maşını hesab olunan saytlarına verdiyi açıqlamalarında milli maraqlarımıza yönələn böhtanlar səsləndirir. Son vaxtlar isə, Qarabağ zəfərinə şər atmaqla siyasi divident qazana bilmədiyini anlayan Ə.Kərimli qazilərimizlə bağlı həqiqətdən uzaq olan statuslar paylaşmaqla ən azı mətbuatın diqqətini özünə cəlb etməyə çalışır. Halbuki, qazilərimizin maddi, sosial problemləri yoxdur. Ə.Kərimli isə cəmiyyətimizin həssas nöqtəsinə hücum təşkil etməklə ictimai rəydə qismən də olsa çaşqınlıq yaratmağa çalışır: “2-ci Qarabağ savaşından sonra xalqımız ümidlənmişdi ki, ölkədə çox şey dəyişəcək. Ən azı 1-ci Qarabağ savaşı şəhidlərinə və qazilərinə edilmiş biganəlik bu savaşın qəhrəmanlarına münasibətdə təkrarlanmayacaq. Ancaq tam əksi ilə qarşılaşdıq. Ötən 3 ildə saysız-hesabsız Qarabağ qazisi biganəliyə, diqqətsizliyə üsyan etdi, intihar etdi, özünü yandırdı. Ancaq hakimiyyət qazilərə saymazyana münasibətini dəyişmədi”. Söz yox ki, Ə.Kərimlinin pozucu xarakterli fikirlərinə geniş yer verməmək olardı, təbii ki, əgər müharibə qəhrəmanları haqqında əxlaqdan kənar fikirlər səsləndirməsə idi. Bu məxluq hələ də anlamır ki, Azərbaycan dövlətinin diqqət çəkdiyi başlıca təbəqələrdən biri şəhid ailələridirsə, digəri qazilərimizdir. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə sosial ödənişlər, məişət problemlərinin həlli davamlı və ardıcıl xarakter daşıyır. 44 günlük parlaq qələbədən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlar üçün mənzillə təminatı geniş xarakter alıb. Şəhid ailələrinə və qazilərə 2020-ci ildə 1 500 mənzil, 2021-ci ildə 3 000 mənzil, 2023-cü ilin 9 ayı ərzində 1 500 mənzil verilib. Qazilərin müayinə və müalicəsi həyata keçirilib. Əzalarını itirmiş qazilərimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişi əsasında yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunublar.

Əli Kərimlinin qazilərdən öz maraqları üçün istifadə etməyə çalışması qaysaq bağlayan yaranı bilərəkdən qanatmaqdan başqa bir şey deyil

Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyevin imzaladığı Sərəncama əsasən şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb. Azərbaycanın Milli Qəhrəmanlarının təqaüdləri 1800 manata çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı”nı təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. 2022-ci il də 400 müharibə əlilinə avtomobillər təqdim olunub. Eyni zamanda, məşğulluq mərkəzləri tərəfindən 1000 nəfər işlə təmin edilib, 12 min ailə isə özünüməşğulluğa cəlb olunub. Söz yox ki, dövlətimiz bu kateqoriyada olan ailələrə dəstəyini davam etdirəcək. AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Cəmil Həsənli, Real partiyasının sədri İlqar Məmmədov, Milli Şura üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri bu reallığı bilmirlərsə və faktlardan xəbərsizdirlərsə, deməli, düşüncələrində problemlər var. Xüsusilə də, Ə.Kərimlinin söylədiyi böhtanlar özünün müstəqil mövqeyi olmadığı qənaəti yaradır. Çünki bu günə qədər o fəaliyyətini fərqli qüvvələrin və mərkəzlərin sifarişləri əsasında qurub. Lakin indiki halda qazilərdən öz maraqları üçün istifadə etməyə çalışması qaysaq bağlayan yaranı bilərəkdən qanatmaqdan başqa bir şey deyil. Belə məxluqlar ən ağır cəzaya və ittihama layiqdirlər. Əminliklə demək olar ki, gec-tez xalqın heysiyyatı ilə oynayan, milli maraqlara qarşı düşmənçilik siyasəti aparan Ə.Kərimli kimilər layiq olduqları cəzanı alacaqlar.

İ.ƏLİYEV

Digər xəbərlər