PDF Oxu

Siyasət

  • 1 564

Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir

Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir

PREZİDENT İLHAM ƏLİYEV Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında SƏRƏNCAM imzalayıb

Prezident İlham Əliyev oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamda bildirilir: ««Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər».

Bəli, Prezident İlham Əliyevin 2021-ci il iyulun 1-də təməli qoyulan Ələt azad iqtisadi zonasının ərazisinin genişləndirilməsi ilə bağlı Sərəncamı bir daha dövlət başçısının bütün sahələrdə verdiyi vədinin əməli ilə üst-üstə düşdüyünün göstəricisidir. Çünki dövlət başçımızın söylədiyi kimi….

«BU ZONANIN YARADILMASI İDEYASININ TƏMƏLİNDƏ BİZİM SİYASƏTİMİZ DAYANIR»

Prezident İlham Əliyev 2021-ci il iyulun 1-də təməli qoyulan Ələt azad iqtisadi zonasının yaradılması ideyası ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir: «Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək».

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının yaradılması ilə bağlı atılan addımlardan danışaraq bildirib ki, ilk növbədə, biz təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək: «İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və mən 2017-ci ildə Ələt azad iqtisadi zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır. Bu 850 hektarlıq ərazi ayrılmış, Ələt azad iqtisadi zonasının konsepsiyasının işlənməsinə start verilmiş, işçi qrup yaradılmış və artıq işlər praktik müstəviyə keçmişdir».

«Bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq»,-deyən Prezident İlham Əliyev əminliklə bildirib ki, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq: «Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır».

Bəli, artıq 2023-cü il iyunun 9-da….

AZAD İQTİSADİ ZONASININ BİRİNCİ MƏRHƏLƏSİNİN AÇILIŞI, GÖRÜLƏN İŞLƏR AZƏRBAYCAN PREZİDENTİNİN BÜTÜN TƏŞƏBBÜSLƏRİNİN REALLIĞA ÇEVRİLMƏSİNİN TƏSDİQİDİR

Bəli, Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin son 20 ili ərzində elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Dövlət başçımızın təməlqoyma mərasimində Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi kimi: «Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır».

Belə ki, Ələt azad iqtisadi zonasının birinci mərhələsinin açılışında bildirilib ki, Ələt azad iqtisadi zonasının ümumi sahəsi 850 hektardır. Azad iqtisadi zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.

Həmçinin, Ələt azad iqtisadi zonasının Biznes Mərkəzi ilə bağlı qeyd olunub ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt azad iqtisadi zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb. Diqqətə çatdırıldı ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.

Bir sözlə, Ələt azad iqtisadi zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq.

ƏLƏT AZAD İQTİSADİ ZONASININ YARADILMASI ÖLKƏMİZDƏ QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINDA AÇILAN YENİ SƏHİFƏ: XARİCİ SƏRMAYƏDARLAR ÜÇÜN MARAQLI İNVESTİSİYA MƏKANINA ÇEVRİLƏCƏK

Bəli, Ələt azad iqtisadi zonasının yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafında açılan yeni səhifə kimi böyük əhəmiyyətə malikdir. Dövlət başçımızın söylədiyi kimi, xüsusi qanunlarla idarə ediləcəyinə görə Ələt azad iqtisadi zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək. Və burada yaradılacaq sosial infrastruktur və xarici sərmayədarlar üçün təqdim ediləcək imkanlar baxımından digər ölkələrdəki oxşar zonalardan daha cəlbedici olacaq. Həmçinin, Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək. Bu statusun verilməsi xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Yeni güzəşt mexanizminin tətbiq olunması Ələt azad iqtisadi zonasına xarici investisiya cəlbini artıracaq. Azərbaycanın öhdəliklərinin, eləcə də Ələt azad iqtisadi zonasında rezidentlərin öhdəliklərinin ayrıca qanunla müəyyənləşdirilməsi vacibdir. Təbii ki, bütün bunlar xarici investisiyanın cəlb edilməsinə imkan yaradacaq.

Ələt azad iqtisadi zonası həm də istehsalın təşviq edilməsi baxımından mühüm rola malik olacaq. Çünki həmin məhsulların, eləcə də xidmətlərin ixracından ölkəyə valyuta axını güclənəcək. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bunun üçün də qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. İndiyədək bu istiqamətdə xeyli iş görülüb. Xüsusilə, texnoparkların və sənaye zonalarının yaradılması sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artmaqda davam edir. Beləliklə, Ələt azad iqtisadi zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.

Bir sözlə, dövlət başçımızın Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında SƏRƏNCAMI yuxarıda söylədiklərimizin gerçəkliyə çerilməsinin göstricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: «Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır».

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər