Erməni KİV-ləri nə yazır?
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı kəskin demarşları ilə Moskvanı qıcıqlandırmağa davam edir. Belə ki, Ermənistan KİV-lərinin məlumatlarına görə, Paşinyan 9 noyabr 2020-ci il üçtərəfli bəyannaməsində yolların açılmasını müəyyən edən 9-cu maddəni ləğv edəcəklərini iddia edib.
Milli Təhlükəsizlik Xidmətində Rusiyaya qarşı xüsusi bölmə yaradılacaq
"Jamanak" isə bildirir ki, erməni nazir uzun müddətdir bununla bağlı açıq-aşkar eyhamlar vurur, fikirlərini komanda üzvlərinə yetirməyə səy göstərir: “Amma 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı o, bunu demək olar ki, açıq mətnlə söylədi və bildirdi ki, Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq və onun vəzifəsi rabitənin təhlükəsizliyini təmin etmək olacaq".
Ermənistan müdafiə xərclərini 125% artırıb
“İndi biz Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. Bununla yanaşı, respublika ərazisindən insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin keçməsi üçün patrul polisini işə cəlb etdik”, - deyə erməni baş naziri bildirib.
Qeyd edək ki, həmin sənədin 9-cu maddəsində “kommunikasiyalara nəzarət Rusiya FSB-nin sərhəd xidməti orqanları tərəfindən həyata keçirilməlidir” bəndi yer alsa da, rəsmi İrəvan həmin sənədin müvafiq maddəsini ləğv etməklə Moskvaya meydan oxumağa başlayıb.
Bu arada daha bir məlumat maraqlı nüanslar doğurur. Belə ki, Ermənistan müdafiə xərclərini 125% artırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ildə Ermənistanın müdafiə büdcəsinin 309 milyard dram (772 milyon dollar) artırılacağını bəyan edib.
“Müdafiə büdcəsinin 309 milyard dram artımını xüsusilə qeyd etmək istərdim. Bu, 2018-ci ilin müdafiə büdcəsindən 125% çoxdur. Orduda islahatların aparılması bizim üçün vacibdir. Eyni zamanda qeyd etmək istərdim ki, müdafiə büdcəsinin artırılması bizim elan etdiyimiz “sülh gündəliyi”nə zidd deyil”, - deyə Paşinyan bildirib.
Afət Tahirqızı