Prezident İlham Əliyev: "İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır"
Tariximizdən silinməyəcək 2020-ci ilin sentyabrın 27-si. Zəfər yürüşünün başlanması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində qazandığımız tarixi Qələbəmiz. Bir neçə gündən sonra Zəfər günümüzü qeyd edəcəyik. Artıq bu gün tarixiləşdi. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Zəfər dünyanın ən ədalətli qələbələrindəndir. Azərbaycanın bu zəfəri ilə əzəli torpaqları işğaldan azad edilib, bölgədə sülh, sabitlik və inkişaf yaranıb. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bu Zəfərin qazanılmasında üç ilə əvvəl tarixin bu günündə qızğın döyüşlər davam edirdi. Həmin günlər hamı Azərbaycanın şanlı və tarixi günlərinin şahidi olur, Prezidentimizin ətrafında bir yumruq kimi sıx birləşib ona öz dəstəklərini ifadə edirdilər. Azərbaycanın igid oğul və qızları həm ön cəbhədə, həm də arxa cəbhədə - informasiya müharibəsində düşmənin layiqli cavabını verirdilər. Vətən müharibənin 37-ci günü idi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni günlər yazmaqda davam edirdi. Artıq bir neçə kənd və qəsəbə, onlarla kəndlərimiz işğaldan azad olunmuşdur. Ordumuz tarix yazırdı, qəhrəmanlıq dastanını. Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığrıt, Şükürazat yüksəkləri və daha 5 adsız yüksəklik azad olunmuşdu.
"BİZİM VƏZİFƏMİZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏK İDİ VƏ BİZ BU VƏZİFƏYƏ YAXINLAŞIRIQ"
2020-ci ilin 2 noyabrı – tarixin bu günü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirirdi: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! QarabağAzərbaycandır!" Hər gün insanlarımıza qələbə sevinci yaşadılırdı. "Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verərkən bildirmişdi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində tarixin bu günü Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü deyirdi. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləyərək, üçrəngli bayrağımızı Qarabağda dalğalandırmaqda davam edirdi. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərirdi ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını məhv edir. Düşmən tərəf ordumuzun qüdrətinə artıq bələd idi. Döyüş meydanından qaçırdılar. "Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var". -deyə Prezident İlham Əliyev qeyd etmişdi.Amma təəssüflə də olsa bildirək ki, döyüş zamanı Ermənistan tərəfindən döyüşdə muzdlular var idi. "Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar" - deyə bildirən dövlət başçısı qeyd etmişdi ki, 30 il ərzində məğlubedilməz orduları olduqlarını bildirirdilər: "Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların "guya məğlubedilməz ordusu" əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək, hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir".
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə qələbə yazdı. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdən oldu. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
DÖYÜŞ MEYDANINDA DEYİLƏN SÖZ
30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu statusun götürülməsi hər kəsin sevincinə səbəb olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. "Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik",- deyən dövlət başçısı Prezident kimi fəaliyyətində ordu quruculuğunun birinci yerdə olduğunu diqqətə çəkmişdi.
Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Erməni propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın. Amma Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Mənfur düşmən tərəfindən 93 mülki şəxs atəşlə öldürüldü, 400-dən çox mülki şəxs yaralandı. Azərbaycan ordusu, əsgəri isə intiqamını döyüş meydanında aldı.
Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Bu tarixi Qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Bu gün xalqımızın ona qələbə sevincini bizə yaşadan Ali Baş Komandana və Azərbaycan ordusuna ehtiramı sonsuzdur.
Bu uğurlu yolda neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yol mərdlik, ərənlik məktəbi olaraq öyrənilir və öyrəniləcəkdir. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü təsis edildi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Bu gün vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayanır. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. Öz iradəsi, gücü ilə. Bu gün də vətən oğulları Ali baş Komandanın əmrinə, vətənin müdafiəsinə hər an hazırdırlar. Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bəzə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir.
"BÜTÜN SİLAHLI QÜVVƏLƏRİMİZİN PEŞƏKARLIĞI, TEXNİKİ İMKANLARI BİZƏ BU VƏZİFƏNİ ŞƏRƏFLƏ YERİNƏ YETİRMƏYƏ ŞƏRAİT YARATMIŞDIR"
Bu yaxınlarda sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru kimi tariximizə həkk olundu. Dövlətimizin başçısının sentyabrın 20-də növbəti tarixi qələbəmizlə bağlı xalqa müraciəti hər birimizi qürurlandırdı. Təqribən, bir gün davam edən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Azərbaycan keçirdiyi antiterror tədbirlərində bütün hədəflərə diqqətlə və ehtiyatla yanaşdı, heç bir mülki obyektə zərbələr endirilmədi. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.
Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. "Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın" - deyə Prezident çıxışlarının birndə bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var. Cənab Prezidentin vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək".
Zümrüd BAYRAMOVA