“1995-ci ilin noyabr ayının 12-də qəbul olunmuş konstitusiya aktı bundan əvvəlki sovet dövründə olan konstitusiya aktlarından təbii ki, məzmununa və təsir imkanlarına görə daha geniş və mütərəqqidir”. Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, Konstitusiyamızın özəlliyi ondan ibarətdir ki, bu müstəqillik dövründə Azərbaycan Respublikasının qəbul etdiyi konstitusiyadır: “Digər özəllik ondan ibarətdir ki, bu Konstitusiya komissiyasının sədri Ulu Öndər Heydər Əliyev özü idi. Konstitusiyanın hazırlanmasıda tarixçilər, hüquqşünaslar iştirak edirdi. Ulu Öndərin sərrast və dəqiq fikirləri, göstərişləri hər kəs tərəfindən də yüksək qiymətləndirilirdi. Bir hüquqşünas və hüquq müdafiəçisi olaraq onu qeyd etmək istəyirəm ki, ilk dəfə idi ki, Azərbaycan Konstitusiyasında təxminən 47 maddə insan hüquq və azadlıqlarının təminatına həsr edilirdi. 1995-ci ildə Konstitusiya qəbul olunarkən biz hələ Avropa Şurasının üzvü deyildik. 2000-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən məlum oldu ki, Avropanın insan hüquq və azadlıqlarına aid olan bütün müddəaları artıq 5 il bundan öncə Azərbaycan Konstitusiyasında əks olunubdur. Demək istəyirəm ki, Konstitusiya bütün sahələr üzrə hakimiyyətin qolları formaları və digər məsələlər idarəçilik formalarının və əsas da insan hüquq və azadlıqlarının təminatı ilə daha çox müzakirə olunan və yaddaqalan maddələrlə dolu bir sənəddir. Konstitusiyaya sonradan əlavə edilmiş dəyişikliklər isə zamanın tələbi idi. Bunlar da Konstitusiyamızı daha dolğun, zəngin daha başadüşülən, eyni zamanda, zamanın tələbinə uyğun idarəçilik formalarının qanunlaşdırılması istiqamətində atılan addımlardan biri idi”.
Müəllif: Gülyana