"Qazilərlə, veteranlarla bağlı post-münaqişə sindromu yaşanır. Bunun da bir neçə səbəbi var. Əsas səbəbi odur ki, onlar düşünürlər ki, yetəri qədər haqlarını ala bilmirlər, onlara dövlət tərəfindən yetərli qədər təminat yoxdur". Bu sözləri SİA-ya sosioloq Aynur Hacıyeva deyib. "Hesab edirəm ki, əsas münaqişənin, gərginliyin yaşanma səbəbi bizim qazilərə kənar təsirlərin çoxluğudur. Yəni, onlara daha çox dəstəklə təmin oluna biləcəkləri haqqında vədlərin verilməsi yaxud da ki, kənar şəxslərin yalnış informasiya verərək təhrik etməsidir. Digər səbəbi isə qazilərimizin psixoloji durumlarının gərgin olmasıdır. Bu da təbiidir. Çünki, onlar müharibə dəhşətlərini görüblər, insan ölümləri, partlayışlar, yəni çox ağır bir dönəmdən keçiblər”,- deyə o əlavə edib.A.Hacıyeva vurğulayıb ki, qazilərə psixoloji yardımın artırılması daha məqsədəuyğun olardı: “Əlbəttə ki, bununla bağlı dövlət tərəfindən müəyyən proqramlar var, hətta həmin proqramlardan yararlanan qazilər də var. Amma, biz deyə bilmərik ki, hər kəs bu yardımlardan, proqramlardan yararlana bilir. Bir çox qazilərimiz var ki, yararlana bilmirlər, heç xəbərləri belə yoxdur ki, belə bir xidmət var. Ona görə də psixoloji yardımın artırılması zəruridir. Bir çox hallarda dərman müalicəsi yazılır, amma eyni zamanda onlara psixososiol dəstək də olmalıdır”.
Ləman Sərraf