Sergey Markov: "Qarabağ məsələsinin yekun həllindən sonra Azərbaycanın indi vasitəçilikdə vicdansızlıq edənlərə etirazını açıq nümayiş etdirmək imkanı var"
Bir sıra Qərb dairələrinin postsovet məkanında maraqlarını təmin etmək üçün hərəkətə keçmək cəhdlərinin daha bir qurbanının Ermənistan olması artıq sirr deyil. Ermənistanın qərbyönlü iqtidarının isə verilən vədlərdən vəcdə gəlməsi ona baha başa gələ bilər. Daha dəqiq desək, yerləşdiyi coğrafi məkanından on minlərlə km. uzaqlardan Ermənistana hər hansı təcili köməyin olması qeyri-səmimi görünür. Düzdür, Paris İrəvanı silahlandıra bilər, ABŞ-dakı, Kanadadakı və s. ölkələrdəki ermənipərəst qüvvələr də müəyyən yardımlar göstərmək üçün hərəkətə keçə bilərlər, amma bu, Ermənistanın xilası ola bilməz. Ermənistanın taleyinə Qərb deyil, yerləşdiyi coğrafi və siyasi məkan yazılıb. Əbəs deyil ki, regional vəziyyətini dərk etməyən İrəvanın özünü daha çətin vəziyyətə doğru sürükləməsini tanınmış politoloqlar da şərh edirlər.
Politoloq: "Qərb tərəfdaşları İrəvana səslənir: “Rusiyanı tərk edin, onunla münasibətləri kəsin, biz sizə kömək edəcəyik!”
"Qərb Ermənistana kömək etməyəcək. Lazım olanı götürüb atacaq. Ermənistan Qərbdən uzaqda yerləşən kiçik, kasıb respublikadır. Onun Azərbaycan kimi nefti yoxdur, Azərbaycan və Gürcüstan kimi dənizə çıxışı da yoxdur".
Bu fikirləri rusiyalı politoloq Sergey Markov deyib.
Politoloqun sözlərinə görə, Qərb Ermənistanda öz yerini tutmağa çalışır, o cümlədən təhlükəsizlik baxımından və bundan artığı görünmür: "Qərb tərəfdaşları İrəvana səslənir: “Rusiyanı tərk edin, onunla münasibətləri kəsin, biz sizə kömək edəcəyik!” Kömək etməyəcəklər. Bu ay AB-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında iki dəfə görüşün keçirilməli olduğu və hər ikisinin baş tutmaması Bakının artıq Avropanın vasitəçi kimi məşğul olmaq istəmədiyini göstərir. Qarabağ məsələsinin yekun həllindən sonra Azərbaycanın indi vasitəçilikdə vicdansızlıq edənlərə etirazını açıq nümayiş etdirmək imkanı var - bu qədər, bitdi".
"Bakı artıq buna dözmək fikrində deyil”
Markov Bakının bəzi Qərb dairələrinə yerlərini göstərdiyini, bundan sonra da göstərəcəyini ifadə edib. "AB həm struktur olaraq, həm də ona daxil olan ölkələr səviyyəsində ört-basdır edib, oynamaq cəhdlərinə baxmayaraq, müntəzəm olaraq Azərbaycanı bir növ qınadığını nümayiş etdirir. Bakı artıq buna dözmək fikrində deyil”, - rusiyalı politoloq bildirib.
Beləliklə, Azərbaycan hərbi, siyasi və diplomatik cəbhələrdə qarşısına çıxan istənilən antiqüvvəyə şans buraxmır və artıq regionun güclü dövləti qismində öz qətiyyətli mövqeyini ortaya qoyur. Ermənistan isə nəinki yerində saymağa, həm də geriyə doğru böyük addımlarla getməyi tərcih edir. Necə deyərlər, bu, onların öz seçimləridir...
Afət Tahirqızı