PREZİDENT İLHAM ƏLİYEV: “Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək”
Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Xüsusilə, bu gün müstəqil Azərbaycanın dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, müharibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət və qayğı daimidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Və bu gün torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar və haqq savaşını verənlər hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır.
İMZALANAN MÜVAFİQ FƏRMAN VƏ SƏRƏNCAMLAR DÖVLƏTİN ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRƏ QAYĞISININ GÖSTƏRİCİSİDİR
Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirəlayiqdir.
Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır.
Dövlət başçısı müsahibələrində, görüşlərində şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğısı Azərbaycanda tam fərqli formada olduğunu vurğulayaraq bildirmişdir ki, bunu başqa ölkələrlə müqayisədə aydın görmək olur, çünki bizdəki yanaşma çox spesifik formadadır. Şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir: «Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq».
Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olundu. Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra - postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis olundu. Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Mənzillərin təxminən 3500-ü postmüharibə dövründə verilib. Eyni zamanda, qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də mühüm addımlar atılır.
Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı, dövlət başçısı tərəfindən son illər ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən, şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb.
Prezident İlham Əliyevin yeni fərman və sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketinin reallaşdırılmasına başlanılıb. İslahat paketinə əsasən, əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Fərmanda da dəyişiklik edilib. Sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib. Belə ki, bu məbləğ 500 manatdan 600 manata qaldırılıb.
QAZİ VƏ ŞƏHİD AİLƏSİ ADINDAN SUİ-İSTİFADƏ HALLARINA NİFRƏTLƏ YANAŞIRLAR
Xüsusilə son vaxtlar özlərini «xalq qayğısı» cildində olan simasızlar qazi və şəhid adından istifadə edirlər. Ancaq Azərbaycan xalqı tükü-tükdən seçən həssas xalqdır və açıq fikirli və hər kəsi öz simasında tanımağı bacarır. Əl-ayağını itirən, dünyaya baxan gözünü itirən, psixoloji travmalar alan vətən oğullarımız heç zaman bu cür hay-küyə qoşulmaz və dövlətin mənafeyin hər şeydən üstün tuturlar. Üzdəniraq insanların addımlarına sosial şəbəkələrdə təsadüf etdikdə, təəssüflənirik ki, Vətənə can fəda edən oğullarımızın adına kölgə salmaq niyyətində olan insanlar kimlərinsə sifarişlərini yerinə yetirirlər. Belə dələduzlar hətta məscidlərin, ziyarətgahların ətrafında sui-istifadə halların yol verirlər. Xüsusilə də, bəzən mübahisələr olur ki, mənə dəbdəbəli ev tikdirməlisən və ya qəbirüstü abidə bahalı olmalı, başqalarınkından seçilməlidir. Bu, cəmiyyətdə qıcıq doğurur. Şəhidlər Vətən uğrunda canlarını fəda ediblərsə, onların adına verilmiş küçə adları da dəb xatirinə bir-birindən yüksək olmamalıdır. Çünki dövlət belə şəxslərə daim böyük diqqətlə yanaşır. Həmin kateqoriyadan olanların həyatının normallaşdırılması qəbul olunan bir sıra qəraralar, fərman və sərəncamlar deyilənlərin göstəricisidir. Dövlət həmin kateqoriyalı insanlara qayğı ilə yanaşır. Və bu gün qazilər çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edənlərə qarşı bir olmalıdırlar, imkan verməməlidirlər ki, həmin çirkin qüvvələr onların qazi adına ləkə vursunlar.
Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Bir sözlə, bütün bunlar onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq. Dövlət başçımız bunu son 20 illik Prezidentlik fəaliyyəti müddədtində aydın şəkildə göstərib: «Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam»,- deyən Azərbaycan Prezidenti, hər kəsin, o cümlədən şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini son 20 ildə göstərib və bundan sonra da göstərəcəyinə Azərbaycan xalqı inanır və şahidlik edir. Çünki bu sadalananlar bir daha onu göstərir ki, Azərbaycan dövləti bütün kateqoriyalardan olan vətəndaşlarına daim qayğı və həssaslıqla yanaşır və onların sosial rifahının yüksək olması istiqamətində mühüm işlər reallaşdırır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir. Ancaq bu addan sui-istifadə halları isə şəhidin adına, ruhuna hörmətsizlik etməklə, bu böyük ada ləkə yaxanlar bilməlidirlər ki, Vətənə sevgi təmənnalı olmur.
RƏFİQƏ HÜSEYNOVA