Milli bağlılığı təcəssüm etdirən dövlətçiliyin qurulması və onun inkişaf etdirilməsi hər bir xalqın nəyə qadir olduğunu göstərir. Tarixən xalqlar öz dövlətlərini qurmaq uğrunda mübarizə aparmış və bu yolda canlarından keçmişlər. Hansı xalq məqsəd və hədəfindən yayınmayıbsa, o xalq dünya dövlətləri sırasında layiqli yer tutmağı bacarıb, zəif və qətiyyətsiz xalqlar milli varlığından məhrum olublar. Xoşbəxt xalqlardanıq ki, dünya dövlətləri arasında Azərbaycan adlı dövlətimiz var və bu dövlət siyasi, hərbi, iqtisadi, diplomatik uğurları ilə seçilən və tanınan dövlət olaraq qəbul edilir. Söz yox ki, dövlətimizin qurulması, inkişafı və möhkəmlənməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün hər kəs bu reallığı açıq və sevinclə etiraf və qeyd edir, bəli, bugünkü güclü və qüdrətli Azərbaycan dövləti Dahi Öndərimiz Heydər Əliyevin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Ulu Öndərimiz Heydər Əliyev çıxışlarının birində dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsi barədə demişdir: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır”. Azərbaycan xalqı və dünya azərbaycanlıları 2023-cü ili Dahi Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Bu münasibətlə ölkə Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli” çərçivəsində nəinki Azərbaycanda, ümumiyyətlə, dünyanın müxtəlif bölgələrində böyük təntənəli şəkildə tədbirlərin, yığıncaqların keçirilməsi, sərgilərin təşkil olunması, filmlərin nümayiş etdirilməsi xalqın Dahi Öndərimiz Heydər Əliyevə olan əbədi sevgisinin, ən bariz təcəssümüdür.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir”
Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. 2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli Lider Heydər Əliyev bu sahədə dövlət siyasətinin sistemli həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar vermişdir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.
Azərbaycançılıq ideologiyası vahid birlik formalaşdırır
Fəxarət hissi ilə qeyd etmək olar ki, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 20 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində isə məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. 16 mart 2006-cı il tarixdə keçirilmiş qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Milli dövlət ideologiyası olan azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni kimliyini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir.
Bir sözlə, ictimai həyatımızın bütün sahələrində azərbaycançılıq istiqamətləndirici məfkurə kimi tarixi keçmişimizin məhsulu olan milli-mənəvi dəyərlərin varlığını qoruyub saxlayır. Qətiyyətlə demək olar ki, bu ideologiya heç bir zaman sarsılmayacaq. Nə qədər Azərbaycan dövləti və xalqı var, azərbaycançılıq ideologiyası da var olacaq.
İ. ƏLİYEV