PDF Oxu

Siyasət

  • 2 402

Qalib Lider hər şeyi vaxtında və məharətlə edir TƏHLİL

Qalib Lider hər şeyi vaxtında və məharətlə edir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür"

2020-ci il 8 noyabr Qələbə, Zəfər Günü. Bəli, biz bu Böyük Zəfəri düz 30 il gözlədik. Ümidlə gözlədik, həsrətlə gözlədik. Belə bir fikir var: tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli, 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin şücəati ilə göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız artıq 3 ildir ki, Şuşamızda dalğalanmaqdadır. Ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu dedi: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox".Elə 8 noyabr Zəfər Günü Şuşanın işğaldan azad olunmasının bir ili ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı növbəti XƏBƏRDARLIĞINI etməklə bir daha dünyaya kimin kim olduğunu göstərdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, 30 il Qələbə həsrətinə 10 noyabrda son qouldu və bu tarixi yaşadı. Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Vəssalam, nida! Başqa yol yoxdur!!! Bu yol Qələbələr yoludur! Bu yol Haqq yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur!
ALİ BAŞ KOMANDAN NƏYİ EDİRSƏ, DƏQİQLİKLƏ EDİR
2020-ci ildə hərb meydanından gələn zəfər xəbərləri ilə qürurlanan xalqımız ondan sonrakı dövrdə də milli mənafeyimizin təmini ilə bağlı siyasi, diplomatik, beynəlxalq hüquq, informasiya, ümumiyyətlə, bütün sahələr üzrə dövlətimizin ard-arda qazandığı qələbələrlə fəxr edir. Ulu öndər Heydər Əliyev siyasi kursunu son 20 ildə uğurla davam etdirən Prezident İlham Əliyev bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla müdafiə edir. Çünki nə vaxt, nəyi, necə etmək lazımdır, bunu Ali Baş Komandan bilir. Həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi də edirsə, dəqiqliklə edirik. Məhz bu dəqiqliyin nəticəsidir ki, qalib lider İlham Əliyevin əzmlə, qətiyyətlə apardığı müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib. Qarabağ və Şərqi Zəngəzura yeni həyat verilib, Böyük qayıdış köçünə başlanılıb.Qələbə Zəfərimizdən ötən 3 il müdətində ardıcıl olaraq böyük qələbələrin şahidiyik. Belə ki, aprelin 23-də Laçında sərhəd nəzarət-buraxılış məntəqəsi qurması ilə ölkəmiz bütün sərhədləri boyu üçrəngli bayrağımızı dalğalandıraraq suveren ərazilərimizin bütövlüyünü təmin edib. Milli maraqlarımızın təmini istiqamətində əldə edilən növbəti daha bir uğur isə sentyabrın 12-də 33 ildən sonra Ağdam–Xankəndi yolunun işə düşməsi bir daha regionda şərtləri diktə ebən tərəf olduğunu təsdiqlədi. Bu, Azəbaycan Prezidenti cənab İlham Əliyevin növbəti qələbəsidir. Çünki Ağdam-Xankəndi yolunun siyasi iradə hesabına açılması güc yolu ilə işə düşməsindən dəfələrlə çətin məsələdir. Bu iradə isə ilk gündən istənilən ehtiyacın Azərbaycan tərəfi ilə razılaşdırmaqla və məhz Azərbaycanın ərazisindən keçməklə Qarabağa çatdırılmasını tələb edir. Bu tələb isə Azərbaycanın daxili işi və suveren haqqı kimi prinsipial məsələdir: "Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək!" Sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumlarına cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub. Təəssüflər olsun ki, nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı kontingenti bu günə qədər bu bəndin icrası ilə bağlı öhdəliklərini icra etmək üçün heç bir xoşniyyət addım atmayıb. Əksinə, həmin terrorçuların silahlandırılması və növbəti təxribatların həyata keçirilməsi üçün mümkün bütün vasitələrdən istifadə etməyə davam ediblər. Məhz bu səbəbdən üçtərəfli Bəyanatın müddəalarının icrası, bölgədə yaşayan və fəaliyyət göstərən mülki vətəndaşlarımızın, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilən antiterror tədbirləri qaçılmaz olmaqla yanaşı, mütləq xarakter daşıyır.Sözü imzası qədər dəyərli və keçərli olar Ali Baş Komandan, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtlərindən danışarkən deyib ki, bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib.Müzəffər Ali Baş Komandan 200 il davam edən anti-Azərbaycan erməni hərəkatını öz "Dəmir yumruğ"u ilə 24 saata darmadağın edildi və tarixin tozlu səhifələri arasında layiqli olduğu yerə göndərdi. Əməliyyat nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda erməni separatizminin kökünü demək olar ki, kəsdi və özünün söz sahibi mövqeyini daha da möhkəmləndirdi. Qarabağ bütöv, həm də məhz bizim arzu etdiyimiz şəkildə azad olundu. Separatçı rejim darmadağındır, rəhbərləri həbs olunur. Bu, Prezident İlham Əliyevin böyük misilsiz uğuru, zəfəridir. Bir sözlə, 2020-ci ilin 10 noyabrında əldə edilən Zəfər tamamlandı və suverenliyimiz tam bərpa olundu. Dövlətimizin başçısı həm Prezident kimi diplomatik müstəvidə, həm də Ali Baş Komandan kimi hərb meydanında "nəyi nə vaxt etmək lazım olduğunu" hamıdan yaxşı bildiyini bir daha nümayiş etdirdi. Ordumuz bu vəzifənin öhdəsindən erməni separatçılarının dinc əhalini canlı qalxan kimi istifadə etməsinə rəğmən yüksək peşəkarlıqla gəldi. Və erməni "miatsum"u, "ikinci erməni dövləti" xəyalları birdəfəlik məhv edildi. Azərbaycan bir daha göstərdi ki, Cənubi Qafqazda söz sahibi olan ölkədir və onun suverenliyinə təhdid ola biləcək istənilən amili zərərsizləşdirmək iqtidarındadır.
UĞURLU DİPLOMATİYANIN, SƏBRİN, HƏRBİ QÜDRƏTİN NÖVBƏTİ ZƏFƏRİ – PREZİDENT İLHAM ƏLİYEV XANKƏNDİDƏ AZƏRBACAN BAYRAĞINI QALDIRDI
Oktyabrın 15-də Azərbaycan Prezidenti növbəti işğaldan azad olunan torpaqlarımızda - Xankəndidə, Xocavənddə, Əsgəranda, Xocalı şəhərində, Sərsəng su anbarının ərazisində, Xankəndi şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa tarixi müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: "Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq".Azərbaycan Prezidenti xalqa etdiyi tarixi müraciətində onu da bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: "Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq"."Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir",-deyən dövlət başçımız onu da vurğuladı ki, biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir: "Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir". Bu gün böyük qürur hissi keçiririk ki, son 20 ildə əldə etdiyimiz bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən "Güclü ordu - güclü dövlət" strategiyasının və "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həm də bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz! Sözü imzası qədər dəyərli və keçərli olan Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidən xalqa etdiyi tarixi müraciətində biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".Bəli, bu gün hər bir qələbmiz bir tarix, bir Zəfərdir. Bu qələbələrin, Zəfərlərin müəllifi Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti, Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığıdır. Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Bu zəfərin formulu isə Müzəffər Ali Baş Komandan-Xalq Birliyi və Azərbaycan əsgəridir. 8 noyabr Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır! Zəfərin mübarək, Azərbaycan!
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər