“Paşinyanın Qərb kuratorlarının vəzifəsi Cənubi Qafqazda növbəti münaqişəni alovlandırmaqdır”
.
Moskva ilə İrəvan arasında münasibətlər tam pozulmaq təhlükəsi ilə daha da pisləşməkdə davam edir. Son günlərin bunu təsdiq edən bir neçə sübutunu təqdim edirik.
Ermənistanın baş naziri Nikol Paşinyan Aİİ və MDB-nin Bişkekdəki hökumətlərarası şuralarına getməyəcək, tədbirlərdə respublikanı baş nazirin müavini Mxer Qriqoryan təmsil edəcək. Bu barədə RİA Novosti-yə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Daha sonra Ermənistanın müvəqqəti işlər vəkilinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı məlum olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, erməni diplomata “respublikanın informasiya məkanında davam edən cilovsuz anti-Rusiya kampaniyasının qəbuledilməzliyi” qeyd olunub.
Moskvanın artan narazılığının daha bir sübutu Zaxarovanın aşağıdakı bəyanatı oldu- Ermənistanda Avropa İtifaqının müşahidəçi missiyası monitorinq adı altında Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır.
“Biz görürük ki, Qərb mediası rəsmi İrəvanın nümayəndələrinə sözün əsl mənasında necə hücum edir, onlardan təxribatçı suallara cavablar alır. Biz görürük ki, bu məsələlər Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum ziyan vurmaq məqsədi daşıyır. Təəssüf ki, indiki erməni reallıqlarında belə qızışdırmalar öz işini görür”, - deyə M.Zaxarova bildirib.
Bir sözlə, hər şey harasa gedir və bunun Moskva və İrəvan üçün necə bitəcəyini bu gün söyləmək çox çətindir.
Xarici analitiklərə bu vəziyyətin gələcək inkişafı ilə bağlı proqnozlarını “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Almaniyalı siyasətçi, Bundestaqın keçmiş deputatı Valdemar Gerdt Paşinyanın özünün qərbyönlü qüvvələrin layihəsi olduğunu unutmamağı lazım bilir.
“O, hakimiyyətə gələndə sistemli şəkildə Rusiya ilə əlaqələri kəsməyə çalışırdı. Bu münasibətləri inkişaf etdirmək, öz suverenliyini möhkəmləndirmək əvəzinə, suveren dövlət hüququ adı ilə tədbirlər görüldü ki, Ermənistanın qərbyönlü inkişaf vektorunun indi prioritet olduğunu Moskvaya və bütün dünyaya, o cümlədən Azərbaycana açıq şəkildə göstərdi”- Gerdt qeyd edib.
Digər tərəfdən ekspert deyir ki, Paşinyan özü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Bu, onun qərarı idi, səsləndi və bunun nəticəsində bütün sonrakı hərəkətlər oldu. Rusiya sülhməramlılarının vəzifəsi yalnız Paşinyanın özünün də bəyəndiyi bu prosesin daha ağrısız, qan tökülmədən, sadə sakinlər üçün kədər və bədbəxtlik olmadan keçməsini təmin etməkdən ibarət idi. Ermənistanın davamlı olaraq Rusiyanın kifayət qədər iş görmədiyi və ya ən azı vicdanlı olmadığına dair iddiaları bir növ axmaqlıqdır, çünki Rusiya Federasiyası, ümumiyyətlə, bu regionu münaqişədən saxlamaq üçün hər şeyi edib.
Paşinyanı öz yerinə qoyan kuratorların vəzifəsi isə Qafqazda daha bir münaqişə ocağını alovlandırmaqdır. Ukrayna ilə etdiklərini indi Ermənistanla da etməyə çalışırlar- eyni naxışlarla, eyni şüarlarla, eyni parollarla. Burada Qafqaz xalqları müdriklik nümayiş etdirməli və özlərinin xaricdəki Sem dayılarının başladığı bu oyuna cəlb olunmasına imkan verməməlidirlər. Ümid edirəm ki, onlar bunun üçün kifayət qədər anlayışa malikdirlər, çünki onların gözləri önündə artıq kifayət qədər nümunələr var- Yaxın Şərqə baxın, oradakı bütün ölkələrə nə etdilər, Ukrayna münaqişəsinə baxın və başqsa hər şeyə baxın. Mən həqiqətən ümid edirəm ki, Qafqazda vəziyyət sakitləşəcək. Qərarlar qəbul edilib, onlara hörmət edilməli və həyata keçirilməlidir və silahlı münaqişənin qızışdırılması arzusu ilə xaricdəki kuratorların bütün bu təxribatçı hücumlarına boyun əyməmək lazımdır”,- alman siyasətçi bildirib.
Siyasi ekspert, tarix elmləri doktoru, Qırğızıstan-Rusiya Slavyan Universitetinin (Bişkek) professoru Əsgər Cakişev öz növbəsində qeyd edib ki, son üç onillikdə Qarabağ Ermənistan üçün “qulpsuz çamadan” olub: onu daşımaq çətindir, lakin onu atmaq da olmurdu.

“Biz Azərbaycanın qüdrətli ordusuna təkbaşına müqavimət göstərməyin mümkünsüzlüyünü əsas götürərək Qarabağı Ermənistanın nəzarətində saxlamamaq barədə ağlabatan qərar qəbul edən Paşinyana hörmətlə yanaşmalıyıq. Qarabağ uğrunda Azərbaycanla vuruşmaq ideyası sonuncu erməniyə qədər heç kimi ruhlandırmırdı. KTMT çərçivəsində dəfələrlə rus hərbçilərinin arxasında gizlənmək cəhdləri nəticə vermədi, buna görə də Rusiya rəhbərliyi və KTMT razılaşmaları yerinə yetirmədiklərinə görə tənqid olunur”,- professor qeyd edib.
Alim hesab edir ki, bura həm də Paşinyanın Qarabağın itirilməsinə görə məsuliyyəti Rusiya Federasiyası ilə bölüşmək istəyi, daha doğrusu bütün günahı onun üzərinə atmaq da daxildir.
“Rusların Ermənistanın maraqları naminə özlərini qurban verməyə hazır olmadıqlarına əmin olan İrəvan yeni böyük qardaş axtarışında kollektiv Qərbə üz tutdu, gərginlik ocağı yaratmaqda mahir olan və bölgədə öz geosiyasi maraqlarına malik Qərbin Rusiyanın cənub sərhədləri altına Ermənistanın çiynini verməyə hazır olduğunu bildirdi”, - Cakişev yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı