Azərbaycan Respublikası son günlərdə tarixinin ən parlaq dövrünü yaşayaraq tarixi torpaqlarında suveren hüququnu bərpa edib. Qarabağ ətrafında 30 illik münaqişə 2020-ci ildə şanlı Azərbaycan ordusunun müqəddəs qələbəsi ilə başa çatıb. Ölkəmizin Qarabağda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Böyük Zəfər məhz Azərbaycan naminə ərazi bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan ordusuna cəbhə boyu əks-hücum haqqında əmr verdi. Bu qərarı nəinki Azərbaycan Respublikasının on milyonluq vətəndaşları, bütün dünyaya səpələnmiş bütöv Azərbaycan xalqı dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. Tarixi memarlıq ansanblı dağıntılara məruz qalmadan Şuşa azad edildi. Şuşanın azad edilməsi qısa zaman çərçivəsində beynəlxalq hərbi ekspertlər, siyasi xadimlər tərəfindən təhlil edildi. Təbii ki, bu həssas yanaşmanı, duyarlılığı yalnız bu diyarın-Qarabağın, Şuşanın əsl sahibləri, əsl sakinləri edə bilərdi.
Bütün dünyanın gözü Azərbaycan Respublikasına dikildiyi bir vaxtda dünyanın nüfuzlu CNN, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “TRT Haber” və digər beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində Prezident İlham Əliyev status-kvo ilə bağlı, həmsədrlərin öz mövqelərini dəyişmək istəməsi məqamlarını açıqlayıb və bildirib ki, Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Cənab İlham Əliyev bütün müsahibə və çıxışlarında illərlə davam edən Qərbin ikili standartlarını, Minsk qrupunun əhəmiyyətsizliyini, Azərbaycan dövlətinin siyasətinə qarşı dözümsüzlüyü ifşa etdi.
Hadisələrin sonrakı mərhələsində Ermənistan kapitulyasiyaya vadar edildi, Ağdam, Kəlbəcər, Laçın dinc yolla geri alındı, 2023-cü ilin sentyabrın 19-20-də isə Ermənistan tərəfindən revanşizm çağırışları nəticəsində bölgədə yenidən silahlanma meylləri Azərbaycanın Silahlı Qüvvələri tərəfindən antiterror əməliyatları aparılmasına səbəb oldu.
Son üç ildə hərbi qarşıdurma fonunda Qarabağda quruculuq-bərpa işləri intensivliyi, masştabı, maliyyə və texniki həcmi ilə tariximizin ən böyük layihəsidir. Bu baxımdan, Azərbaycan müasir tarixinin yeni bir səhifəsinin, hətta belə demək mümkündürsə, yeni erasının başlanğıcındadır. Təsadüfi deyil ki, beynəlxalq əhəmiyyətli tədbirlər məhz Şuşada, Zəngilanda, Ağdamda və digər rayonlarda keçirilir. Tolerant bir cəmiyyət nümunəsi olan respublikanın sülhün təminatçısı olaraq çıxış etməsi hər zaman Cənubi Qafqazda təhlükəsizliyə zəmanət verir. Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Böyük Qayıdış yolunda əmin addımlar atır. Bu isə tarixi qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir. Qarabağa qayıdışın və tarixi torpaqlarımızda əbədi varolmanın təminatı üçün uzaqgörən addımlar atılır. 2021-ci il iyunun 15-ində mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Beləliklə, bəyannamədə yazıldığı kimi, “Tərəflərdən hər hansı birinin fikrincə,onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.”
Artıq regionda yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini