Yaxud, Moskvadan gələn anti-Paşinyan tapşırığı
Bu günlərdə məlum olub ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan özünü buraxmış qondarma “artsax”ın “rəhbəri” Samvel Şahramanyanla görüşüb.
Bu barədə yazan “Hraparak”a görə, Samvel Şahramanyan və yaxın dəstəkçilərinin “Armenia Marriot” otelində keçirilən görüşdən sonra Ermənistan hakimiyyətinin separatçı rejim təmsilçilərinə qarşı təzyiqi daha artıb.
Erməni KİV: "Eks-prezident Samvel Şahramanyanla görüşdə maraqlı olduğunu dilə gətirib və onu dinləmək istədiyini vurğulayıb"
Belə ki, Nikol Paşinyan iqtidarına qarşı demarş edən və onun devrilməsi çağırışlarını dəstəkləyən Samvel Şahramanyan məhv edilmiş “dqr”in “mühacirət hökuməti”ni yaratdığını elan edərək “mübarizələrini” “hüquqi müstəvidə” aparacaqlarını qeyd etmişdi.
Digər erməni nəşri "Armenian report" isə yazır ki, bir neçə gün əvvəl müxalif “Respublikaçılar” partiyasının sədri Serj Sarqsyanla keçirilən görüşdə tərəflər Paşinyanı devirmək mövzusu ətrafında müzakirə aparıblar. Məqalədə qeyd olunur ki, Samvel Şahramanyanla görüş təklifi Serj Sarqsyan tərəfindən gəlib. “Eks-prezident Samvel Şahramanyanla görüşdə maraqlı olduğunu dilə gətirib və onu dinləmək istədiyini vurğulayıb", yazan KİV qapalı keçirilən görüşdə hansı mövzuların müzakirə edildiyinin açıqlanmadığını qeyd etsə də, əslində, söhbətin nədən getdiyinin bəlli olduğunu vurğulayıb.
Qarabağ ermənilərinin dəstəyindən istifadə edərək, böyük antihakimiyyət koalisiyası yaratmağa hazırlaşırlar
"Lakin görünən odur ki, Ermənistan müxalifəti hakimiyyətə qarşı sonuncu kartından istifadə etməyə meyllidir”, - deyə məlumatda yazılıb.
Nəşr vurğulayıb ki, hazırda Qarabağdan köçən insanlar Ermənistanda ciddi narazı elektorat hesab olunur. Paşinyanı devirmək istəyən radikal müxalif qüvvələrin bu təbəqə ilə maraqlanması təsadüfi deyil. Paşinyan əleyhdarları iqtidar tərəfindən aldadılmış Qarabağ ermənilərinin dəstəyindən istifadə edərək, böyük antihakimiyyət koalisiyası yaratmağa hazırlaşırlar. Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın da təmsil olunacağı koalisiyanın İrəvanda sükutu pozmağa iddialı olduğu bildirilir. Ermənistanda küçə döyüşlərinin yenidən başlayacağı gözlənilir.
Lakin ən real fakt budur ki, bu məsələdə onları Moskva dəstəkləyir. Belə ki, bir sıra siyasi şərhçilər də sözügedən qüvvələrin bir araya gəlməsinin təsasüfi olmadığını düşünürlər. Onların fikrincə, “düymə”ni Kreml basıb və əlində olan bütün imkanlardan istifadə edəcək.
Afət Tahirqızı