Ulu Öndər Heydər Əliyev dövlətimizin xarici siyasi strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri prioritet hesab edib və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verib. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynayıb. Demək olar ki, Ümummilli Liderin bu sözləri bütün Türk dünyasının dilinin əzbəridir. Azərbaycan Türk Dövlətləri Təşkilatını yaradan ölkələrdən biri kimi daim bu birliyinin güclənməsinə çalışıb. Artıq əminliklə deyə bilərik ki, təşkilat beynəlxalq siyasətin tamhüquqlu mühüm tərəfinə və regional güc mərkəzinə çevrilib, dünyada sülh və sabitliyə böyük dəstək verir.
Mühüm coğrafi məkanda yerləşən qardaş türk ölkələrinin iqtisadi imkanları çox genişdir, zəngin enerji resurslarına sahibdirlər. Eləcə də vacib nəqliyyat yollarına malikdirlər. Bu, onu göstərir ki, türk dövlətlərinin birliyi həm də dünya iqtisadiyyatı üçün xeyli önəmlidir. Odur ki, bu üstünlükləri dəyərləndirərək səyləri birləşdirmək, həmrəyliyi möhkəmləndirmək qardaş ölkələrin ancaq güclənməsinə səbəb olub. Türk Dövlətləri Təşkilatının xüsusən son illərdəki fəaliyyəti bunun üzv dövlətlər üçün ən səmərəli platforma olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, yaxın coğrafiyalarda baş verən gözlənilməz hadisələrin, yaşanan gərginliklərin fonunda ortaya çıxan böhranlardan yalnız birlikdə xilas olmaq mümkündür. Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşünü ölkələrimiz arasında əməkdaşlığın güclənməsi, təşkilatın möhkəmlənməsi baxımından faydalı hesab edirəm. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısı İlham Əliyevi və xalqımızı ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdi. Bu, sarsılmaz qardaş dəstəyinin təzahürü, həmrəyliyin göstəricisidir. Həmçinin gördük ki, dost və qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan bəhs etdi, Türk dünyasında yerini və rolunu vurğuladı. Həqiqətən də, Azərbaycan bütün sahələrdə davamlı və dayanıqlı inkişaf yolu tutaraq əhəmiyyətli ölkələr sırasındadır.
Sahib olduğu potensialdan dövlətimizin və xalqımızın mənafeyi naminə səmərəli şəkildə istifadə edir. Həm də region ölkələrinin iqtisadi inkişafında mühüm rola malikdir, bu istiqamətdə bir sıra vacib layihələr reallaşdırıb, təşəbbüslərlə çıxış edib.
Türk dövlətlərinin birliyi ideyasının mövcud formatı 2006-cı ildə səsləndirilsə, təsisat isə 2009-cu ildə Naxçıvanda formalaşsa da, həmin periodlarda bizim hərəkət imkanlarımız o qədər də geniş deyildi. Lakin Azərbaycan artıq yeni reallıq yaradıb, və özünü beynəlxalq hərbi-siyasi güc kimi tanıdıb, Türkiyə qarşısındakı maneələrini dəf edərək dünyanın parlayan subyektlərindən birinə çevrilib, Orta Asiya isə tamamilə yeni bir simada özünüinkişaf yoluna qədəm qoyub. Yəni, bu gün əminliklə deyə bilərik ki, artıq Türk Birliyindən danışmağın vaxtıdır. Xüsusən Prezident İlham Əliyevin üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artması zərurətindən danışması artıq tamamilə yeni miqyasda proseslərin başlandığını göstərir. Bu mənada, Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü əslində türk tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri