Siyasət

  • 2 163

Ölüm qoxusu saçan minalar - TƏHLİL

image

Mina qurbanlarının sayı 337-yə çatıb

Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə başa çatdıraraq tarixi ədaləti bərpa etdi. Düşməni torpaqlarından qovaraq, diz çökdürdü. Bu müharibədə xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlət başçısı Sərkərdəlik məharəti nümayiş etdirərək Qarabağın Xilaskarı kimi tarixə adını həkk etdi. Bu gün üçrəngli Azərbaycan bayrağının Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanması ölkəmizin gücünün və qüdrətinin təntənəsidir. Erməni vandalları, faşistləri tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizə Azərbaycan bayrağı sancılıb. Bu gün həmin ərazilərin bərpası ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Bu əzəli torpaqlarımızın hər bir abidəsi, hər bir muzeyi, eləcə də yaşayış yerləri, infrastrukturu yenidən qurulur və bərpa olunur. Erməni vandalları 30 il ərzində insanları qətlə yetirib, soyqırımları törətməklə yanaşı, terrorlar da həyata keçiriblər. Faşist ideologiyaya malik ermənilər 30 ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərindəki meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurub. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb". Dövlət başçısı onu da qeyd edib ki, işğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi.

İNSANLIĞA QARŞI YÖNƏLDİLMİŞ BƏLA

Erməni terrorizm insanlığa qarşı yönəldilmiş bəladır və minlərlə insan terrorçuların törətdikləri əməllərin acı nəticələrini yaşamışdırlar. Əlbəttə ki, terrorçunun milliyyəti və sərhədi yoxdur. Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özgə torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar. Müasir dünyamız 200 il ilə müqayisədə ciddi şəkildə dəyişmiş olsa da təssüflər olsun ki, erməni cildi dəyişməyib. Ermənilərin hər bir hərəkəti, ümumilikdə siyasəti məkrlidir. Azərbaycanlılara qarşı baş verən erməni təxribatları vəhşiliyin, vandal davranışın bariz nümunəsidir. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların tarixi kimliyinə söykənir. Vətən müharibəsinə qədər, eləcə də, həmin zamanda erməni terroçuların törətdikləri əməllər dünyanın gözü qarşısında baş verib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfər bütün dünyaya yayıldı və ölkəmizin qısa bir zamandakı hərbi əməliyyatı, taktikası dünya ölkələri tərəfindən böyük maraqla qarşılandı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan "iti qovan kimi" qovaraq məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Artıq Azərbaycan işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb.

MİNALARIN TƏMİZLƏNMƏSİ MALİYƏ İTKİSİ İLƏ YANAŞI, VAXT İTKİSİNƏ DƏ SƏBƏBDİR

Təbii ki, yaxın zamanda bunun reallaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilasıdır. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Azərbaycan Zəfər qazandıqdan sonra bu günə qədər mina qurbanlarının sayı 337-yə çatıb. Bu xəritələri verilməsi işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrini tez bir zamanda reallaşmasına səbəb olar. Dövlət başçısı "Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır".

5944 HEKTAR ƏRAZİDƏ TƏMİZLƏNMƏ İŞLƏRİ APARILIB

Bu gün artıq ərazilərimiz minadan təmizlənir. Cari ilin oktyabr ayında Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 338 piyada, 154 tank əleyhinə mina və 1389 partlamamış hərbi sursat aşkarlanıb. 408 hektar ərazi minadan təmizlənib.

Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad edilən torpaqlarda indiyədək 10 min 200 piyada, 4329 tank əleyhinə mina və 12 min 436 partlamamış hərbi sursat aşkarlanıb. 5944 hektar ərazidə təmizlənmə işləri aparılıb. Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. Onu da qeyd edək ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlanıb.

Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir. Azərbaycanın dinamik inkişafı tezliklə işğaldan azad olunan ərazilərimizin bərpasına imkan verəcək və illərdir vətən həsrəti ilə yaşamış insanlar əzəli torpaqlarımıza qaydacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər