2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlanan İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi. Həmin gündən etibarən Azərbaycan ordusu gecə-gündüz demədən, soyuq hava demədən vətənin hər bir qarış torpağı üçün canından keçməyə bir an belə tərəddüt etmədi. İşğal altında olan torpaqlarımız, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz, strateji əhəmiyyətə malik olan yüksəkliklərimiz ard-arda mənfur düşmən tapdağından azad oldu, üç rəngli bayrağımız Qarabağ səmasında dalğalanmağa başladı. İllər sonra Azərbaycan xalqı öz haq səsini bütün dünyaya çatdırdı.
Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən Azərbaycan Ordusunun nəzarəti altına keçməsi hərb meydanında qazandığımız böyük uğurların siyasi müstəvidə davamı idi. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Sonrakı proseslər və bu ilin sentyabrında birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın Dövlət Bayrağını səmalara ucaltdı.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan eyni zamanda güclü ordu yaradırdı. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının əsas amalı işğal faktına son qoyaraq suverenliyimizi tam bərpa etmək idi ki, buna da nail oldu.
Müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşmiş və uzun illər müharibə vəziyyətində yaşamış Azərbaycanda ordu quruculuğu məsələlərində hərbi sənayenin inkişafı əvvəlcədən düşünülmüş hərbi-siyasi strategiya idi. Hələ SSRİ dövründən Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda hərbi-sənaye kompleksinin əsası qoyulmuşdur. İkinci Qarabağ müharibəsində Azərbaycan digər ölkələrdən alınmış hərbi texnikalarla yanaşı, öz istehsalı olan silah-sursatlardan da istifadə etmişdir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirmişdir. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla aparılan ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlıq tərəfdaş dövlətlərin sayının artmasına səbəb olmuşdur.
Ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti hələ Çar Rusiyası zamanından bu günə kimi davam edir. 1918-1920-ci illərdə İrəvanda, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalıb, Əhaliyə onlarla işgəncələr verilib. SSRİ-nin mövcudluğu dövründə isə Ermənistanın Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddiaları başlayıb. 1988-ci ildə 250 000 azərbaycanlı öz doğma yurdundan qovulub. Doxsanıncı illərin əvvəllərində Azərbaycana qarşı başlayan genişmiqyaslı müharibə 1994-cü ilin mayında atəşkəs əldə olunana qədər davam edib. Bu müddət ərzində Azərbaycanın əzəli torpaqları, o cümlədən Qarabağ, ona bitişik yeddi rayon Ermənistan tərəfindən işğal olundu. Cinayətkar, talançı və işğalçı ermənilər 30 il ərzində əzəli ata-baba torpaqlarımızı işğal altında saxlayıb.
Artıq tarixə qovuşmuş Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-nin Minsk qrupu heç bir əməli fəaliyyət nümayiş etdirməyib. Minsk qrupunun həmsədr ölkələrinin riyakarlığı, ikili standartlar siyasəti Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük növbəti Qarabağ müharibəsini qaçılmaz etdi. Münaqişənin həlli yolunda BMT tərəfindən Azərbaycanın xeyrinə qəbul edilmiş 4 qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün qətiyyətli addımlar atılmamış, hər hansı ciddi təzyiq göstərməmişdir. Ermənistan tərəfinin hər cür çirkin təxribat və əməllərinə səbr və qətiyyətlə cavab vermiş, böyük səbr və diplomatik şücaət nümayiş etdirmiş Azərbaycan isə hər zaman sülhə can atmışdır. Qaçılmaz müharibədə qalib gələn Azərbaycan öz əzəli torpaqlarını öz qanı-canı bahasına azad etdi. Beləliklə, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra etdi, Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi. İki yüz illik işğal tarixi Qələbə təqvimi ilə əvəzləndi. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Bu zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri