6 noyabr 2023-cü il tarixdə YAP Samux rayon təşkilatında Vətən müharibəsi qazilərinin, vətən müharibəsi iştirakçılarının və gənc partiya fəallarının iştirakı ilə möhtəşəm qələbəmizin üçüncü ildönümünə həsr edilmiş “Qələbəmizin memarı: Müzəffər Ali Baş Komandan İlham Əliyev” mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Samux rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışaraq, qeyd etdi ki, bu gün müstəqil ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayır. Bu gün rəşadətli Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin üçüncü ildönümüdür. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezident İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim olub və bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Beləliklə, respublikamızın ərazi bütövlüyü bərpa olunub və şəhidlərimizin qisası alınıb.
Daha sonra tədbirdə iştirak edən fəal partiya üzvlərindən Rasim İmamquluyev, Təhminə Əliyeva, Vidadi İsayev, Aytən Məmmədova, Nuranə Həsənova, Gülsəba Abbasova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən üzərində qazandığı möhtəşəm qələbədən danışdılar.
Natiqlər, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirdilər. Vətən müharibəsində Azərbaycan xalqının öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırdılar.