Torpaq, uğrunda ölən varsa Vətəndir! Azərbaycan xalqının igid övladları 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdi ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! İndi geri dönüb baxdıqda anlayırıq ki, bizi Qarabağdan ayrı salan hər gün, əslində şanlı Zəfərə yaxınlaşdırırmış. Bu gün Azərbaycan xalqı Zəfər Gününü qeyd edir, bu şanlı tarixi bizə yaşadanlara dərin hörmət və ehtiram göstərərək...
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi. Prezidentimiz 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edildiyi kimi, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsindəki bu misilsiz Qələbə əbədiləşdirildi. İndi Azərbaycan tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava limanları tikilir, məscidlər, muzeylər bərpa edilir, dəmir yolları, tunellər çəkilir. Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Küçə və prospektlər, meydanlar, eyvanlar üçrəngli bayrağımızla bəzənib. 8 Noyabr - Zəfər Günü münasibətilə bu günlərdə bir sıra kütləvi tədbirlər təşkil olunacaq. Paytaxtımızda, eləcədə Azərbaycanın bütün şəhər və rayonlarında Qələbə yürüşü keçiriləcək, məscidlərimizdə namaz qılınacaq, şəhidlərimizin ruhuna dualar oxunacaq.
Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!
Elşən SƏFƏROV,
YAP Ağcabədi rayon təşkilatının məsul əməkdaşı