Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağına sahib çıxdı. Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil.
O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir.
Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri