PDF Oxu

Siyasət

  • 3 370

Bayraq dövlət müstəqilliyinin rəmzidir ŞƏRH

Bayraq dövlət müstəqilliyinin rəmzidir ŞƏRH

Azərbaycan Respublikasının Dövlət Bayrağı bizim milli dəyərlərimizi özündə inamla əks etdirir. Dövlətçiliyin ən önəmli atributlarından biri olan bayraqların ən qədim dövrlərdən hərbi işdə və dövlət tədbirlərində siyasi, mənəvi və praktiki əhəmiyyəti böyükdür. Azərbaycan xalqının milli düşüncəsində əsrlərə söykənən dövlətçilik tarixini yaşadan bayraqlarımız tariximizin ən dəyərli eksponatları sırasında yer tutur. Qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olan dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq ideallarının simvoludur. Azərbaycan bayrağı xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır.

Şanlı bayrağımızın dövlət rəmzlərindən biri kimi ucaldılaraq, müqəddəs tutulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Yaxın Şərqdə, islam aləmində və türk xalqları arasında ilk dəfə bəşəri və milli əsaslara istinad edən müstəqil demokratik dövlətin qurulması xalqımızın milli azadlıq, milli istiqlal naminə apardığı mübarizəsinin misilsiz qələbəsidir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin- bayraq, gerb və himnin hazırlanması istiqamətində tədbirlər həyata keçirildi. Milli hökumətin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı kimi təsdiq edildi. 1918-ci il noyabr ayının 9-da bu bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət Dövlət Bayrağı ilə əvəz edildi. Dövlət Bayrağımızın bu üç rəngi Türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təcəssüm etdirirdi.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bu bayraqdan imtina edildi. O vaxtdan başlayaraq üçrəngli bayrağımızın yenidən səmada dalğalanması üçün Azərbaycan xalqı mübarizə aparmış, bayraq yolunda qan axıtmağı həyatlarının mənası saymışlar. Bu savaş 1988-ci il 17 noyabr Dirçəliş Günündən, 1990-cı il 20 Yanvar faciəsindən, 1992-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş Xocalı soyqırımından keçən uzun bir yol gəlmişdir.

Üçrəngli istiqlal bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikası Ali Məclisi qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Ali Məclisi həmin vəsadət əsasında “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” qanun qəbul etmişdir. Həmin qanunla üçrəngli istiqlal bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmiş müstəqillik rəmzi kimi dalğalanmağa başlamışdır. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.

Həmin tarixdən Azərbaycanın dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərimizin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə bə idman yarışlarında qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir.

Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".

Ümummilli liderimiz Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini hər sahədə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət Bayrağı qarşısındı diz çökərək onu öpən ölkə rəhbəri İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə və onun rəmzlərinə, atributlarına olan böyük sevgi, ehtiram və sədaqət nümayiş etdirir.

Dövlətimizin başçısı 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanı yaradılması barədə, 2009-cu il noyabrın 17-də Dövlət bayrağı Günününün təsis edilməsi barədə sərəncamlar imzalamışdır. 2010-cu ildən başlayaraq noyabrın 9-u hər il ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni, ölkənin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Dövlətimizin başçısının təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.

Ölkə Prezidenti İlham Əliyev cənabları Bakıda Dövlət Bayrağı Meydanınım açılışındakı nitqində demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azırbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır.” Bəli, bu gün artıq Azərbaycan xalqı bu şərəfli tarixin şahididir. İki ay öncə bütün dünyaya səs salmış qısa müddətli lokal xarakterli antitteror əməliyyatı nəticəsində Qarabağdan bütün qanunsuz erməni hərbi dəstələri çıxarıldı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycan bayrağı artıq Şuşa, Xankəndi, Xocalı, Agdərə və Xocavənddə dalğalanır. Bu tarixi nailiyyət, Ulu Öndərin ruhu qarşısında ən böyük xidmətdir və bu xidmətin müəllifi də cənab Prezident İlham Əliyevdir. Bütün bunlar Azərbaycan tarixində misli görünməmiş nailiyyətlərdir və bu tarixi nailiyyətlərin memarı cənab İlham Əliyevdir! olunub!

Şanlı üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mınsubiyyətinin, tarixinin rəmzidir. Bugün Azərbaycan vətəndaşları üşrəngli, ay-ulduzlu bayrağımıza dərin ehtiram göstərir, onun şərəfini uca tutmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər.

Məmmədli Günay

YAP Yasmal rayonu “Azərsu” ASC üzrə ərazi Partiya Təşkilatının sədri

Digər xəbərlər