“2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiya aktı idi. Bu Bəyanat 30 ilə yaxın davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu, hərbi texnikası tam məhv edildi. Üçtərəfli Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Üçtərəfli Bəyanat status-kvonu dəyişdi: "İmzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlandı. İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bu tarixi Bəyənat erməni miflərinə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Prezidentimizin də qeyd etdiyi kimi, Ermənistan İkinci Qarabağ müharibəsindən dərhal sonra o qədər qorxu içində idi ki, bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytardı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Azərbaycanla Ermənistan arasında müharibəni başa çatdıran 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından üç il ötür. Üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək".