Böyük mütəfəkkirlərdən olmuş Mark Avreli yazırdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər. Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər. Azərbaycan xalqı tarixən arzularında yaşatdığı güclü, müdrik və ədalətli rəhbər idealını ötən əsrin sonlarında – Ümummilli liderin parlaq şəxsiyyətində tapmışdır. Müxtəlif peşə adamları Ulu öndəri özünün müəllimi, çalışdığı sahənin mahir bilicisi hesab edirlər-siyasətçilər onu əvəzolunmaz siyasətçi, tarixçilər tanınmış tarixçi kimi qəbul edir, memarlar isə iddia edirlər ki, o zövqlü memar, qurucu insan idi, alimlər isə onun ümumiyyətlə yaradıcı şəxs olduğunda israr edirlər. Xalqımız Ümummilli lideri qəlbində daim yaşadır, onu sonsuz ehtiramla yad edir, respublikamızın hərtərəfli tərəqqisi üçün göstərdiyi xidmətləri unutmur, böyük öndərin ideyalarına sadiq qaldığını bildirirlər.
Ümummilli lider dövlətimizin milli sərvəti olan Yeni konstitusiya ilə xalqımıza əvəzsiz xəzinə bəxş etdi. Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmış Ulu öndər Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Dahi şəxsiyyətin zəkasının məhsulu olan Azərbaycanın Konstitusiyası demokratik, hüquqi dövlət quruculuğunun təminatçısıdır, xalqımızın, respublikamızın tarixində ilk, tamamilə sərbəst, müstəqil şəkildə, Azərbaycan xalqının iradəsini ifadə edərək, heç bir mərkəzdən idarə olunmadan, konstitusiya komissiyasının və konstitusiya layihəsi hazırlanmasında iştirak edən geniş miqyaslı vətəndaşların əməyinin nəticəsində yaranmış, BMT-nin üzvü olan, dünya birliyində bərabərhüquqlu yerini tutmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır. Konstitusiyada dünya konstitusiya təcrübəsindən çox istifadə olunsa da o eyni zamanda Azərbaycanın tarixi ənənələrini, xüsusiyyətlərini, ümumiyyətlə, Azərbaycanın bu gününü, gələcəyini təmin etmək üçün öz məzmun və mənasına görə tam demokratik prinsipləri özündə əks etdirən, eyni zamanda bu heç bir başqa dövlətin konstitusiyasına bənzəməyən bir konstitusiyadır. Ümummilli liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən və 1995-ci il noyabrın 27-də qüvvəyə minmiş Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay yaşamış AXC dövlətin əsas qanununu qəbul edə bilməmişdir. İlk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilmişdir. O zaman Azərbaycan ZSFSR-nin tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdir. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu Ulu öndərin iştirakı ilə həyata keçirilmişdir-bu sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi, Ümummilli liderin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. Yeni Konstitusiyada Azərbaycan dilinin dövlət dili elan olunması haqqında 73-cü maddə qəbul olundu - o vaxtlar Sovet ideologiyası insanların yeni tarixi birliyi olan Sovet xalqının yaranmasını bəyan etmişdir. Bununla əlaqədar SSRİ məkanında rus dili hökmran dil kimi təbliğ edilirdi. Belə bir şəraitdə, yalnız Heydər Əliyevin yenilməz iradəsi sayəsində 73-cü maddənin qəbulu mümkün olmuşdur. Əvvəlki konstitusiyalarda DQMV-nə ayrıca fəsil həsr olunmuş, onun hüquqi statusu şişirdilmişdir-bu konstitusiyada isə Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisinə salınmış, yəni ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdır.
Azərbaycanın çağdaş tarixini Ümummilli liderin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında Ulu öndərin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir. Hamı yaxşı bilir ki, Heydər Əliyevə məxsus dahilik keyfiyyətləri olmasaydı, həmin maneələr aradan qalxmaz, həyatımızın indiki gerçəkliyi olmazdı. Ulu öndər böyük siyasətçi, böyük azərbaycanlı, yaradıcı, qurucu insan, xalqının şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun titanik siyasi fəaliyyəti dünya siyasətçilərinə bir örnək idi-məhz buna görə də Heydər Əliyev fenomeni həmişə diqqət çəkmişdir. Ümummilli lider müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. Yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Ulu öndərin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. 1995-ci ilin mayında Ulu öndərin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi, noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir-konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Konstitusiya dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir, Ali hüququ qüvvəyə, digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə, qanunvericilik üçün əsas rolunu oynayır, dəyişilməsinin xüsusi qaydalarına malikdir. Konstitusiya ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycanın bütün ərazisində tətbiq olunur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir: *Birinci bölmə. Ümumi müddəalar, *I fəsil. Xalq hakimiyyəti. *II fəsil. Dövlətin əsasları. *İkinci bölmə. Əsas hüquqlar, azadlıqlar və vəzifələr, *III fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları. *IV fəsil. Vətəndaşların əsas vəzifələri. *Üçüncü bölmə. Dövlət hakimiyyəti; *V fəsil. Qanunvericilik hakimiyyəti. *VI fəsil. İcra hakimiyyəti. *VII fəsil. Məhkəmə hakimiyyəti. *VIII fəsil. Naxçıvan Muxtar Respublikası. *Dördüncü bölmə. Yerli Ozünüidarəetmə; *IX fəsil. Bələdiyyələr. *Beşinci bölmə. Hüquq və qanun; *X fəsil. Qanunvericilik sistemi. *XI fəsil. Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər. *XII fəsil. Azərbaycan Respublikasının konstitusiyasına əlavələr. Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi-ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Dövlətin əsas qanunu kimi konstitusiya anlayışı latın dilində olan “constitucio” sözündən olub hərfi mənası “quruluş”, “təsisat”, “qurmaq”, “təsis etmək” deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Konstitusiyasında “Əsas Prinsiplər”, Fransa Konstitusiyasında “Suverenlik haqqında”, Türkiyə Konstitusiyasında “Ümumi Əsaslar” və s. Azərbaycan Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə “Ümumi müddəalar” adı altında təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən bu Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi - demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. 1993 - cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998 - ci il fevralın 10 - da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla, humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsidir. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir.
Ümummilli liderin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik sayəsində 1995 - ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan indiyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları minlərlə şəxsə tətbiq edilmişdir. Ulu öndər hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə 1998-ci il fevralın 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. İnsan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası həmin sənədlə müəyyən edildi və ümumdövlət səviyyəsinə qaldırıldı. Bunun ardınca təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu fundamental sənədlərin fəlsəfəsi ondan ibarətdir ki, hər bir şəxs Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olsun. Belə ki, Konstitusiyada bəyan edilmiş hüquqların həyata keçirilməsi üçün bir sıra mühüm qanunlar qəbul olunmuş və çevik hüquqi mexanizmlər müəyyənləşdirilmişdir-“Kütləvi informasiya vasitələri haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” və digər qanunları misal göstərmək olar. Ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının parlaq təzahürlərindən biri də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanunun qəbul edilməsi oldu. Belə bir hüquqi təsisatın yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaratdı.Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunmuşdur. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edildi. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxalarınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Ümummilli lideri müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli lider vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır-bu yanaşmanın nəticəsidir ki, onun yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ulu öndər dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə, ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarının hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir. Ulu öndər həm Konstitusiyanın, həm də azərbaycançılıq ideologiyasının əsasına bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını qoyurdu. Həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində dövlətçilik maraqları - güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır.
Konstitusiyada və azərbaycançılıq ideologiyasında irəli sürülən digər əsas tələb (norma) ümumazərbaycançılıq (ümumvətəndaşlıq) ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Milli-ideoloji baxışlar sisteminin formalaşmasında dahi şəxsiyyət həm tarixilik prinsipini, həm də varislik ənənələrini qoruyub saxladı. Ulu öndər Azərbaycanın XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış milli-vətənpərvər və maarifçi-demokrat ziyalılarının, AXC qurucularının birləşdirici ideya kimi irəli sürdükləri azərbaycançılıq ideologiyasına müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı. Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə - millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilmişdir.Ulu öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Ümummilli liderin siyasi xəttinin əsasını təşkil etmişdir. Azərbaycan dövləti müstəqilliyin əldə edilməsi ilə paralel şəkildə, tarixdə ilk dəfə olaraq milli dövlət, müstəqil siyasi dövlət, demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur. Bu mərhələləri daha sürətlə və qətiyyətlə keçməyə müvəffəq olan, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq qalan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan bu gün insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan əsl müstəqilliyini əldə etməklə yanaşı, insan hüquqlarının təmini, inkişaf etdirilməsi, qorunması sahəsində mühüm nailiyyətlərə imza atdı-məhz Ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdə hüquqi dövlət quruculuğuna başlandı, söz, fikir və mətbuat azadlığı etibarlı şəkildə təmin edildi, insanların sərbəst toplaşmasına, öz fikirlərini azad ifadə etmələrinə şərait yaradıldı, digər demokratik prinsiplərin cəmiyyətdə təşəkkül tapması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, bu sahədə demokratik prinsiplərə tam cavab verən qanunvericilik bazası yaradıldı. Həyatın hansı istiqamətinə rəhbərlik edirdisə, qısa müddətdə o sahənin adı ön sıralarda çəkilirdi. Bu, böyük öndərin təşkilatçılıq qabiliyyətinin, dərin zəkasının sayəsində olurdu. Dahi şəxsiyyət bütün varlığı ilə haqqın və ədalətin carçısı, düzgünlüyün tərəfdarı idi. Dürüstlük, insanların haqqını müdafiə etmək, humanizm kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər obrazının qabarıq görünən cizgiləri idi. Ulu öndərin dövlətçilik fəaliyyəti miqyas etibarilə çox geniş olduğundan, əslində, bu fəaliyyəti istənilən halda tam əhatə etmək qeyri - mümkündür. Bu baxımdan konkret olaraq Ümummilli liderin Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təminatçısı kimi qəbul olunmuş fikrini əsaslandırmaq məqsədilə tarixi əhəmiyyət kəsb edən bəzi mühüm faktları bir daha sadalamaq və təhlil etmək yerinə düşərdi. İlk növbədə qeyd edilməlidir ki, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi Ümummilli liderin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Demokratiya və insan hüquqlarına sadiq olduğunu daim bəyan edən Ulu öndərin Azərbaycan vətəndaşlarının hüquqlarının bərpa edilməsi sahəsindəki siyasəti gələcək nəsillərin yaddaşına ədalətin bərpası kimi həkk olunacaqdır. Müstəqillik əldə edildikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. Ümummilli liderin həyata keçirdiyi siyasət sayəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhvali - ruhiyyəsinə son qoyuldu, vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ qazandılar-bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazıldı. Böyük öndər əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqqın və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır.
1994-cü ilin iyul ayında Milli Məclisin iclasında Ulu öndərin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərarı da bu zərurətdən yaranmışdır-dahi lider Konstitusiya layihəsinin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdır. Ulu öndər müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür. Nəticədə Konstitusiyada bir sıra normaları və beynəlxalq öhdəlikləri qabaqlayan əsas hüquqlar və azadlıqlar təsbit olundu, Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqləndi. Ümummilli liderin qəbul etdiyi Konstitusiyada insan hüquq və azadlıqlarının mahiyyətinin təsbit olunması onun ən dəyərli cəhətlərindən idi. Ümummilli liderin söylədiyi – “Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir”- fikri, zənnimizcə, bu ali hüquqi sənədin dövlət və cəmiyyətdəki roluna verilən ən mühüm qiymətdir.Konstitusiyada əksini tapmış mühüm müddəalardan biri də xalqın hüquq və mənafeləri ilə bağlı bütün məsələlərin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır: 3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər. Konstitusiyanın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin-Konstitusiyasının xüsusiyyətlərindən biri də həmin dövrədək ölkəmizdə məhkəmə sistemi üçün səciyyəvi olmayan yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq konstitusiya nəzarəti orqanı - Konstitusiya Məhkəməsinin təsis edilməsi olmuşdur.Ümummilli liderin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edən mühüm məqamlardan biri də qanunun aliliyinin idarəetmə sisteminin əsas prinsiplərindən biri kimi təsbit edilməsi idi. Ulu öndər müdrik rəhbər olaraq hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail oldu. Paralel olaraq Azərbaycanda qanunçuluğun inkişafına baza yaradan addımların atılması isə yeni, müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərinin formalaşdırılması məqsədindən irəli gəlirdi. Azərbaycan müstəqil dövlətə çevrilmişdir və mükəmməl hüquqi bazaya söykənən idarəetmə sisteminin formalaşdırılması zəruri idi. Bu baxımdan 1993 - cü ildən sonra Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsini, ölkədə qanunçuluğun doğma kimi qəbul olunmasını təmin etdi. Yeni Konstitusiyanın qəbulundan sonrakı mərhələdə Ulu öndərin iradəsi ilə qəbul olunan saysız-hesabsız törəmə qanunların da kökündə məhz insan şəxsiyyətinə hörmət amili dayanırdı. Respublikada əfvetmə institutunun bərpası, ölüm cəzası üzərində moratoriumun qoyulması, 1998 - ci ildə bu cəzanın birdəfəlik ləğvi, insan hüquqları üzrə müvəkkil institutunun (ombudsman) yaradılması, hüquq-mühafizə, ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması, məhkəmələrin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə test üsulu ilə seçkilərin keçirilməsi – bütün bunlar məhz dahi insanın qətiyyətli addımları sayəsində gerçəkliyə çevrildi.Ulu öndər Konstitusiyanın yaranmasında tarixi keçmişimizlə yanaşı, həm də dünyanın demokratik dövlətlərinin demokratik və hüquqi prinsiplərinə diqqət etməyi və yeri gələndə bunlardan istifadə etməyi təkidlə bildirirdi. Konstitusiya – Əsas Qanun ölkədə, respublikada sabitliyi təmin etməklə yanaşı, həm də etik normalara riayət etməli və bütün situasiyalarda bu normaların aliliyini qorumalıdır. Hər bir insan Konstitusiya və qanunlara əməl etməli, ondan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməli, həmçinin demokratik prinsipləri qorumalı və insan haqlarının yerinə yetirilməsində fəal iştirak etməlidir. Azərbaycanlı olan hər bir vətəndaş cinsindən, yaşından, milli mənsubiyyətindən, tutduğu mövqeyindən, elmi səviyyəsindən və dərəcəsindən asılı olmayaraq bütün bu vəzifələri özünə borc bilməli, vətəndaşı olduğu ölkənin inkişafı, gələcəyi naminə çalışmalı və dövlət tərəfindən irəli gələn bütün vəzifələri layiqincə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.Ulu öndər Konstitusiyada təsbit olunmuş müddəaları əsas gətirərək demokratik hüquqi dövlətin yaradılmasına və insanların hüquqlarının qorunmasına diqqəti yönəltmişdir-o müstəqil dövlətin inkişafını əbədi hesab etməklə yanaşı, həm də demokratiya yolu ilə irəliləyişinin dönməz olduğunu bildirir. Konstitusiyanın maddələrinin 48-i insan, vətəndaş azadlıqlarına, hüquqlarına, ümumi mətnin üçdə bir hissəsi məhz insan, vətəndaş hüquqlarına, azadlıqlarına həsr edilmişdir. Bu da onu sübut edir ki, bu konstitusiya Azərbaycan vətəndaşlarının azad, sərbəst yaşaması üçün bütün şəraitləri yaradan bir konstitusiyadır. Bu konstitusiyada Azərbaycanın həm dövlət quruculuğu, həm respublikamızın iqtisadiyyatının qurulmasının əsas prinsipləri, hakimiyyətin bölgüsü: qanunvericilik, icra hakimiyyəti, məhkəmə hakimiyyətinin səlahiyyətləri və onların müstəqilliyi, qarşılıqlı fəaliyyəti öz əksini tapmışdır. Bu konstitusiya Azərbaycanın tam müstəqilliyini, ölkəmizin ərazi bütövlüyünü, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir.Ulu öndər xalqımızın dahi övladları sırasında ən yüksək zirvədə dayanır. O müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan millətin öndəri olmaq, dövlətçilik ənənələrini yaşatmaq, güclü və qüdrətli bir dövlətin möhkəm təməlini yaratmaq kimi, müqəddəs bir missiyanı şərəflə yerinə yetirmişdir. Müstəqil dövlətimizin əldə etdiyi bütün diqqətəlayiq nailiyyətlər Ümummilli liderin milli inkişaf strategiyasına əsaslanır. Məhz bu strategiya ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməl prinsiplərini özündə ehtiva etməklə, həm də cəmiyyətdə birliyin və həmrəyliyin, elm, təhsil və mədəniyyət sahəsində tərəqqinin təmin olunmasına imkan vermişdir. Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi olan Ulu öndər bu konseptual sənəddə dövlət quruculuğunun demokratik prinsiplərinin təsbit edilməsinə nail olmaqla ölkəmizin bəşəri dəyərlərə sadiqliyini sübuta yetirmişdir. Demokratik hüquqi dövlətin bütün prinsiplərinin - qanunun aliliyinin, insan hüquqlarının müdafiəsinin, hakimiyyət bölgüsünün, Konstitusiya nəzarəti prinsiplərinin təsbitinin, insan haqlarının təminin dövlətin ali məqsədi olduğunu elan edən Ulu öndərin Konstitusiyası, həqiqətən də mükəmməl hüquqi sənəddir.
Ümummilli lideri Azərbaycan və dünya tarixində silinməz iz qoymuş şəxsiyyətlərdəndir. İstənilən liderin dahiliyi, böyüklüyü yaşadığı dövrdə gördüyü işlərin əhəmiyyəti həmçinin bu fəaliyyətin gələcəyə təsiri ilə müəyyən edilir. Bütün varlığı ilə öz doğma Vətəninə və xalqına bağlı olan dünyaşöhrətli siyasətçi adını əbədi olaraq müasir tariximizə həkk etmiş, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi yaratmışdır. Müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi Ulu öndərin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindəndir. Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən Ümummilli lider bununla bağlı yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. Müstəqil dövlətin ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının olması ilə səciyyələnir. Müəllifi Ulu öndər olan Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır.Ümummilli liderin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır-o respublikamızda mətbuata dövlət qayğısını, kütləvi informasiya vasitələrinin inkişafını, fikir, söz və məlumat azadlığının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edərək sərbəst informasiya fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırdı-bu təşəbbüs ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsinə, hüquqi və etik normaların gözlənilməsinə və qanunlara uyğun mexanizmin yaradılmasına yönəldilmişdir. Ümummilli liderin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq mövqeyini möhkəmləndirmişdir-onun xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi.Müstəqil dövlətçiliyimizin banisi, müasir müstəqil Azərbaycanın memarı, böyük öndərin siyasi müdrikliyi və beynəlxalq nüfuzu olmadan hər hansı uğur əldə etmək mümkünsüz idi. Həmin illərdə hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir.Ümummilli lider vicdan və azadlıqların təmin edilməsini, tolerantlıq mühitinin yaradılmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı. Bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən Azərbaycanın dünyəvi və demokratik dövlət imicinin formalaşmasında Ulu öndərin xidmətləri əvəzsizdir. Bu dahi şəxsiyyətin rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının təmin edilməsi yolunda mühüm işlər görülməsi ilə yanaşı, digər istiqamətlərdə də möhtəşəm nailiyyətlər qazanılmışdır. Möhkəm maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik güclü ordunun formalaşması mahir sərkərdə kimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq istiqamətlərindəndir. Ən müxtəlif zümrələri əhatə edən, eyni zamanda siyasi müstəvidə baxışlarına görə həmfikir olan vətəndaşların vahid ideologiya ətrafında və mükəmməl konsepsiya əsasında təsisatlanaraq birgə fəaliyyətinin təmin edilməsi Ümummilli liderin siyasi qüdrətini özündə ehtiva edən ən mühüm keyfiyyətlərdən biri sayılır.
Bu gün Azərbaycan qalib ölkə kimi nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Şanlı və tarixi qələbəyə gedən olduqca çətin və mürəkkəb yolun əsası Ulu öndər tərəfindən qoyulmuşdur. Ümummilli liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə nail olmaq idi. Ümummilli liderin bu arzusunu və vəsiyyətini Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.Cənab İlham Əliyevin fəaliyyətinin ən mühüm göstəricisi odur ki, o, Heydər Əliyevin əsasını qoyduğu tərəqqini, əldə edilən nailiyyətləri təkcə qoruyub saxlamadı, həm də onların miqyasını genişləndirdi, inkişaf dinamikasını qa-qat artırdı. Böyük çətinliklə qazanılan ictimai sabitlik toxunulmaz qaldı, sosial-iqtisadi yüksəliş, mütərəqqi siyasi dəyişikliklər, hüquqi və demokratik yönümlü islahatlar uğurla davam etdirildi, demokratik prinsiplər və insan hüquqlarının prioritetliyi təmin olundu, xalqın sabaha inamı, dövlətə və rəhbərə etimadı daha da artdı. Ölkədə siyasi münasibətlərin sağlamlaşdırılması istiqamətində atılan konkret addımlar öz bəhrəsini verdi, milli birlik, vətəndaş həmrəyliyi möhkəmləndi, yüzlərlə insan Prezidentin ali mərhəməti nəticəsində əfv olunub cəmiyyətdə yenidən özünü təsdiq etmək imkanı əldə etdi. Milli-mədəni intibah yeni yüksəliş dövrünə qədəm qoydu, azərbaycançılıq ideologiyası ətrafında mənəvi səfərbərlik təmin olundu. Müstəqil Azərbaycan dövlətçiliyinin yaradılmasının və inkişafının haqlı olaraq Heydər Əliyev epoxası adlandırıla bilən bu dövrü tarixi sərvət və olduqca qiymətli bir irsdir. Xalqımız bu sərvəti, bu irsi qoruyub saxlamalı, inkişaf etdirməli və nəsildən nəslə çatdırmalıdır.
Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti