PDF Oxu

Siyasət

  • 1 796

Azərbaycan islam dünyasının aparıcı dövlətidir TƏHLİL

Azərbaycan islam dünyasının aparıcı dövlətidir TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycanda istehsal ediləcək bərpaolunan
enerji 10 qiqavata çatacaq"



Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, dünyanın nüfuzlu təşkilatlarının ölkəmizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Bu gün Azərbaycan bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınır. Sabitlik adası kimi tanınan Azərbaycan inamlı inkişafını davam etdirir, ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. Dünyanın ən mötəbər tədbirləri üçün Azərbaycan əlverişli məkana çevrilib.
Son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni perspektivlər açılmaqdadır. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatıb. Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildiriyi kimi, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir:"Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram".

AZƏRBAYCAN GƏLƏCƏK İNKİŞAF STRATEGİYASINI DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN OLARAQ MÜƏYYƏNLƏŞDİRİB


İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak etdiyini bildirən Cənab Prezident ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini bildirib: "Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. İqtisadi cəhətdən qüdrətli dövlətə çevrilən ölkəmizin coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri, eləcə də əlverişli biznes mühiti dünya ölkələri ilə qarşılıqlı etimad əsasında əməkdaşlığın qurulmasında mühüm amillər sırasındadır. İki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik".
Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulduğunu diqqətə çəkən Cənab Prezident bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşdüyünü bildirib. Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsini məmnuniyyətlə qeyd edən dövlətimizin başçısı bildirib: "Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir".
Azərbaycanın yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcəyini bildirən dövlət başçımız dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacağının qeyd edib. Bu ilin oktyabr ayında Azərbaycanda "Masdar" şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olduğunu iştirakçıların diqqətinə çatdırıb:"Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır".

"AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ HİDROELEKTRİK STANSİYALARIN ÜMUMİ GÜCÜ BİR NEÇƏ İLDƏN SONRA 500 MEQAVAT TƏŞKİL EDƏCƏK"


Vurğulayaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək".
Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.
Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, eləcə də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki, həmin boru kəmərinin uzunluğu isə 3500 kilometrə malikdir. "Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq" – deyə Prezident bildirib.

İŞĞAL DÖVRÜNDƏ ERMƏNİSTAN AZƏRBAYCANIN DOQQUZ ŞƏHƏRİNİ VƏ YÜZLƏRLƏ KƏNDİNİ YER ÜZÜNDƏN SİLİB

Azərbaycan Prezidenti çıxışında Ermənistanın Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxladığını diqqətə çatdıraraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulduğunu, qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çəkib: "2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.
İşğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur".
Siyasi gücə, iradəyə malik Böyük Lider, Azərbaycan Prezidenti İlham Əliyevin Sərkərdəlik məharəti Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni səhifə, salnamə oldu. Ölkəmizdə xalq-iqtidar həmrəyliyi mövcudluğu, güclü ordumuz, milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması da qələbəmizi şərtləndirən amillər sırasındadır. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu erməniyə, eləcə də bütün dünyaya göstərə bildi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Prezident İlham Əliyev qətiyyətini, siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Dövlət başçısının mövqeyi ardıcıl olaraq dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində də özünü büruzə verdi və ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

"BİZ ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ VƏ SUVERENLİYİMİZİ GÜC YOLU İLƏ, BEYNƏLXALQ HÜQUQA VƏ BMT NİZAMNAMƏSİNƏ UYĞUN OLARAQ BƏRPA ETMİŞİK VƏ BUNUNLA QÜRUR DUYURUQ"

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu: "Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq" – deyə Prezident bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur. Dövlət başçımız Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər