Yaxud, Aİ ritorikasını dəyişirsə
Fakt budur ki, Fransadan Ermənistana verilən silahlar Azərbaycana qarşı istifadə edilmək üçün nəzərdə tutulub. Belə ki, Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı aqressiv ritorikanı davam etdirir və eləcə də regionda müharibə gərginliyini saxlayan əsas faktor Qərbin bu bölgədə Ermənistan üzərindən yürütdüyü anti-Rusiya siyasətidir.
Digər tərəfdən isə Qərb Türkiyənin Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində güclənməsindən narahatdır. Beləliklə, Qərb Ermənistanda güclənməklə, yaxud yerini möhkəmlətməklə Cənubi Qafqazda balans yarada biləcəyini düşünür.
Ermənistanın silahlandırılması regionda yeni hərbi toqquşmaya yol aça bilər
Lakin hələ də Rusiyanın bölgədəki forpostu rolunu oynayan Ermənistanın Rusiyanı yarı yolda qoyacağı an məsələsidir. Kimsəyə sirr deyil ki, Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir. Fransa Avropa Birliyini Ermənistana siyasi dəstək verməyə sövq etməklə yanaşı, Ermənistanı silahlandırır. Ermənistanın silahlandırılması regionda yeni hərbi toqquşmaya yol aça bilər. Çünki Ermənistan yeni silahlar aldıqca, revanşizm siyasətini də inkişaf etdirir. Ermənistan beynəlxalq müstəvidə elə bir təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan bu ölkənin cənubunu - Zəngəzuru ələ keçirməyə çalışır. Eyni zamanda, Ermənistanın qondarma iddia və ittihamlarla Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməsi, bu ölkənin sülhdən nə qədər uzaq olduğunu göstərir. Buna görə də Fransadan Ermənistana göndərilən silahlar Azərbaycana qarşı istifadə edilmək üçün verilir.
Avropa İttifaqı və Fransa Cənubi Qafqazda qüvvələr balansını dəyişməyə çalışır
O cümlədən, Ermənistanın sülhdən yayınmasına görə Fransa və ona dəstək verən Aİ məsuliyyət daşıyır. Belə ki, Avropa İttifaqı və Fransa Cənubi Qafqazda qüvvələr balansını dəyişməyə çalışır. Gürcüstanın da Ermənistanın silahlandırılmasına tranzit ölkəyə çevrilməsi Qərbin regionla bağlı təhlükəli siyasətin tərkib hissəsidir. Daha dəqiq desək, Gürcüstanın Aİ-yə tam hüquqlu üzv olması üçün rəsmi Tiflisə şərtlər irəli sürülüb. Ermənistana göndərilən hərbi texnikanın Batum limanı üzərindən göndərilməsi də bunun tərkib hissəsidir.
Söz Bakı və Ankaradadır
Artıq bütün bunlardan sonra gözlənilən addımlar təxminən bu cür ola bilər:
1.Azərbaycan və Türkiyə birgə hərbi bazalar yarada bilərlər. Çünki Fransa və Ermənistanın digər havadarları bölgədə Azərbaycana qarşı yeni oyunlar hazırlayırlar.
2.Avropa İttifaqının Ermənistandakı müşahidəçilərinin sayını artırmaq istəyi Aİ-nin ritorikasının dəyişəcəyinə işarədir.
Və belə olduqdan sonra rəsmi Bakının Ankara ilə birgə hazırlıq səviyyəsinə gələcəkləri, yaxud gəldikləri artıq heç bir şübhə doğurmur. Beləliklə, söz Bakı və Ankaradadır.
Afət Tahirqızı