PDF Oxu

Siyasət

  • 2 046

İƏT Zirvə toplantısı reallıqlarımızın təqdimatında növbəti platforma oldu TƏHLİL

İƏT Zirvə toplantısı reallıqlarımızın təqdimatında növbəti platforma oldu TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir”

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ UĞURLA İNKİŞAF EDİR

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini deyib: «Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram».

Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı bildirib: «Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir».

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI AZƏRBAYCANIN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞININ PRİORİTET İSTİQAMƏTLƏRİNDƏNDİR

Heç şübhəsiz ki, Prezident İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Belə ki, Prezident İlham Əliyevin düşünülmüş, planlı, sistemli, strateji xarici siyasətinin nəticəsi kimi bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə töhfə verir, bəzi zamanlarda isə onlara rəhbərlik edir. 1992-ci ildən Azərbaycanın uğurla əməkdaşlıq etdiyi və aparıcı üzvlərindən olduğu təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO). ECO-nun sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; kənd təsərrüfatı sahəsi; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 komitəsi var. Komitələr ildə bir dəfə bir araya gəlir. Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. İqtisadi Əməkdaşlıq Təşkilatı 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıbdır. Ötən müddətdə Azərbaycan təşkilatın işində öz fəallığı ilə seçilib və təşkilata üzv olan digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Təşkilat üzvlərinə xas mühüm məqamlardan biri də təşkilata üzv dövlətləri ortaq tarixi, iqtisadi və siyasi maraqların birləşdirməsidir.

Azərbaycanın İƏT-in fəaliyyətinə daim öz töhfəsini verməsi, təşkilatın üzvləri ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir. Digər tərəfdən Azərbaycanın 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etməsi ECO nəzdində Azərbaycana olan etimadın göstəricisidir. Bu toplantılarda qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra siyasi, sosial-iqtisadi əlaqələrin əsas istiqamətləri, qarşılıqlı münasibətlərin prioritetləri öz əksini tapmışdır. Həmçinin Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi təsdiqlənməsi Azərbaycana olan etimadın daha bir göstəricisidir. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

PREZİDENT İLHAM ƏLİYEVİN İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 16-CI ZİRVƏ TOPLANTISINDA İŞTİRAK ETMƏSİ AZƏRBAYCANIN TƏŞKİLATIN FƏALİYYƏTİNƏ VERDİYİ ƏHƏMİYYƏTİN DAHA BİR NÜMUNƏSİDİR

Möhtərəm Prezident İlham Əliyevin cari ilin noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı Zirvə toplantısında iştirak etməsi Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi əhəmiyyətin daha bir nümunəsidir. Prezident İlham Əliyevin adıçəkilən toplantıda təşkilatın mühüm fəaliyyət istiqamətlərindən biri olan energetika sahəsi ilə bağlı çıxışında qeyd etdiyi kimi Azərbaycanın günəş və külək enerjisi ilə zəngin bir ölkə kimi ölkənin enerji ehtiyaclarının ödənilməsində bərpa olunan enerji ehtiyatlarına etdiyi və yaxın gələcəkdə, xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə hidroelektrik stansiyalarının istifadəyə verilməsi ilə bağlı planlaşdırdığı yatırımlar həm də İƏT-in işinə və onun qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsinə verdiyi önəmdən irəli gəlir.

Qeyd edək ki, Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı fikirləri dediklərimizi təsdiqləyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisdi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə EVO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

PREZİDENT İLHAM ƏLİYEVİN ZİRVƏ TOPLANTISINDAKI ÇIXIŞI ÖLKƏMİZİN İQTİSADİ UĞURLARININ TƏQDİMATI OLDU

Dövlət başçısı İlham Əliyevin 16-cı Zirvə toplantısındakı çıxışı ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Bildirildi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Bunun sayəsində Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Artıq bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir.

Prezident İlham Əliyev Zirvə toplantısında Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirildiyini önə çəkib. Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu Azərbaycana investisiya axının sürətləndirilməsində öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu, Azərbaycana beynəlxalq səviyyədə inamın və etimadın göstəricisidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin formalaşması ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. 2003-cü ildən etibarən neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın bütün çətinliklərdən uğurla çıxmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikamızda güclü iqtisadi potensial formalaşmışdır. Azərbaycanda bu gün geniş və hərtərəfli infrastrukturun qurulması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da məhz bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısında bu statistik rəqəmi açıqladı ki, ümumiyyətlə, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə mövcud olan münbit və əlverişli sərmayə mühitinin nəticəsidir.

Prezident İlham Əliyev Zirvə toplantısında Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirildiyini önə çəkib. Dövlət başçısı bu rəqəmləri toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatdırılacaq. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar tikilərək istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə ilə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir.

Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında Azərbaycanın əldə etdiyi Zəfərin üçüncü ildönümünün, o cümlədən cari ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa edilməsinin üzv dövlətlər tərəfindən dəstəklənməsi, Prezident İlham Əliyevin etdiyi dərin və məzmunlu çıxışının iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanması xüsusi qürurverici məqamdır.

Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir. Və bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. Doğma Qarabağımızda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdədir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər